Ötən gün 23 iyun - dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar Bakı Gənclər Mərkəzində tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının əməkdaşları və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək ölkəmizdə uğurlu, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasında Ümummilli liderin xidmətlərini vurğuladı və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində, o cümlədən dövlət quruculuğunda böyük nailiyyətlərinin qazanıldığını diqqətə çatdırıb.
Qeyd olunub ki, ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” qanundur.
Bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.
Daha sonra çıxış edənlər dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik edib və onlara öz fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin sonunda rayonun ictimai həyatında səmərəli fəaliyyətlərinə görə fərqlənən bir sıra şəxslərə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanlar təqdim olunub.







