İran hakimiyyəti təsdiqləyib ki, bədnam Evin həbsxanasının “inzibati binasının bir hissəsi” İsrailin hücumu zamanı dağıdılıb və bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması deməkdir. Çünki orada məhbuslar həlak olub və ya yaralanıb.
Hafta.az-ın yazdığına görə, İran Ədliyyəsinin sözçüsü Əsgər Cahangir, Evin həbsxanasındakı “inzibati binanın bir hissəsinin” dağıdıldığını, inzibati və ədliyyə işçilərinin, eləcə də bəzi ziyarətçilərin yaralandığını açıqlayıb. Ölən və yaralananların dəqiq sayını açıqlamayan Cahangir məsələnin hələ də araşdırıldığını vurğulayıb. Evin həbsxanası İsrailin “repressiya orqanları” adlandırdığı Tehrandakı müxtəlif obyektlərə hücumlarının hədəflərindən biri olub.
İran məhkəmə sistemi “Evin”dən məhbusları Tehran vilayətindəki digər həbsxanalara “köçürdüyünü” açıqlayıb. Ədliyyə orqanları nə qədər məhbusun köçürüldüyünü dəqiqləşdirməyib.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Semin əl-Haytan Cenevrədə İsrailin adını çəkmədən jurnalistlərə bildirib ki, “Evin həbsxanası hərbi hədəf deyil və ona zərbə endirilməsi beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır”. Mətbuat katibi onu da qeyd edib ki, İnsan Hüquqları üzrə Ali Komissarlığa həbsxanada yanğın baş verməsi və hələ də dəqiqləşdirilməmiş sayda xəsarətlər barədə məlumat daxil olub.
Qeyd edək ki. Tehranın şimal-qərbində yerləşən Evin həbsxanası 1972-ci ildə şahın hakimiyyəti dövründə qurulub, lakin 1979-cu il İslam İnqilabından sonra özünün ən qaranlıq reputasiyasını qazanmış geniş, güclü möhkəmləndirilmiş kompleksdir. Bu gün siyasi repressiya simvolu kimi tanınan həbsxanada bir çoxu siyasi rəqiblər, jurnalistlər, alimlər və hüquq müdafiəçiləri, həmçinin diplomatik münaqişələrdə sövdələşmə predmeti kimi istifadə edilən ikili vətəndaşlar olan 15 mindən çox məhbus saxlanılır.
Beynəlxalq insan haqları təşkilatları mütəmadi olaraq həbsxanada insan hüquqlarının pozulmasını sənədləşdirən hesabatlar dərc edirlər.