Tbilisidə Kür çayı üzərindəki qayada ucalan Metexi məbədi və şəhərin əsasını qoymuş çar Vaxtanq Qorqasalinin heykəli Gürcüstan paytaxtının əsas vizit kartlarından biridir. Kilsənin ətrafında Tbilisinin əsas baxış meydançalarından biri yerləşir. Meydança tbilisililərlə yanaşı xarici qonaqların və turistlərin də sevimli gəzinti məkanıdır. Tbilisidə səfərdə olmuş az sayda əcnəbi tapmaq olar ki, Metexi kilsəsinin fonunda fotoşəkil çəkdirməsin. Bura həm də Tbilisidə bəy-gəlin fotosessiyaları üçün seçilən əsas yerlərdən biridir. Lakin bu məkanın çoxlarına bəlli olmayan ağır keçmişi var. Bir zamanlar burada yerləşmiş Metexi qalası yaxınlığından ötmək, hətta Metexi sözünün özü belə insanları vahimələndirərdi.
Kür çayına, köhnə hamamlar məhəlləsindən şüşəli “Sülh körpüsü”nədək açılan gözəl mənzərələri ilə heyrətləndirən, xoş təəssüratlar bəxş edən bu yerdə vaxtilə saysız-hesabsız günahsız insanların, repressiya qurbanlarının həyatına son qoyulan, ağır işgəncələri ilə dəhşətə gətirən həbsxana yerləşib.
SSRİ Xalq Daxili İşlər Komissarlığının (NKVD) əsas həbsxanası olmuş Metexi zindanında müxtəlif xalqların tanınmış şəxsiyyətləri cəza çəkib, bəziləri elə buradaca güllələnib, bəziləri isə əfv olunub. Məhbuslar arasında Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, yazıçı, həkim Nəriman Nərimanov, maarifçi, ictimai-siyasi xadim, publisist Ömər Faiq Nemanzadə, şair, publisist Əliqulu Qəmküsar, diyаrşünаs, еtnоqrаf-аrхеоlоq Mir Bağır Mirheydərzadə də olub. Ömər Faiqin Metexi qalasında güllələndiyi də güman olunur. 1938-ci ildə Tbilisidə həbs olunaraq güllələnmiş mollanəsrəddinçi repressiya qurbanı İsmayıl Həqqinin də bu həbsxanada saxlanıldığını ehtimal etmək olar.
Metexi qalası Qurban Səidin məşhur “Əli və Nino” romanında bu cür xatırlanıb:
“Uzaqlarda qapqara görünən Metex qalası ucalırdı. Bir zamanlar gürcü krallarına məskən olmuş bu qala, indi çar imperatorluğu siyasətinə qarışmaq cəsarətini göstərmiş qafqazlıları bu qalada saxlayırlar. Nino başını yana tərəf çevirdi. Deyəsən, bu məşhur işgəncə qalasını görən Ninoda çara olan sədaqət sarsılmışdı.
– Sənin qohumlarından Metex qalasında yatan varmı, Nino? – deyə soruşdum.
– Yox, amma sənin qohumlarından orada yatan olmalıdır. Əli xan, gedək.
Teleqraf-ın yerli bürosunun əməkdaşı Gürcüstanın arxiv materiallarına istinadla keçmiş Metexi həbsxanasının tarixçəsini təqdim edir.
Sarayın yerində tikilən türmə
Metexi qalasının yerində vaxtilə istilaçıların yandırdıqları və qarət etdikləri çar sarayının, qalanın olduğuna dair məlumatlar var. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumu zamanı qala zədələnib. Növbəti dövrlərdə Rusiya imperiyasının ilk hakimiyyəti illərində də qala ilkin görkəmini itirib.
