AZ

Qlobal istiləşmə  gətirdi: Viruslar daha təhlükəli olur

Koronavirus ştamları artmaqda davam edir – analiz vermək həyati baxımdan vacibdir

Yay mövsümü olmasına baxmayaraq, əhali arasında qripə oxşar əlamətlərlə xəstəlik keçirənlər az deyil. Bəzən bunu pandemiyanın davamı, koronavirusun mutasiyaya uğramış hansısa ştamı hesab edərək təşviş keçirənlər də olur. Problem bundadır ki, qrip, soyuqdəymə əlamətləri uzun müdət davam edir, insanlar çox gec sağalır. Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla Bizim.media-ya açıqlamasında qeyd edib ki, yay mövsümündə əhali arasında yayılan infeksiyanın birmənalı şəkildə koronavirus və ya onun hansısa ştamı olduğunu söyləmək mümkün deyil. Bunun üçün konkret analiz nəticələri əldə edilməlidir. Onun sözlərinə görə, hazırda müşahidə edilən yoluxmalar daha çox soyuqdəymə xarakterli virus infeksiyaları ilə əlaqəlidir:

 “Birmənalı şəkildə yayılan virusun koronavirus olduğunu demək bir qədər çətindir. Bu, digər respirator viruslar da ola bilər. Lakin nəzərə almaq lazımdır ki, "Omicron" ştamı hələ də mutasiyaya uğrayır və dünyanın əksər ölkələrində lokal epidemik ocaqlar şəklində koronavirusa rast gəlinir. Bu baxımdan, Azərbaycanda da bu cür hallar mümkündür”. Professor qeyd edib ki, yayılmış infeksiyanın dəqiq identifikasiyası üçün müvafiq səhiyyə qurumları tərəfindən elmi-tibbi tədqiqatlar aparılmalı, nəticələr əsasında məlumatlandırıcı addımlar atılmalıdır: “Əhali maarifləndirilməlidir. İnsanlar bilməlidir ki, infeksiyanın yayılmasının qarşısını necə almaq olar, karantin qaydaları nədir, xəstəliklə necə davranmaq lazımdır. Çünki insanlar məlumatlı olduqda qaydalara əməl edir və bu da yoluxmanın azalmasına səbəb olur”. 

Həkim-infeksionist Mərdan Əliyev “Sherg.az”a açıqlamasında bildirdi ki, iqlim və mövsüm dəyişiklikləri müxtəlif virusların, infeksiyaların yayılmasına münbit şərait yaradır: 

- ABŞ-nin Havay Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, hazırda məlum olan yoluxucu xəstəliklərin təxminən 58 faizi iqlim dəyişikliyi nəticəsidir. Xəstəlik riskinin artmasına təsir edən ən çox yayılan amil qlobal istiləşmə idi. Eyni zamanda, qlobal istiləşmə nəticəsində quraqlıq və daşqın bir çox yoluxucu xəstəliklərin artmasına səbəb olur. Tədqiqatçılar müəyyən edib ki, insanlara təsir edən mövcud 375 infeksion xəstəlikdən 218-i planetdə iqlim dəyişikliyi səbəbindən xəstəliyin patogenləri daha da təhlükəli olub. Məsələn, anomal leysan yağışları içməli su mənbələrinin çirklənməsinə səbəb olur. Bunun nəticəsində sudan qaynaqlanan bağırsaq infeksiyaları, məsələn, A və E virus hepatitləri, eşerixioz və s. kimi virus və bakterial infeksion xəstəliklərin artımı baş verə bilər. Bilirsiz, yay mövsümündə soyuqdəymə əlamətləri iqlim anomaliyaları ilə də bağlı olur. İyul ayında temperaturun 20-25 dərəcə arası dəyişməsi, havanın küləkli, yağışlı olması, gecələr temperaturun daha da aşağı enməsi bəzi insanlarda diskomfort yaradır. İmmunsistemi zəif olanlar bu cür hava dəyişkənliyi zamanı tez-tez xəstələnirlər. Sağalmanın gecikməsi də yenə immun sistemdəki zəifliklə bağlıdır. Bəzən insanlar yay mövsümüdür deyə, sağlamlıqlarına diqqət etmir, hava mülayim, temperatur aşağı olsa da yay mövsümü tərzi ilə yaşayırlar. Amma insan iqlimə uyğun davranmalıdır. 

M.Əliyev qeyd etdi ki, virusun mənşəyini müəyyənləşdirmək üçün qan nümunəsi verilməli və analizin cavabına uyğun olaraq da xəstəliyin mənbəyi bilinməlidir: 

- İnsanlar analiz verməyə meyilli deyil. Amma mülahizələr irəli sürülür. Koronavirusun bir çox ştamları mövcuddur. Xəstəliyin əlamətləri də qrip, kəskin respirator xəstəliklərin əlamətlərinə oxşardır. Amma dəqiq analiz aparılmadan bunun koronavirus, yaxud onun mutasiyaya uğramış hansısa növü olduğunu söyləmək mümkün deyil. Yenə də insanlarımıza sağlam həyat tərzi keçirməyi, sağlam qidalanmaya üstünlük verməyi, fiziki aktiv olmağı, gigiyena qaydalarına riayət etməyi, tibbi maskalardan istifadə etməyi, xəstəlik əlamətləri özünü göstərirsə, təcrid olunmağı tövsiyə edirik.    

Seçilən
13
50
sherg.az

10Mənbələr