EN

"Britaniya F-35A qırıcıları alır: "Soyuq müharibə"dən bəri ilk dəfə nüvə aviasiyası bərpa olunur" - BBC

 
"F-35A"-lar həm nüvə, həm də adi silah daşıya biləcək, Birləşmiş Krallığın hava nüvə rolu geri qayıdır..."
 
Böyük Britaniya son otuz ilin ən mühüm təhlükəsizlik qərarlarından birini verib: hökumət 12 ədəd ABŞ istehsalı olan F-35A tipli beşinci nəsil qırıcı təyyarə alacağını açıqlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, bu təyyarələr həm adi silahlarla, həm də taktiki nüvə bombaları ilə təchiz oluna bilər və NATO-nun hava nüvə missiyasına birbaşa inteqrasiya ediləcək. Baş nazir Kir Starmerin bu barədə rəsmi açıqlamanı NATO sammiti zamanı, iyunun 26-da  Niderlandda verməsi gözlənilir. "Downing Street" bu addımı "bir nəsil ərzində Birləşmiş Krallığın nüvə imkanlarının ən əhəmiyyətli gücləndirilməsi" adlandırıb. 
 
F-35A-ların NATO-nun nüvə strategiyasındakı rolu xüsusidir: onlar Avropada yerləşdirilmiş ABŞ istehsalı olan B61 nüvə bombalarını daşımaq üçün nəzərdə tutulub. Artıq ABŞ, Almaniya, İtaliya və daha bir neçə NATO ölkəsi bu missiyada iştirak edir. İndi isə Britaniya da bu klubun üzvünə çevrilir.
 
Yeni alınacaq F-35A təyyarələri Norfolkda yerləşən RAF bazasında yerləşdiriləcək. Bu modellərdən fərqli olaraq, Britaniyanın hazırda istifadə etdiyi F-35B-lər qısa məsafəli uçuşlar üçün nəzərdə tutulub və silah daşıma qabiliyyəti daha məhduddur. F-35B-lər əsasən dəniz qüvvələrinin "HMS Queen Elizabeth" və "HMS Prince of Wales" aviadaşıyıcılarında yerləşdirilib.
 
Kir Starmer bildirib ki, bu qərar yalnız təhlükəsizlik deyil, eyni zamanda iqtisadiyyat üçün də təkan olacaq. Onun sözlərinə görə, bu layihə ölkədə 100-dən çox şirkəti dəstəkləyəcək və 20 minə yaxın yeni iş yeri yaradacaq: "Radikal qeyri-müəyyənlik dövründə dünyanı artıq əvvəlki kimi sabit saymaq mümkün deyil. Hökumətim ölkənin müdafiəsinə real sərmayə yatırır".
 
NATO-nun baş katibi Mark Rütte də bu addımı yüksək qiymətləndirərək, Britaniyanın Alyansa "çox mühüm bir töhfə" verdiyini deyib. Hazırda Britaniyanın yeganə strateji nüvə daşıma sistemi dənizdə yerləşdirilən "Trident" ballistik raketləridir. Onlar ABŞ-da istehsal edilsə də, döyüş başlıqları Britaniyada hazırlanır və texniki baxımdan Londonun "müstəqil çəkindirici vasitəsi" sayılır.
 
Lakin təhlükəsizlik analitiki Castin Bronkun fikrincə, F-35A-ların alınması Krallığın Hərbi Hava Qüvvələrini yenidən "nüvə oyununa qaytarır". Bu modellər həm daha geniş məsafəyə uçmaq, həm də daha geniş çeşidli silahlar daşımaq qabiliyyəti baxımından "Trident"lərə əhəmiyyətli alternativdir. Eyni zamanda bu addım Avropada nüvə təhlükəsizliyinin təkcə dəniz deyil, hava üzərindən də bərpa olunmasına işarədir.
 
"Soyuq müharibə"dən sonra Britaniya hava ilə nüvə daşıma imkanlarını tamamilə istisna edib. Ancaq Ukraynadakı müharibə, Rusiya və Şimali Koreyadan gələn nüvə təhdidləri və İranın qeyri-sabit davranışı fonunda Londonda bu yanaşma dəyişib.
 
Artıq nüvə çəkindirmə siyasəti geri qayıdır, özü də daha çoxşaxəli və daha çevik formada. Bu qərar qlobal təhlükəsizlik arxitekturasında baş verən dərin dəyişikliklərin əlamətidir və Britaniyanın NATO daxilindəki hərbi-siyasi rolunu gücləndirəcək.
Chosen
54
50
moderator.az

10Sources