AZ

NKVD-nin Tbilisidəki işgəncə qalası: Məşhur azərbaycanlı dustaqları - ARAŞDIRMA

TBİLİSİ, 5 iyul. TELEQRAF

Tbilisidə Kür çayı üzərindəki qayada ucalan Metexi məbədi və şəhərin əsasını qoymuş çar Vaxtanq Qorqasalinin heykəli Gürcüstan paytaxtının əsas vizit kartlarından biridir. Kilsənin ətrafında Tbilisinin əsas baxış meydançalarından biri yerləşir. Meydança tbilisililərlə yanaşı xarici qonaqların və turistlərin də sevimli gəzinti məkanıdır. Tbilisidə səfərdə olmuş az sayda əcnəbi tapmaq olar ki, Metexi kilsəsinin fonunda fotoşəkil çəkdirməsin. Bura həm də Tbilisidə bəy-gəlin fotosessiyaları üçün seçilən əsas yerlərdən biridir. Lakin bu məkanın çoxlarına bəlli olmayan ağır keçmişi var. Bir zamanlar burada yerləşmiş Metexi qalası yaxınlığından ötmək, hətta Metex sözün özü belə insanları vahimələndirərdi.

Kür çayına, köhnə hamamlar məhəlləsindən şüşəli “Sülh körpüsü”nədək açılan gözəl mənzərələri ilə heyrətləndirən, xoş təəssüratlar bəxş edən bu yerdə vaxtilə saysız-hesabsız günahsız insanların, repressiya qurbanlarının həyatına son qoyulan, ağır işgəncələri ilə dəhşətə gətirən həbsxana yerləşib.

SSRİ Xalq Daxili İşlər Komissarlığının (NKVD) əsas həbsxanası olmuş Metexi zindanında müxtəlif xalqların tanınmış şəxsiyyətləri cəza çəkib, bəziləri elə buradaca güllələnib, bəziləri isə əfv olunub. Məhbuslar arasında Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, yazıçı, həkim Nəriman Nərimanov, maarifçi, ictimai-siyasi xadim, publisist Ömər Faiq Nemanzadə, şair, publisist Əliqulu Qəmküsar, diyаrşünаs, еtnоqrаf-аrхеоlоq Mir Bağır Mirheydərzadə də olub. Ömər Faiqin Metexi qalasında güllələndiyi də güman olunur. 1938-ci ildə Tbilisidə həbs olunaraq güllələnmiş mollanəsrəddinçi repressiya qurbanı İsmayıl Həqqinin də bu həbsxanada saxlanıldığını ehtimal etmək olar.

Metexi qalası Qurban Səidin məşhur “Əli və Nino” romanında bu cür xatırlanıb:

“Uzaqlarda qapqara görünən Metex qalası ucalırdı. Bir zamanlar gürcü krallarına məskən olmuş bu qala, indi çar imperatorluğu siyasətinə qarışmaq cəsarətini göstərmiş qafqazlıları bu qalada saxlayırlar. Nino başını yana tərəf çevirdi. Deyəsən, bu məşhur işgəncə qalasını görən Ninoda çara olan sədaqət sarsılmışdı.

– Sənin qohumlarından Metex qalasında yatan varmı, Nino? – deyə soruşdum.

– Yox, amma sənin qohumlarından orada yatan olmalıdır. Əli xan, gedək.

Teleqraf-ın yerli bürosunun əməkdaşı Gürcüstanın arxiv materiallarına istinadla keçmiş Metexi həbsxanasının tarixçəsini təqdim edir.

Sarayın yerində tikilən türmə

Metexi qalasının yerində vaxtilə istilaçıların yandırdıqları və qarət etdikləri çar sarayının, qalanın olduğuna dair məlumatlar var. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumu zamanı qala zədələnib. Növbəti dövrlərdə Rusiya imperiyasının ilk hakimiyyəti illərində də qala ilkin görkəmini itirib.

