EN

Yekaterinburq hadisəsi Rusiyanın milli siyasətinin göstəricisi kimi: “OMON”çuların Azərbaycanda əks-səda yaradan hücumu - ŞƏRH

Yekaterinburqda azərbaycanlılara qarşı heç bir səbəb olmadan əməliyyat keçirilməsi, iki nəfərin öldürülüb, bir çoxunun saxlanılması və işgəncələrə məruz qalması şok bir xəbər kimi yayıldı. Bu hadisə Azərbaycan cəmiyyətində haqlı qəzəblə qarşılandı.
 
Ukrayna bataqlığında çabalamaq, dünyanın yarısından çoxu ilə düşmən olmaq, saysız-hesabsız sanksiyalarla üz-üzə qalmaq Rusiyanın daxilində güc strukturlarının qeyri-adekvat addımlar atmasına səbəb olur.
 
1945-ci ildə faşist Almaniyasının kapitulyasiyası üçün Berlinin sovet qoşunları tərəfindən tutulmasını əldə bayraq edən Rusiya cəmiyyəti son illərdə əsası olmayan “lazım olsa, təkrar edərik” şüarını aktuallaşdırıb. Amma 2022-ci ildə Ukraynaya hücumdan sonra "lazım olsa, təkrar etmək” istəyən “qəhrəmanlar” dezertirlərə çevrildilər. Ukrayna müqavimət təşkil edərək işğalçılara qarşı effektiv mübarizə aparır.
 
Rusiya cəmiyyəti müharibəyə yalnız müqavilə əsasında vuruşmaq istəyənlərin cəlb olunmasını tələb etdi. Rusiyada qismən səfərbərlik elanını isə daha çox bu dövlətlə quru sərhədləri açıq olan ölkələr hiss etdilər. 2008-ci ildə Gürcüstanın sərhədini tanklarla keçənlər 2022-23-cü illərdə öz avtomobilləri ilə həmin sərhəddə dayanıb sığınacaq üçün yalvardılar.
 
150 milyona yaxın əhalisi olan ölkə 50 milyonluq Ukrayna ilə müharibə üçün insan resurslarında qıtlıq hiss etməyə başladı və müharibəyə məhkumları cəlb etdi. “Vaqner” və Evqeni Priqojinin üsyanından sonra isə Rusiya məmurları bu praktikadan əl çəkib üz tutdular ölkəyə gələn miqrantlara. Vətəndaşlığın alınmasını maksimum çətinləşdirən ölkədə miqrantlara müharibədə iştirak müqabilində asanlaşdırılmış vətəndaşlıq prosedurları söz verdilər.
 
 
Heç kimə sirr deyil ki, hazırda "Böyük Rusiya" ideologiyası uğrunda həlak olan onminlərlə insan Orta Asiya respublikaları, Şimali Koreya vətəndaşlarıdır. “Lazım olsa, təkrar edərik” deyənlər isə rahatca divanlarında oturub Romanovlar Rusiyasının sərhədlərinin bərpasından dəm vururlar, miqrantların ikinci dərəcəli insanlar olduğu barədə sosial şəbəkə hesablarında fikirlər paylaşırlar, "velikorus" şovinizminin tezislərini təkrar edirlər.
 
Ən acınacaqlısı isə bu təfəkkürün ayrı-ayrı vətəndaşlar arasında deyil, hakimiyyət strukturlarından, yüksək vəzifə sahiblərindən qaynaqlanmasıdır.
 
Rusiyanın İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin mayın 20-də Peterburqda beynəlxalq hüquq forumunda çıxış edərkən bildirib ki, hüquq-mühafizə orqanları Ukrayna ilə müharibəyə Rusiya pasportu almış 20 min miqrantı tutub aparıblar.
 
“Biz DİN və Rosqvardiya ilə mütəmadi reydlər keçiririk. Nə üçünsə Özbəkistan, Tacikistan, Qırğızıstanda yaşamağı xoşlamayan 20 min gənc artıq ön cəbhədədir”, - Bastrıkin deyib.
 
Bu, təkcə müharibəyə məcburi aparılanların statistikasıdır. Bunun üzərinə aldadılıb, şantaj edilib və digər məcburi üsullarla müharibəyə aparılan onminlərlə miqrantı da gəlsək, statistikanın daha dəhşətli olduğunu görərik.
 
Elə Yekaterinburqda baş verən hadisələrin də bu kontekstdə cərəyan etməsi artıq şübhə doğurmur. Belə anlaşılır ki, Rusiya pasportu alan qeyri-rus millətin nümayəndələri ya cəbhənin ön xəttinə gedib ölümlə üzləşməli, ya da törətmədiyi cinayətdə təqsirli bilinib, ömrünün çox hissəsini zindanda keçirməlidir.
 
Keçmiş SSRİ-nin dünyada tutduğu mövqeyə sahib olmaq istəyən, amma bu yerin ona verilmədiyini görən Rusiya qisasını qonşu dövlətlərdən almaqla özünün natamamlıq kompleksini kompensasiya etmək istəyir. AZAL-a məxsus təyyarənin Qroznı üzərində vurulmasına görə Rusiya tərəfinin hələ də üzr istəməməsi bu ehtimalı təsdiqləyir. Burada məsələ təkcə Rusiyanın maddi kompensasiyasında deyil. Görünən budur ki, oradakı bəzi başlar, ümumiyyətlə, Rusiyanın üzr istəməsini aşağılanmaq kimi qəbul edirlər.
 
 
Azərbaycanın bu məsələdə israrla öz haqlı mövqeyini qoruması isə qarşı tərəfdən qeyri-adekvat, qanunazidd addımların atılmasına gətirdi. Həştərxana dəvət olunan Milli Məclisin deputatı Azər Badamovun Rusiya ərazisinə buraxılmaması, Azərbaycanın böyük media holdinqi “Global Media Group”a daxil olan informasiya resurslarına haker hücumunun məhz Rusiyaya bağlı qrup tərəfindən təşkil edilməsi buna sübutdur.
 
Və bütün bunların fonunda indi də Rusiyada azərbaycanlılara qarşı güc strukturlarının cinayət tərkibli hərəkətləri kimlərinsə artıq sərhədləri keçdiyini göstərir.
 
Azərbaycan Xarici İşlər Nazirliyi artıq hadisəyə reaksiya verib və məsələnin ciddi araşdırılmasını tələb edib.
 
İyunun 28-də Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Xarici İşlər Nazirliyinə çağırılaraq ona həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydlərlə bağlı kəskin etiraz bildirilib.

 
Həmçinin, məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb.
 
Ola bilər ki, Rusiya tərəfi bu hadisəyə də təyyarə ilə bağlı reaksiyaya bənzər münasibət bildirsin, yəni, sussun. Amma Azərbaycan tərəfinin susmayacağı şübhə doğurmur. /Report/
 
Chosen
7
14
moderator.az

10Sources