Son dövrlər Rusiya Federasiyasında baş verən hadisələr, cəmiyyətin və dövlət strukturlarının ciddi şəkildə radikallaşdığını, multietnik ölkənin milli azlıqlara qarşı dözümsüzlüyə sürükləndiyini göstərir. Xüsusilə miqrantlara, qeyri-ruslara və müsəlman icmalara qarşı aparılan siyasət, bu ölkədə şovinizmin və diskriminasiyanın rəsmi səviyyəyə çatdığını deməyə əsas verir. Azərbaycan da bu cərəyanın hədəfində olan ölkələrdən biridir.
İdarə olunan hadisələr, Yekaterinburq nümunəsi
Yekaterinburqda miqrantlara qarşı həyata keçirilən zorakılıq, şantaj və qanunsuz həbs dalğası Rusiya cəmiyyətindəki gərginliyin yalnız lokal deyil, sistemli və planlı şəkildə təşkil olunduğunu göstərir. Bu, müstəqil hadisə deyil, mərkəzdən idarə olunan siyasi gedişin bir parçasıdır. Dövlət strukturlarının bu məsələyə qarşı fəaliyyətsizliyi və ya birbaşa iştirakı Kremlin qeyri-ruslara münasibətində yeni dönəmin başlandığını göstərir.
Müharibəyə adam lazımdır, miqrantların məcburi səfərbərliyi
Rusiyanın Ukraynada apardığı müharibə təkcə iqtisadi deyil, insan resursları baxımından da tükənməyə doğru gedir. Bunun fonunda rəsmi Moskva yeni resurs axtarışına çıxıb. Təəssüf ki, bu resurs miqrantlardır.
Miqrantlar bəzən törətmədikləri cinayətlərə görə ittiham olunur, narkotik vasitələri daşımaqda suçlanır, hətta ailələri ilə təhdid edilərək müharibəyə getməyə məcbur edilirlər. Onlara maddi kompensasiya, vətəndaşlıq və digər sosial təminatlar vəd olunsa da, əksəriyyət hallarda bu vədlər yerinə yetirilmir. Müharibədən qayıdanlar isə yenidən eyni dövrəyə salınır, yeni şantaj, yeni təzyiq, yeni zorakılıq.
Milli kimliyinə görə cəzalandırılan rusiyalılar
Bu aqibət yalnız miqrantlarla məhdudlaşmır. Rusiya vətəndaşı olan, lakin milli kimliyinə görə fərqlənən qeyri-ruslar, azərbaycanlılar, tatarlar, başqırdlar, çeçenlər də bu təzyiqin hədəfindədirlər. Onların Rusiya Federasiyasının bərabərhüquqlu vətəndaşı olması artıq hüquqi sənəddə yazılmış formal mətnə çevrilib. Reallıqda isə milli, dini və mədəni kimliklərə görə diskriminasiya günbəgün artmaqdadır.
Bastrıkinin etirafları Rusiyanın səsidir
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin verdiyi son açıqlamalar da bu proseslərin dövlət tərəfindən idarə olunduğunun dolayısı ilə etirafıdır. O, miqrantların müharibəyə cəlb olunması ilə bağlı konkret rəqəmlər səsləndirib və bu gedişin “zərurət” olduğunu bildirib. Yəni miqrantların səfərbərliyə cəlb edilməsi artıq qanunsuzluq deyil, siyasətin alətinə çevrilib.
Azərbaycanla gərginlik, təyyarə insidenti
Azərbaycan cəmiyyəti hələ də mülki təyyarəsinin vurulması ilə bağlı Rusiyanın nümayiş etdirdiyi səssizliyi unutmayıb. Bu məsələ təkcə ikitərəfli münasibətlərin sınağa çəkilməsi deyil, eyni zamanda regionda formalaşan təhlükəli tendensiyanın göstəricisidir. Bakı bu məsələdə ədalətli mövqe tələb edir. Cavabdehlərin müəyyən edilməsi, cəza tədbirləri və kompensasiya ödənilməsi. Azərbaycan məsələni beynəlxalq tribunalara daşımağa hazırlaşır və bu proses artıq başlayıb.
Azərbaycanlı deputatın Rusiya ərazisinə buraxılmaması oyunu
Son vaxtlar Azərbaycandan olan rəsmi şəxslərə qarşı da Rusiya tərəfində hörmətsiz yanaşma müşahidə olunur. Həştərxanda keçirilən tədbirə rəsmi şəkildə dəvət olunmuş Azər Badamovun ölkə ərazisinə buraxılmaması bu münasibətin bariz nümunəsidir. Diplomatik qaydaların pozulması, dövlətlərarası etimada xələl gətirən bu addım Rusiya-Azərbaycan münasibətlərində yaranan dərin çatları nümayiş etdirir.