Gürcüstanın Rusiya imperiyasına birləşdirilməsindən sonra 1801-ci ildə köhnə Metexi qalası əvvəlki əhəmiyyətini saxlaya bilmir. Qala 1819-cu ildə Tiflisin general-qubernatoru Sergey Yermalovun idarəçiliyi zamanı sökülür və yerində həbsxana korpusları tikilir. Dustaqxananın inşasında dağıdılmış qalanın daşlarından istifadə olunduğu bildirilir. XIX əsrdə və XX əsrin əvvəllərində Metexi türməsi çar rejiminə qarşı mübarizə aparanların dustaq yeri kimi xidmət edirdi. Burada həm dövlət və ictimai xadimlər, həm də kriminallar saxlanılırdı.

Metexi həbsxanasının görüntüsü arxiv fotoşəkillərdə, Tbilisi mövzusunda çəkilmiş köhnə rəsm əsərlərində qalıb. Tbilisi Tarix Muzeyində sərgilənən Metexi kilsəsi və zindanın maketi isə tarixə qovuşmuş dəhşətli həbsxananı tam təsəvvür etməyə imkan verir.

Məşhur məhbuslar - Qorki, Stalin, Kamo

XIX əsrdə Metexi həbsxanasının ilk məhbuslarından biri görkəmldekabrist Aleksandr Bestujev-Marlinski olub. Rusiya ədəbiyyatının klassiki Maksim Qorki, inqilabçılar - Stalin, Kalinin, Kamo da Metexi türməsinin məşhur məhbusları arasındadır. 1950-ci ildə türmədə burada 1903-cü ilin avqustun 17-də inqilabçı Lado Ketsxovelinin 27 yaşında qətlə yetirilməsi barədə məlumatın olduğu, daha sonra götürülən xatirə lövhəsi vurulub.

Qorki 1913-cü ildə yazdığı “Qadın” adlı hekayəsində Metexi qalası ilə bağlı xatirələrinə də yer verib:

“...Daş döşənmiş həyət soba kimi isti idi. Üstündə tozlu səmanın hamar və bulanıq kvadratı asılıb. Həyət üç tərəfdən hündür boz divarlarla, dördüncü tərəfdən isə üzərində bədheybət üst tikilinin olduğu darvazadır”.

Qeyd edək ki, rus ədibi inqilabi hərəkatı dəstəklədiyinə görə həbsə alınmış, sonradan azadlığa buraxılmışdı.

Metexi türməsi xüsusən 1905-1907-ci illərdə məhbuslarla dolu olub. Bu dövrdə dustaqxanada həm siyasi məhbuslar, həm də cinayətkarlar cəza çəkirdilər. XIX əsrin əvvəllərində Tiflisdə ölüm hökmləri şəhər kənarında yerləşən “Txemi qora” adlanan ərazidə icra edilirdi. Lakin XIX əsrin sonu XX əsrin əvvəllərində inqilabi hərəkatın genişləndiyi dövrdə terror hücumlarının qorxusundan ölüm hökmlərinin əksəriyyəti yaxşı mühafizə olunan Metexi həbsxanasının həyətində icra olunurdu. Bir gecədə onlarla məhbusun güllələnməsinə dair məlumatlar var. Metexi qalasından eşidilən güllə səsləri Tiflis sakinlərini diksindirərdi.

Məhbusların acınacaqlı saxlanma şəraiti

Məhbuslar hökmlərdən asılı olaraq müxtəlif kameralarda saxlanılırdı. Onların bəzilərinin xatirələrindən məlum olur ki, saxlanılma şəraiti dözülməz, sanitar vəziyyət acınacaqlı olub, 10-15 nəfər üçün nəzərdə tutulmuş kameralarda 40 məhbus saxlanılıb. Həbsxanada mərkəzi kanalizasiya sistemi yox idi. Məhbusların qidalanması aşağı səviyyədə olub, türmə rəisinin və ya keşikçilərin göstərişləri ilə dustaqlar qəddarcasına döyülürdü, cəza kameralarına atılır və ailə üzvləri ilə görüşlər qadağan edilirdi.

