TBİLİSİ, 26 iyun. TELEQRAF
Tbilisi meriyası bu yaxınlarda şəhərin köhnə - Sulxan Saba və İnqorovka küçələrində geniş miqyaslı restavrasiya işlərinin anonsunu verib. Şəhər rəhbərliyi Mtatsminda rayonunun hər iki qədim küçəsinin əsaslı təmir-bərpası ilə yanaşı burada yerləşən qəzalı tarixi tikililərin möhkəmləndiriləcəyini də vəd edib. Yaxın zamanlarda küçələrin yenidən qurulmasının nəzərdə tutulduğu ilk mərhələyə başlanılacaq. Küçələrdə yerləşən 21 binanın bərpası isə ikinci mərhələdə həyata keçiriləcək. Həmin binaların 8-i Sulxan Saba, 13-ü isə İnqorovka küçəsində yerləşir. Layihəyə tikililərin fundament və divarlarının möhkəmləndirilməsi, dam örtüklərinin yenilənməsi, girişlərin və autentik memarlıq elementlərinin bərpası daxildir. Təmir-bərpa işlərinə ümumilikdə 115 milyon lari (təqribən 72 milyon AZN) həcmində vəsaitin ayrılması planlaşdırılır.
Bu məlumat əbəs yerə təqdim olunmayıb. Tbilisi meriyasının elan etdiyi bərpa işlərinin əhatə edəcəyi bir bina İnqorovka küçəsi 16 ünvanında yerləşir. Tbilisidə Azərbaycan irsinin daha bir nümunəsi olan tikili illərdir uçuq-sökük vəziyyətdədir. Həmin binanı vaxtilə Tiflisdə doğulmuş görkəmli azərbaycanlı hərbi xadim Həsən bəy Ağalarov (1812-1883) inşa etdirib. İkimərtəbəli tikili yerli əhəmiyyətli mədəni irs abidəsidir, İnqorovka küçəsinin ən köhnəlmiş binalarındandır. “Ağalarovun evi”nin bərpası üzrə ötən ilin aprelində layihənin hazırlanması üçün müsabiqə elan edilib. Yeni restavrasiya layihəsinin anonsu onu deməyə əsas verir ki, həmin müsabiqə heç bir nəticə verməyib. Növbəti illərdə ömrünü başa vurmaqda olan memarlıq nümunəsinə ikinci həyatın veriləcəyi gözlənilir.
Teleqraf-ın yerli bürosu həmin tikilinin tarixçəsi barədə apardığı araşdırmalar zamanı maraqlı faktlar üzə çıxarıb.
Öncə İnqorovka küçəsinin qısa tarixçəsinə nəzər salaq. Küçənin yerləşdiyi ərazi “hökumət məhəlləsi” adlandırılır. Belə ki, Gürcüstanın hökumət administrasiyası məhz bu küçədə 7 saylı binada yerləşir. Küçənin əsası 1820-ci ildə qoyulub, ilk adı Laboratornaya, daha sonra Böyük Pyotr, Trotski, Dzerjinski olub. Müasir adı gürcü tarixçi, filoloq və xeyriyyəçi Pavle İnqorovkanın şərəfinədir.
Ağalarov kim olub?
Həsən bəy Ağalarov 1812-ci ildə Tiflisdə zadəgan ailəsində anadan olub. Şəmistan Nəzirlinin “Azərbaycan generalları” kitabından (Bakı-1991) məlum olur ki, o, 1830-cu ildə kadet korpusunu bitirdikdən sonra Qafqaz müsəlman-süvari polkunda xidmət edib. Az sonra bölük komandiri Həsən bəy Ağalarovun fərasəti və hərbi işdəki nizam-intizamı general-leytenant knyaz Vasili Osipoviç Behbudovun diqqətini cəlb edib. Ona görə də general, poruçik Həsən bəy Ağalarovu qərargah işləri üzrə ən yaxın köməkçisi təyin edib.
1833-cü ilin noyabrında azərbaycanlılardan ibarət Qafqaz süvari diviziyası Varşavaya ezam olunanda onun sıralarında general İsmayıl bəy Qutqaşınlı, Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı general-mayor Cəfərqulu ağa Bakıxanov, kapitan Həsən bəy Ağalarov da vardı.
