ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə endirdiyi son zərbələr İsrailin Müdafiə Ordusu ilə razılaşdırılıb.
Far.Az xəbər verir ki, bu barədə məlumatı "The Times of Israel" nəşrinə açıqlamasında İsrail Ordusunun nümayəndəsi, briqada generalı Efi Defrin verib.
Onun sözlərinə görə, İsrail Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir İranla müharibənin başlanmasından bu yana amerikalı həmkarları ilə daimi əlaqədədir. Defrin bildirib ki, iki ölkə arasında hərbi koordinasiya son vaxtlar daha da intensivləşib.
"Bizim konkret planlarımız və hədəflərimiz var. Bu məqsədlərə çatmaq üçün fəaliyyətimizi davam etdirəcəyik", – deyə general mətbuat konfransında vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən üç nüvə obyektinə hava zərbələrinin uğurla həyata keçirildiyini açıqlayıb. İran tərəfi hücum faktını təsdiqləyib və ölkənin nüvə proqramını inkişaf etdirməyə davam edəcəyini bəyan edib.