EN

ABŞ-nin İranın nüvə obyektlərinə zərbəsindən sonra radioaktiv çirklənmə qeydə alınıb?

İranın Nüvə Təhlükəsizliyi Mərkəzi ABŞ-ni İslam Respublikasındakı nüvə obyektlərinə zərbələr endirməkdə rəsmən ittiham edib.
 
Bu barədə İranın Atom Enerjisi Təşkilatının bəyanatında deyilir.
 
"ABŞ-nin Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə beynəlxalq hüquq və nüvə təhlükəsizliyi normalarını pozmaqla həyata keçirilən cinayətkar hücumundan sonra Mərkəz bu obyektlərin radioaktiv çirklənməsinə dair analiz aparıb", - deyə bəyanatda qeyd olunub.
 
Əvvəlcədən lazımi tədbirlər görüldüyündən hücumdan sonra çirklənmə izləri qeydə alınmayıb. Ətraf ərazilərdə də əhali üçün təhlükə yoxdur.
 
Səudiyyə Ərəbistanının Nüvə Təhlükəsizliyinə və Radiasiya Fonuna Nəzarət üzrə Milli Komissiyası da ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrindən sonra açıqlama yayıb.
 
Komissiya "X" sosial şəbəkə hesabında bildirib ki, hücumlardan sonra Fars körfəzi ölkələrində radiasiya fonunda dəyişikliklər qeydə alınmayıb:
 
"Amerika hərbi qüvvələrinin İranın nüvə obyektlərinə zərbələri nəticəsində Səudiyyə Ərəbistanı və Fars körfəzi dövlətlərinin ətraf mühitinə radioaktiv təsir qeydə alınmayıb".
 
Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranda Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə zərbələr endirib.
Chosen
37
50
moderator.az

10Sources