İran 12 günlük müharibə zamanı İsrailin bir neçə hərbi bazasına zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə hərbi əməliyyatların təsirlərini müəyyən etmək üçün peyk-radar fotolarının təhlili ilə məşğul olan ABŞ-ın Oreqon Universitetinin alimlərinin “Teleqraf” nəşrinə təqdim etdikləri məlumatlarda qeyd olunub.
Məlumata görə, İranın 6 raketi radioelektron kəşfiyyat mərkəzi və logistika bazası da daxil olmaqla, şimal, cənub və mərkəzi İsraildəki hərbi hədəfləri vurub.
BBC isə bildirib ki, sərt senzura səbəbindən bu barədə ictimaiyyətə məlumat verilməyib.
İsrail hərbi rəsmiləri İranın zərbələri nəticəsində dəyən zərərlə bağlı şərh verməkdən imtina edərək, yalnız bütün müvafiq bölmələrin əməliyyat boyu döyüşə hazır vəziyyətdə qaldığını deyiblər.
“Teleqraf”ın təhlili göstərir ki, İranın əksər raketləri ələ keçirilsə də, münaqişənin ilk səkkiz günü ərzində müdafiə sistemlərini yarıb keçən raketləri sayı durmadan artıb:
“Bunun səbəbləri qeyri-müəyyəndir, lakin ekspertlər deyirlər ki, buna İsrailin məhdud təchizatı, təkmil buraxılış taktikası və İranın daha mürəkkəb raketlərdən istifadə etməsi daxildir”.