Gürcüstanın Rusiya imperiyasına birləşdirilməsindən sonra 1801-ci ildə köhnə Metexi qalası əvvəlki əhəmiyyətini saxlaya bilmir. Qala 1819-cu ildə Tiflisin general-qubernatoru Sergey Yermalovun idarəçiliyi zamanı sökülür və yerində həbsxana korpusları tikilir. Dustaqxananın inşasında dağıdılmış qalanın daşlarından istifadə olunduğu bildirilir. XIX əsrdə və XX əsrin əvvəllərində Metexi türməsi çar rejiminə qarşı mübarizə aparanların dustaq yeri kimi xidmət edirdi. Burada həm dövlət və ictimai xadimlər, həm də kriminallar saxlanılırdı.
Metexi həbsxanasının görüntüsü arxiv fotoşəkillərdə, Tbilisi mövzusunda çəkilmiş köhnə rəsm əsərlərində qalıb. Tbilisi Tarix Muzeyində sərgilənən Metexi kilsəsi və zindanın maketi isə tarixə qovuşmuş dəhşətli həbsxananı tam təsəvvür etməyə imkan verir.
Məşhur məhbuslar - Qorki, Stalin, Kamo
XIX əsrdə Metexi həbsxanasının ilk məhbuslarından biri görkəmldekabrist Aleksandr Bestujev-Marlinski olub. Rusiya ədəbiyyatının klassiki Maksim Qorki, inqilabçılar - Stalin, Kalinin, Kamo da Metexi türməsinin məşhur məhbusları arasındadır. 1950-ci ildə türmədə burada 1903-cü ilin avqustun 17-də inqilabçı Lado Ketsxovelinin 27 yaşında qətlə yetirilməsi barədə məlumatın olduğu, daha sonra götürülən xatirə lövhəsi vurulub.
Qorki 1913-cü ildə yazdığı “Qadın” adlı hekayəsində Metexi qalası ilə bağlı xatirələrinə də yer verib:
“...Daş döşənmiş həyət soba kimi isti idi. Üstündə tozlu səmanın hamar və bulanıq kvadratı asılıb. Həyət üç tərəfdən hündür boz divarlarla, dördüncü tərəfdən isə üzərində bədheybət üst tikilinin olduğu darvazadır”.
Qeyd edək ki, rus ədibi inqilabi hərəkatı dəstəklədiyinə görə həbsə alınmış, sonradan azadlığa buraxılmışdı.
Metexi türməsi xüsusən 1905-1907-ci illərdə məhbuslarla dolu olub. Bu dövrdə dustaqxanada həm siyasi məhbuslar, həm də cinayətkarlar cəza çəkirdilər. XIX əsrin əvvəllərində Tiflisdə ölüm hökmləri şəhər kənarında yerləşən “Txemi qora” adlanan ərazidə icra edilirdi. Lakin XIX əsrin sonu XX əsrin əvvəllərində inqilabi hərəkatın genişləndiyi dövrdə terror hücumlarının qorxusundan ölüm hökmlərinin əksəriyyəti yaxşı mühafizə olunan Metexi həbsxanasının həyətində icra olunurdu. Bir gecədə onlarla məhbusun güllələnməsinə dair məlumatlar var. Metexi qalasından eşidilən güllə səsləri Tiflis sakinlərini diksindirərdi.
Məhbusların acınacaqlı saxlanma şəraiti
Məhbuslar hökmlərdən asılı olaraq müxtəlif kameralarda saxlanılırdı. Onların bəzilərinin xatirələrindən məlum olur ki, saxlanılma şəraiti dözülməz, sanitar vəziyyət acınacaqlı olub, 10-15 nəfər üçün nəzərdə tutulmuş kameralarda 40 məhbus saxlanılıb. Həbsxanada mərkəzi kanalizasiya sistemi yox idi. Məhbusların qidalanması aşağı səviyyədə olub, türmə rəisinin və ya keşikçilərin göstərişləri ilə dustaqlar qəddarcasına döyülürdü, cəza kameralarına atılır və ailə üzvləri ilə görüşlər qadağan edilirdi.