Həbsxana 1918-1921-ci illərdə Gürcüstanda hakimiyyətə gələn menşeviklər tərəfindən də istifadə olunub. İlk respublikanın Daxili İşlər Nazirliyi cinayətkarlarla yanaşı, siyasi opponentlərini, xüsusən də bolşevikləri burada həbsə atıb onlara divan tutdururdu. Həmin dövrdə türmədə gürcü inqilabçı Filippe Maxaradze və Lavrenti Beriya da saxlanılıb. Gürcüstanın sovetləşdirilməsindən sonra Metexi qalası on ildən çox SSRİ-nin xüsusi təhlükəsizlik orqanı olan “ÇK”nın səlahiyyətində qalıb.

Nərimanov Metexidə 7 ay siyasi məhbus kimi saxlanılıb

Azərbaycanın tanınmış ictimai xadimi, yazıçı-publisisti Vəli Məmmədovun “Nəriman Nərimanov” kitabına (Bakı-1957) əsasən, Nərimanov Metexi həbsxanasına 1909-cu ilin martın 1-də Tiflisdə həbs ediləndən sonra salınıb. Tiflis Jandarm İdarəsi əməkdaşlarının Nərimanovun evində apardığı axtarışlar zamanı onun ciddi inqilabi işlə məşğul olduğu təsdiq edilmişdi. Nərimanovun İranda Mücahidlər təşkilatının üzvü kimi Səttar xan və Bağır xanın inqilabi qoşunlarına adam, silah və partlayıcı vasitələr göndərməsi müəyyən edilmişdi. O, Metexi zindanında yeddi ay saxlanılır. Azad olunması üçün tiflislilərin, qohumların, tanışların səyləri heç bir nəticə vermir. Jandarm İdarəsinin Daxili İşlər Nazirliyinə müraciəti əsasında Nərimanov 1909-cu ilin avqustun 21-dən etibarən iki il müddətinə Qafqaz canişinliyinin ərazisindən çıxarılaraq ailəsi ilə bərabər Həştərxan şəhərinə sürgün edilir. Tiflis və Bakıdan bir çox nüfuzlu şəxslərin xahişləri ilə bərabər geniş ictimaiyyətin təsiri sürgün müddətinin az olmasına səbəb olmuşdur.

Elə həmin kitabda N.Nərimanovun həbsxanadakı şəkli də verilib.

Faiq əfəndi Metexi qalasına üç dəfə salınıb

Ömər Faiq Nemanzadə isə “Gürcüstan üçün zərərli fikirli” elan edildiyindən menşeviklər tərəfindən üç dəfə həbs olunaraq Metexi qalasına salınıb. Azadlığa buraxılsa da, 1937-ci ilin iyulun 16-da Axalsıxıda, Gürcüstanın hazırkı Samtsxe Cavaxeti bölgəsinin inzibati mərkəzi olan Axaltsixe şəhərində həbs olunub və üç ay sonra oktyabrın 10-da güllələnib. Metexi qalasının həmin dövrdə siyasi məhbuslar düşərgəsi və hökmün yerinə yetirildiyi həbsxana olması Ömər Faiqin məhz bu dustaqxanada güllələnməsi ehtimalını gücləndirir.

Taleyin istehzası bundadır ki, Ömər Faiq vaxtilə - 1905-ci ilin oktyabrın 19-da Metexi həbsxanasında saxlanılan siyasi məhbusların azad olunmasını tələb edənlərdən olub. Həmin gün görkəmli ictimai xadimimiz təsəvvür edə bilməzdi ki, zaman elə dövran edəcək ki, bir gün özu məhz bu dustaqxanada həbsə alınacaq.

Ömər Faiqin Tiflisdəki nümayişdə iştirakı barədə onun yaxın dostu, məsləkdaşı Cəlil Məmmədquluzadənin ömür-gün yoldaşı Həmidə xanım Cavanşirin xatirələrindən məlum olur:

“Biz təzə tanışlarımız Mirzə Cəlili və Faiq əfəndini də izdihamın arasında gördük. Onlardan öyrəndik ki, nümayişçilər siyasi məhbusların azad olunması tələbi ilə Metex qalasına gedirlər... Onlar tətillərdə iştirak edir, mitinqlərdə çıxış edirdilər. Onların əllərində üzərində “Yaşasın azadlıq!” sözləri yazılmış qırmızı bayraq var idi”.

