EN

Qəzzada atəşkəsə yaxınıq - Tramp

BAKI, TurkicWorld

Qəzzada böyük irəliləyiş var, atəşkəs çox yaxınlaşır.

TurkicWorld xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffdan aldığı məlumata əsaslanaraq, Qəzzada atəşkəs razılaşmasına çox yaxınlaşıldığını bildirib.

Tramp bu açıqlamanı Hollandiyanın Haaqa şəhərində keçirilən NATO Sammitində verib.

Tramp NATO-nun liderlər sessiyası öncəsi Alyansın baş katibi Mark Rutte ilə keçirdiyi görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. O, İsrail-İran atəşkəsi və Qəzzada mövcud vəziyyətlə bağlı fikirlərini bölüşüb.

“İsraillilər dünən havaya qalxdılar, amma sonra geri döndülər. Mən onların qərarını təqdir etdim. Texniki cəhətdən haqlı idilər, lakin bu, yaxşı nəticə verməyəcəkdi”, – deyə Tramp bildirib.

İsrail və İran arasındakı son münaqişəni şərh edən ABŞ prezidenti, “Sanki məktəb həyətində dava edən iki uşaq kimi davrandılar” ifadəsini işlədib. O, əvvəlcə qarşı tərəflərin bir müddət döyüşməsinə icazə verməyin, daha sonra isə bu prosesi dayandırmağın asan olacağını düşündüyünü qeyd edib.

Qəzzadakı proseslərə toxunan Tramp, “Xüsusi nümayəndəmiz Stiv Witkoff mənə dedi ki, Qəzzada atəşkəsə çox yaxınlaşmışıq. Böyük irəliləyiş var”, – deyə bildirib.

Qeyd edək ki, Tramp sammit çərçivəsində NATO müttəfiqlərindən müdafiə xərclərini ÜDM-in 5 faizi səviyyəsinə qədər artırmağı xahiş edib və Alyansın gələcəkdə daha da güclü olacağını vurğulayıb.

Chosen
84
29
turkic.world

10Sources