1840-cı ildə ştabs-kapitan rütbəsində olan Həsən bəy əla xidmətinə görə üçüncü dərəcəli müqəddəs Stanislav ordeni ilə təltif olunub. 1849-cu ildə onun alayı Debreçin şəhəri uğrunda gedən döyüşlərdə macarların bir rotasını darmadağın edib dörd topunu alanda polkovnik Həsən bəy Ağalarov döyüşdə göstərdiyi igidliyə görə dördüncü dərəcəli “Müqəddəs Georgi ordeni”nə layiq görülüb.
1852-ci ildə isə polkovnik Həsən bəy Ağalarov Qafqaz müsəlman süvari polkunun komandiri təyin olunub. Ağalarovun əsgərləri 1853-cü il noyabrın 2-də Bayandur kəndi uğrunda döyüşlərdə xüsusilə fərqləniblər.
1857-ci ildə general-mayor rütbəsinə layiq görülən Həsən bəy Ağalarov Qafqaz əlahiddə ordusunun zabiti kimi ömrünün axırına qədər döyüşən hissələrdə hərbi borcunu şərəflə yerinə yetirib.
General Həsən bəy Ağalarovun sənədləri ilə tanış olduqda görürük ki, o, Tiflisdə yaşayan mütərəqqi fikirli Azərbaycan ziyalıları ilə dostluq edib. O zaman canişinlikdə müşavir və tərcüməçi işləyən Ağabəy Yadigarovla, general-mayor İsrafil bəy Yadigarovla, general İsmayıl bəy Qutqaşınlı ilə, böyük dramaturq Mirzə Fətəli Axundovla və görkəmli şairimiz Qasım bəy Zakirlə yaxından əlaqə saxlayıb.
Həsən bəy Ağalarov 1883-cü ildə 71 yaşında vəfat edib.
Qeyd edək ki, 2019-cu ildə Rusiya Kino-Foto Sənədlər Arxivində Həsən bəy Ağalarovun həmin vaxta qədər məlum olmayan fotoşəkli aşkarlanıb. Bundan öncə hərbi xadimin yalnız 1856-cı ildə çəkilmiş portreti mövcud idi. Gürcüstan Milli Parlament Kitabxanasının arxivində də Həsən bəy Ağalarovun fotoşəklinə rast gəlinir. Həmin fotosənəd arxivə 2015-ci ildə daxil edilib.
Binanın erməni tacirə satılması, İran konsulluğuna icarəyə verilməsi
Ağalarovun inşa etdirdiyi binanın fasadına Avropa İttifaqı və Avropa Şurasının həyata keçirdiyi birgə layihə çərçivəsində 2017-ci ildə lövhə quraşdırılıb. Lövhədə gürcü, alman və ingilis dillərində yazılıb: “Bu bina yerli alman memar Otto Yakob Simonsonun 1888-ci ildə tərtib etdiyi layihə əsasında bərpa olunub”.
Lakin binanın tarixi ilə bağlı daha dəqiq məlumatlar mövcuddur. Tarixçi, bələdçi, “Tədqiq edilməmiş Tbilisi” adlı soraq kitabçalarının müəllifi Tamar Tavadzenin məlumatına əsasən, binanı 1877-ci ildə Həsən bəy Ağalarov alman memarın layihəsi əsasında inşa etdirib. T.Tavadze tikilinin layihəsinin surətini təqdim edərək memarın A.Zaltsman olduğunu ehtimal etdiyini vurğulayıb. Surətdə rusca bu sözlər qeyd olunub: “General-mayor Həsən bəy Ağalarov üçün daş binanın tikintisi üzrə layihə”. Tarixçinin sözlərinə görə, Həsən bəy Ağalarovun oğlu Davud bəy 1892-ci ildə evi Bakıdan olan tacir Karapet bəy Lalayevə satıb.
T.Tavadze 1896-cı il üzrə “Qafqaz təqvimi”nə istinadla bildirib ki, həmin ildə binada İran konsulluğu yerləşib və buna görə də pəncərələrin üzərində ərəbcə yazılar var. Allahın tərifinə aid yazılar günümüzə qədər gəlib çatıb.