Keçmiş məhbusun həbsxananı ləğv etməsi, məhbusların divar yazıları

Metexi qalasının taleyini onun keçmiş məhbuslarından biri Gürcüstanın birinci katibi olan Lavrenti Beriya həll edir. 1933-cü il 4 noyabr tarixli qərarı ilə Metexi türməsi ləğv olunur, bina Maarif Komissarlığına verilir.

1937-ci ildə Metexi məbədi məhv olmaq təhlükəsi ilə üz-üzə qalır. Beriya kilsənin uçurulmasına qərar verir. Qərarla Metexi qalasının yerində muzeyin yaradılması, kilsənin yerində isə böyük gürcü ədibi Şota Rustavelinin əzəmətli heykəlinin ucaldılması nəzərdə tutulurdu. Kilsənin sökülmə planı Gürcüstan ictimaiyyətində böyük hiddətlə qarşılanır və etirazlar baş qaldırır. Ziyalıların etirazlarına rəssam Dmitri Şevardnadze (Gürcüstanın gələcək prezidenti Eduard Şevarnadzenin atasının əmisi) başçılıq edirdi. Beriya ona yaradılacaq muzeyin direktoru vəzifəsinə təyin olunmasını təklif etmişdi. Təklifi rədd edən D.Şevardnadze 1937-ci ildə repressiya olunub və güllələnib. Məbədin xilaskarı qətlə yetirilsə də, dini abidə qorunub saxlanılır. Hazırda Gürcüstanın Milli Qalereyası repressiya qurbanı D.Şevardnadzenin adını daşıyır.

Metexi qalası daha sonra Gürcüstan İncəsənət Muzeyi elan olunur. 1952-ci ildə muzey başqa binaya köçürülür. 1958-ci ildə Tbilisinin 1500 illiyi ilə əlaqədar muzey kimi istifadə olunan iki bina sökülür, məbəd qarşısında Vaxtanq Qorqasalinin heykəlinin təməli qoyulur. Abidə 1967-ci ilin aprelin 25-də təntənəli şəkildə açılıb.

Tbilisinin əsas rəmzlərindən olan qədim Metexi məbədi isə XIII əsrə aid ilkin formalarını və fasad bəzəklərini əsasən saxlayıb. Fasad üzərində dini abidədə müxtəlif dövrlərdə aparılmış bərpa işlərinin izlərini görmək mümkündür.

Abidənin fasadında sovet dövründə quraşdırılmış üzərində gürcü və rus dillərində məlumatın olduğu lövhələrdə yazılıb:

“Gürcüstan memarlığının XIII əsrə aid əhəmiyyətli abidəsi. Çar Dimitrinin dövründə inşa olunub. 1278-1289-cu illərdə monqolların yürüşü zamanı məhv olmuş qədim kilsənin yerində gürcü çarlarının sarayı yerləşib. XVII əsrdə və XVIII əsrin birinci yarısında xarabazarlığa çevrilmiş kilsə və qala yadellilərin – fars və türk işğalçılarının əlində olub. 1748-ci ildə çar II İrakli savaşda Metexi qalasını ələ keçirib və kilsəni bərpa edib. Kərpic daşların və günbəzin böyük hissəsi XVIII əsrə aiddir. Rus istibdadı qədim Metexi qalasını məhv edib və onu həbsxana ilə əvəzləyib. Kilsənin daxili də əhəmiyyətli dərəcədə dəyişdirilib. Sovet hakimiyyəti türməni ləğv edib, məbədi bağlayan kiçik tikililər də həmçinin sökülüb”.

Metexi kilsəsinin fasadında diqqəti bu məlumat lövhəsindən daha çox cəlb edən isə yazılardır. Həmin yazılar keçmiş həbsxananın məhbuslarının müxtəlif illərdə divarlarda cızdıqları adlar, soyadlar və tarixlərdən ibarətdir. Bir əsrdən çox dəhşət saçmış Metexi qalasının yeganə izləri olan bu yazılar vaxtilə burada öz faciəvi aqibətləri ilə barışmış ümidsiz məhbusların iztirablarını bu gün də təsəvvür etməyə imkan verir.

Seçilən
6
13
teleqraf.com

10Mənbələr