Kiberhücumlar və informasiya savaşı
Milli Məclisin müvafiq komissiyasının hesabatına əsasən, Azərbaycana qarşı son dövrlərdə həyata keçirilən kiberhücumların arxasında Rusiya mənşəli qrupların dayandığı ehtimal olunur. Bu kiberhücumlar informasiya suverenliyinə birbaşa təhdiddir. Azərbaycan bu məsələdə də hüquqi və texnoloji addımlar atır, beynəlxalq platformalarda məsələni gündəmə gətirir.
Müsəlmanlara qarşı artan təzyiqlər və islamofobiya
Rusiyada yaşayan müsəlmanlar təkcə miqrantlar deyil, yerli xalqlar da artıq sistemli təzyiqlərlə üzləşirlər. Müsəlman icmaları izlənir, onların dini azadlıqları məhdudlaşdırılır, ibadət yerləri nəzarət altına alınır. Bu, təkcə mədəni və dini məsələ deyil, dövlətin öz vətəndaşına qarşı münasibətindəki ikili standartların göstəricisidir.
Solovyov kimi ruporlar və anti-Azərbaycan təbliğatı
Kremlə yaxınlığı ilə tanınan teleaparıcı Vladimir Solovyov və onun kimiləri açıq şəkildə anti-Azərbaycan ritorikası ilə çıxış edirlər. Onların platformaları isə dövlət tərəfindən maliyyələşdirilən və geniş yayım imkanlarına malik rəsmi mediadır. Bu çıxışlar təsadüfi deyil, Azərbaycana qarşı sistemli qara piar kampaniyasının bir hissəsidir.
Ukraynada məğlubiyyət, Rusiyanın yeni düşmən axtarışı
Ukrayna ilə müharibədə ciddi problemlərlə qarşılaşan Kreml, daxili ictimai rəyi sakitləşdirmək və yeni “düşmən obrazı” yaratmaq üçün qeyri-rus xalqları və müstəqil siyasət yürüdən qonşuları hədəfə almağa başlayıb. Bu təhlükəli strategiya, təkcə daxili sabitliyə yox, regional təhlükəsizliyə də ciddi təhdiddir.
Cənubi Qafqazda yeni müharibə ssenariləri
Ermənistanda revanşist dairələrin, xüsusilə də Koçaryan və Sarkisyan qruplaşmalarının yenidən fəallaşması, Rusiya ilə əlaqələrinin gücləndirilməsi, onların ritorikasının kəskinləşməsi Cənubi Qafqazda yeni gərginlik ocaqlarının yaradılmasına xidmət edir. Moskvanın bu proseslərə səssiz qalması əslində onların təşviqinə işarə edir.
Azərbaycanın mövqeyi, təzyiqlərə ölçülü, hüquqi və diplomatik cavab
Azərbaycan dövləti bütün bu təzyiqlərə qarşı emosional deyil, ölçülü və hüquqi əsaslı cavab verir. Təyyarə insidenti, informasiya hücumları, diplomatik hörmətsizlik və təbliğat kampaniyaları və s. bunların hər biri rəsmi Bakının diqqətindədir. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz maraqlarını müdafiə edir və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirir.
Qardaşlıq ritorikası ilə düşmənçilik bir yerdə olmur
Rusiyanın “tarixi müttəfiq”, “strateji tərəfdaş” ritorikası, real siyasəti ilə ziddiyyət təşkil edir. Azərbaycanın strateji müstəqilliyi, regionda sülhə yönəlmiş siyasəti, multikultural dəyərləri bu gün təzyiqlə deyil, əməkdaşlıqla qiymətləndirilməlidir.
Və ən gülməlisi odur ki, İsrail İrana hücum edir, az qala Azərbaycan təqsirkar göstərilir.
İsrail Fələstinə hücum edir, yenə də Azərbaycan işarə edilir.
Rusiya Ukrayna çöllərində boğulur, bu dəfə də Azərbaycan günahkar bilinir.
Və ən ciddi olan odur ki, iri dövlətlər Azərbaycanı sayır, onunla hesablaşır, gücləri nəyəsə çatmayanda Azərbaycan vətəndaşlarını qətlə yetirirlər.
Hər bir halda Azərbaycan bu sınaqdan da ləyaqətlə çıxacaq, hüququ, diplomatiyanı və milli maraqlarını əsas götürərək doğru olduğunu sübut edəcək.
Yadınızdadırsa, 44 günlük Zəfərdən sonra Ali Baş Komandanımız bundan sonra daha böyük mübarizələrə hazırlıqlı olmalı olduğumuzu bəyan etmişdi.
Gün o gündür, vaxt o vaxtdır…
Modern Təhlil və Araşdırma Qrupu