EN

Rusiya öz tarixinin ən biabırçı dövrünü yaşayır - TƏHLİL

Rusiyada milli ayrıseçkilik və islamofobiya artır. Son zamanlar Rusiyada şovinist və diskriminasiya xarakterli hadisələr güclənib. Yekaterinburqda və digər şəhərlərdə miqrantlar təzyiq, hədə və şantajla müharibəyə göndərilir. Onlar aldadılır, vəd edilən kompensasiyalar verilmir, qayıtdıqdan sonra yenidən şantaj olunurlar. Qeyri-rus vətəndaşlar da eyni təzyiqlərə məruz qalır. 

Rusiya İstintaq Komitəsinin rəhbəri Bastrıkinin etirafları bu prosesin mövcudluğunu sübut edir. Azərbaycanla bağlı da neqativ tendensiyalar müşahidə olunur: Həştərxandakı tədbirə dəvət almış millət vəkilinin ölkəyə buraxılmaması, informasiya resurslarımıza qarşı kiberhücumlar və təyyarə insidentində Rusiyanın susqunluğu ikitərəfli münasibətlərdə ciddi narahatlıq yaradır. Rusiyada islamofobiya açıq şəkildə təşviq olunur. Kremlə yaxın media nümayəndələrinin anti-Azərbaycan çıxışları bunu təsdiqləyir. Ukrayna müharibəsində iflasa uğrayan Rusiya ölkə daxilində yeni düşmən axtarışına çıxıb. Eyni zamanda Ermənistanda revanşizm və Moskva təsirli ritorika güclənir. Bu isə Cənubi Qafqazda yeni münaqişə riskini artırır.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, Rusiya öz tarixinin ən biabırçı dövrünü yaşayır:

"Bu dövlətin dünyaya hegemon olmaq iddiaları tədricən iflasa uğrayır. Rusiya haqqında yaradılmış miflər dağılır, aciz və qeyri-sabit vəziyyəti getdikcə daha aydın görünür. Belə durumda siyasi intellekti aşağı olan neoimperialist dairələr çıxış yolunu qeyri-ruslara qarşı təzyiq və təqiblərdə görürlər.
Rusiyanın “qüdrətini” miqrantlara, xüsusilə də müsəlman və digər azsaylı xalqlara qarşı göstərməyə çalışması klassik faşist yanaşmasının nümunəsidir. Ənənəvi olaraq məğlub və idarəolunmaz duruma düşən rejimlərdə olduğu kimi, Rusiyada da irqi, milli və dini zəmində ayrı-seçkilik siyasəti gündəmə gətirilir. Bu isə həmin cəmiyyətin müasir dünyanın dəyərlərindən nə qədər uzaq olduğunu nümayiş etdirir.
Dünyaya “dərs keçməyə” çalışan Rusiyanın daxilində isə mənəvi-siyasi bataqlıq yaranmaqdadır. Bu bataqlığı nə rus mədəniyyəti, nə də rus siyasəti aradan qaldıra bilir. Əksinə, yaxın gələcəkdə vəziyyətin daha da pisləşəcəyi qaçılmaz görünür".

Analitik əlavə edib ki, Rusiya postsovet ölkələrində "Rusiya Evi" layihələri ilə dil və təsirini yaymağa çalışsa da, öz daxilində baş verən hadisələr bunun əksinə — açıq şəkildə anti-təbliğata çevrilir:

"Kreml hələ də anlamır ki, zorakı üsullarla Rus dilini yaymaq mümkün deyil. Əksinə, bu təzyiqlər səbəbindən insanlar Rus dilindən və Rusiyadan uzaqlaşmağa başlayır. Rusiya artıq sevilməyən və etibar olunmayan bir coğrafiyaya çevrilməkdədir. Bu da ölkənin mənəvi-siyasi tənəzzülünün göstəricisidir. Hazırda Ermənistanda baş verən hadisələr də Rusiyanın neoimperialist hədəflərinin nəticəsidir. Qərbə inteqrasiya xətti aparan Paşinyan hökumətinə qarşı, Kremlə bağlı revanşist və silahlı qrupların təşkil etdiyi təzyiqlər — “Qarabağ klanı” və Rusiya kəşfiyyat şəbəkəsinin yerli qolu vasitəsilə həyata keçirilir. Rusiya nə Cənubi Qafqaza, nə də dünyaya müsbət və dəyərli bir mesaj təqdim edə bilir. Tarix boyu olduğu kimi, bu gün də zorakılıq, dağıdıcılıq və mənfi ssenarilər üzərində siyasət qurur. Bu isə Rusiyanın yaxın gələcəkdə üzləşəcəyi dərin böhranın ilkin əlamətləridir".

Elçin Xalidbəyli qeyd edib ki, Kreml anlamalıdır ki, qeyri-ruslara qarşı ayrı-seçkilik siyasəti ölkə daxilində də müqavimət hərəkatlarına yol aça bilər:

"Çünki Rusiyanın bir çox əraziləri milli-etnik baxımdan qeyri-ruslardan ibarətdir. Bu xalqlar gün gələcək azadlıq tələbi ilə ayağa qalxa bilərlər. Bu isə nəinki Rusiyanın çökməsinə, hətta dövlətin xəritədən silinməsinə gətirib çıxara bilər.
Kreml hazırda odla oynayır və bu, Rusiyanın gələcəyini ciddi təhlükə altına atır".
Chosen
20
1
sherg.az

10Sources