"Facebook" və "İnstagram" istifadəçilərinin hesablarında baş verən kütləvi bloklanmalardan sonra indi də facebook qrupları eyni problemlə üzləşib.
Valyuta.az xəbər verir ki, minlərlə qrup gözlənilmədən dayandırılıb və bu hal həm ABŞ-də, həm də digər ölkələrdə müşahidə olunur.
İstifadəçilər bildirirlər ki, bloklanmış qrupların əksəriyyəti ictimai qaydaları pozmayan, əsasən hobbi, gündəlik maraqlar və icma dəstəyi üzərində qurulan platformalardır. Buna baxmayaraq, qruplar "terrorizmlə bağlı məzmun" və ya "çılpaqlıq" kimi qeyri-müəyyən səbəblərlə pozuntu bildirişi alaraq deaktiv edilib.
Məsələ ilə bağlı "Meta"nın sözçüsü Endi Stoun texniki nasazlıq olduğunu təsdiqləyib və problemin aradan qaldırılması üzərində iş getdiyini bildirib. Bir çox istifadəçi vəziyyətin süni intellekt əsaslı avtomatik moderasiya alqoritmaları ilə bağlı ola biləcəyini ehtimal edir.
Bəzi adminlər bildirirlər ki, bir neçə qrup eyni anda silinib və apellyasiya göndərmədən gözləməyi tövsiyə edirlər. "Meta Verified" abunəliyi olan istifadəçilər məhdud dəstək əldə etsələr də, əksəriyyət üçün vəziyyət hələ də qeyri-müəyyəndir.
Hazırda sosial şəbəkələrdə bu cür halların artması narahatlıq doğurur. Oxşar problemlərlə bağlı "Pinterest" və "Tumblr" platformalarında da şikayətlər qeydə alınıb. Lakin "Meta" hələlik nə fərdi hesabların, nə də qrupların bloklanmasının əsas səbəbi barədə rəsmi açıqlama verməyib.
Sərvanə Rəmixanova