İngiltərənin “Mançester Yunayted” klubu 39 yaşlı qapıçı Tom Hitonla yeni müqavilə bağlayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, təcrübəli qolkiperlə 1 illik yeni sözləşmə imzalanıb. “Mançester Yunayted” akademiyasının yetirməsi olan Hiton peşəkar karyerasında 20-ci mövsümünü keçirir. O, 2005-ci ildə “Suindon Taun”a icarəyə verilərək əsas komandada debüt etmişdi. Hiton 2021-ci ildə yenidən “qırmızı şeytanlar”a qayıtdıqdan sonra əsasən komanda daxilində mentorluq funksiyasını icra edir.
Qolkiper klub saytına açıqlamasında yeni sözləşmədən məmnun olduğunu bildirib:
““Mançester Yunayted”i təmsil etməyə davam etdiyim üçün son dərəcə qürurluyam. Komanda olaraq qarşıdakı mövsüm üçün həyəcanlıyıq. Əlimdən gələn hər şeylə komandamı dəstəkləməyə hazıram”.
Qeyd edək ki, Tom Hiton 2024/2025 mövsümündə “Mançester Yunayted”in əsas heyətində heç bir rəsmi oyuna çıxmayıb.