Tarixçinin sözlərinə görə, İran konsulluğu bu binada bir neçə il fəaliyyət göstərib. Karapet bəy Lalayev tikilini müxtəlif idarə və sakinlərə icarəyə verib. 1920-1940-cı illərdə burada SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) işçilərinin ata-anadan məhrum uşaqları üçün uşaq evi, 1950-ci ildən etibarən isə körpələr evi yerləşib.
Fasaddakı QR-koda hansı məlumat daxil edilib?
Tikilinin tarixi haqqında gürcü və ingilis dillərində qısa məlumat əldə etmək üçün binanın fasadına QR-kod olan lövhəcik vurulub. Kod aktiv olmasa da, digər bu cür QR-kodlar vasitəsilə açılan www.scantbilisi.ge saytında İnqorovka küçəsi 16 ünvanındakı bina haqqında aşağıdakı məlumatla tanış olmaq mümkündür. Məlumatda T.Tavadzenin təqdim etdiyi faktlara da rast gəlinir.
“P.İnqorovka küçəsi 16 ünvanında yerləşən bina 1877-ci ildə tikilib və ilk sahibi Həsən xan Ağalarov olub. 1892-ci ildə Bakıdan ikinci gildiyadan tacir olan Karapet bəy Lalayevə satılıb. 1896-cı ildə İran konsulluğu bu binada yerləşib, bu səbəbdən fasad üzərində farsca yazılar var. Bina bədii forması, zərif proporsiyaları və fasad kompozisiyası ilə küçənin bədii görünüşünü daha çox müəyyən edir. Fasadla yanaşı, interyerin dəbdəbəli dekorasiyası da maraqlıdır”.
Bina qəzalı vəziyyətdə olduğundan yaşayış mövcud deyil. Tikiliyə giriş və interyeri ilə tanışlıq da mümkünsüzdür. Lakin 2018-ci ildə gürcü və ingilis dillərində işıq üzü görmüş Maya Manianın “Tbilisidə alman memarları” adlı kitabında tikilinin interyerinə aid 2002-ci ildə çəkilmiş iki fotoşəkil daxil edilib. Fotoşəkillərdə tavan, divarlar və döşəmədə dağınıq halda olsa belə, dəbdəbəli elementləri görmək mümkündür. Bu, 23 il bundan öncəki vəziyyətdir. Hazırda isə interyer daha da acınacaqlı halda olmalıdır.
Ağalarovun xatirəsini əbədiləşdirə biləcəyikmi?
İnqorovka küçəsinin hər bir binası özündə böyük tarixi yaşadır. Burada hətta fasadında bir deyil, bir neçə neçə xatirə lövhəsi olan tikililər var. Lövhələrdən məlum olur ki, Gürcüstan teatrının əsasını qoyanlardan biri, Gürcüstan SSR-in Xalq artisti Kote Marcanişvili, görkəmli gürcü rəssam İrakli Qamrekeli, Gürcüstan Demokratik Respublikasının qurucularından biri, ədliyyə naziri Şalva Aleksi-Mesxişvili İnqorovka küçəsinin məşhur sakinlərindən olub. Tbilisidə doğulmuş erməniəsilli tanınmış bəstəkar Mikael Tariverdiyev də vaxtilə bu küçədə yaşayıb və 14 saylı binada memorial lövhəsi vurulub.
1918-1920-ci illərdə Gürcüstan Demokratik Respublikasının təhsil və daxili işlər nazirliklərinin yerləşdiyi bina, Britaniyanın Cənubi Qafqazdakı ilk missiyasının başçısı Ser Oliver Vardropun 1919-1921-ci illərdə çalışdığı bina da İnqorovka küçəsinin ən mühüm tarixi tikililərindən olmaqla yanaşı, həm də mədəni irs abidələridir.
Azərbaycan xalqının görkəmli oğlu Həsən bəy Ağalarovun inşa etdirdiyi, ailəsi ilə yaşadığı evin növbəti iki il ərzində bərpa olunacağı gözlənilir. Tikilinin restavrasiya prosesinin yekunlaşmasından sonra fasadında görkəmli hərbçimizin memorial lövhəsinin quraşdırılması məsələsi mütləq gündəmə gətirilməlidir. Bu cür təşəbbüslə ilk növbədə Gürcüstanın azərbaycanlı icması çıxış etməli, Azərbaycan tərəfi də onun həyata keçirilməsinə nail olmaq üçün dəstəyini əsirgəməməlidir.