EN

"Fordonun sonu": ABŞ İranın nüvə obyektlərinə tarixi hava zərbəsi endirib" - "The New York Times"

"İran ya sülhü qəbul edəcək, ya da onu daha böyük zərbələr gözləyir..."
 
ABŞ ilk dəfə olaraq 13 tonluq super bomba tətbiq edib, Tehran isə ağır nəticələri danır
 
ABŞ prezidenti Donald Tramp iyunun 21-i gecə özünün "Truth Social" hesabında bəyan edib ki, ABŞ hərbi hava qüvvələri İranın üç əsas nüvə obyektinə - Fordo, Nətənz və İsfahana uğurlu zərbələr endirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
 
ABŞ İranın nüvə infrastrukturuna zərbə endirib
 
Trampın sözlərinə görə, bombardmançı təyyarələr artıq İran hava məkanını tərk edib və ABŞ ordusu "böyük uğur qazanıb". Prezident vurğulayıb ki, əsas hədəf olan Fordoya tam döyüş yükü boşaldılıb: "Dünyada bu əməliyyatı uğurla yerinə yetirə biləcək ikinci bir ordu yoxdur. İndi sülh vaxtıdır!".
 
Ardınca Tramp bu hadisəni "tarixi an" adlandırıb və əlavə edib  ki, "İran bu müharibəyə son verməyə razı olmalıdır". Hazırda istifadə olunan bombaların dəqiq növləri açıqlanmasa da, sızan məlumatlar hadisənin miqyasını ortaya qoyur.
 
13 tonluq super bomba istifadə olunub
 
Qəzetin yazdığına görə, bu əməliyyatda ilk dəfə real döyüş şəraitində "GBU-57 Massive Ordnance Penetrator" (MOP) adlanan 13 tonluq bunkerə nüfuz edən super bomba tətbiq olunub. ABŞ-ın ən güclü aviazərbə vasitələrindən biri olan bu bomba təxminən 61 metr dərinlikdə yerləşən möhkəmləndirilmiş obyektləri məhv etmək gücünə malikdir.
 
Əməliyyatda iştirak edən "B-2 Stealth Bombers", yəni radarlardan yayınan strateji bombardmançılar
ABŞ-ın Missuri ştatındakı Uaytmen aviabazasından havaya qalxaraq 37 saat fasiləsiz uçuş həyata keçirib və səmada bir neçə dəfə yanacaqla təmin olunub. "Fox News"-un verdiyi məlumata görə, Fordo obyektinə altı bunker bombası, digər hədəflərə isə 30 ədəd "Tomahawk" qanadlı raketi atılıb.
 
Tehran zərbələri rədd edib, amma...
 
İranın rəsmi dairələri isə zərbələrin effektini azaltmağa çalışır. Qum əyalətinin fövqəladə hallar nümayəndəsi Fordo ərazisinin bir hissəsinə hava hücumu olduğunu təsdiqləyib. İranın dövlət televiziyasının siyasi direktoru Həsən Abedini isə bildirib ki, bu obyektlər bir müddət əvvəl təxliyə edilib və zərər azdır. Eyni zamanda, İran Xarici İşlər Nazirliyinin sözçüsü xəbərdarlıq edərək bildirib ki, ABŞ-ın hərbi müdaxiləsi regionda "tammiqyaslı müharibə"yə səbəb ola bilər.
 
İsrailin hücumları və regional gərginlik
 
Qeyd edək ki, İsrail iyunun 13-də artıq İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb,  nüvə obyektlərinə və hərbi bazalara zərbələr endirib. Təl-Əviv bu addımını İranın atom bombasına yaxınlaşması ilə izah edib. Tehran isə yüzlərlə dron və ballistik raketlərlə cavab verib. İsrail baş naziri Benyamin Netanyahu bəyan edib ki, bu hücumlar İranın nüvə proqramını "illərlə geri atıb".
 
"İran ya sülhü qəbul edəcək, ya da onu daha böyük zərbələr gözləyir"
 
Trampın son açıqlamaları isə daha sərt olub: "Fordo artıq yoxdur" yazısı ilə OSINT hesablarından birinin paylaşımını nümayiş etdirən prezident bildirib ki, əgər Tehran sülhə gəlməzsə, "ABŞ daha geniş və dağıdıcı hücumlara keçəcək". Hazırda Ağ Ev və Pentaqon əməliyyatın bütün detallarını açıqlamasa da, bu zərbələr Yaxın Şərqdə vəziyyəti kökündən dəyişə biləcək yeni mərhələyə işarə edir.
 
ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələr, istər hərbi texnologiya baxımından, istərsə də geosiyasi nəticələri etibarilə, müasir dövrün ən riskli və sarsıdıcı hadisələrindən biridir. Tramp administrasiyası bu addımı "sülh üçün zəruri zərbə" kimi təqdim edir, Tehran isə bu hərəkətin ciddi qarşılığı olacağını bildirir. Yaxın günlərdə bölgədəki vəziyyətin daha da gərginləşməsi istisna olunmur.
Chosen
21
50
moderator.az

10Sources