EN

Latviyada Azərbaycanın üzləşdiyi mina təhlükəsinə dair müzakirələr aparılıb

Riqada “Azərbaycanda minatəmizləmə fəaliyyəti: prioritetlər və təhdidlər” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə "Report"a Azərbaycanın Latviyadakı səfirliyindən məlumat verilib.

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov Ermənistanın 30 ilə yaxın davam edən hərbi işğalı nəticəsində Azərbaycanın mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu bildirib:

"İşğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində təqribən 1,5 milyon mina və partlamamış hərbi sursatlar basdırılıb, bu da Azərbaycan ərazisinin 13 faizdən çoxunu əhatə edir. Azərbaycanın üzləşdiyi bu problem mülki əhali üçün ciddi təhlükə yaradır, işğaldan azad edilmiş ərazilərin bərpasına və keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına əngəl törədir".

Latviyanın sabiq Prezidenti Raymonds Veyonis Azərbaycanda mövcud mina probleminin törətdiyi fəsadlara toxunaraq sözügedən təhlükənin böyük olduğunu qeyd edib:

"Müharibə bitsə də, lakin davamlı sülh üçün təhlükəsiz yaşamaq imkanı əhəmiyyət kəsb edir. Azərbaycana yalnız sözlər ilə deyil, siyasi iradə göstərərək praktiki beynəlxalq dəstək göstərilməlidir. Latviya özü də Birinci və İkinci Dünya müharibələrindən qalmış partlamamış hərbi sursatlardan əziyyət çəkib".

“Şimali Avropa Siyasəti Mərkəzi”nin sədri, Latviyanın sabiq müdafiə naziri Artis Pabriks Azərbaycanın Latviya üçün Cənubi Qafqazda uzun illər strateji tərəfdaş olduğunu diqqətə çatdırıb:

"Tədbirdə Latviyanın müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edir. Müzakirələr hər iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığa təkan verəcək. Azərbaycan öz torpaqlarını işğaldan azad etmiş dünyanın nadir ölkələrdən biridir, lakin hələ də mina təhlükəsindən əziyyət çəkir və bu problemin həll olunması üçün beynəlxalq yardımın göstərilməsi zəruridir. Azərbaycanda mövcud mina problemi insan həyatı üçün təhlükəli olmasından əlavə mədəni irsə böyük təhdiddir".

Milli Məclisinin üzvü Qaya Məmmədov Azərbaycan torpaqlarının işğaldan azad olmasından sonra məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün hökumətin külli miqdarda vəsait xərclədiyini, lakin Ermənistanın həm də keçmiş təmas xəttindən uzaq, mülki ərazilərdə mina basdırmasının prosesə ciddi əngəl törətdiyini söyləyib:

"Problemin miqyası böyükdür, lakin azad olunmuş torpaqların mina və partlamamış hərbi sursatlardan təmizləmək üçün xarici yardımın 5 faizdən də azdır. Beynəlxalq dəstəyin artırılması insan həmrəyliyi və davamlı sülhün əldə edilməsi baxımından vacibdir".

Azərbaycanın Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov minatəmizləmə sahəsində fəaliyyətə dair təqdimat keçirib. O, mina və partlamamış hərbi sursatlarla dünyada ən əziyyət çəkən ölkələrdən biri olan Azərbaycanın üzləşdiyi problemin miqyası, ANAMA-nın humanitar minatəmizləmə fəaliyyəti, mina təmizləmənin bərpa və yenidənqurma işlərindəki önəmi, mina təhdidlərinin yaratdığı fəsadlar və insan sağlamlığına vurduğu zərər barədə ətraflı məlumat verib. S.Poladov minaların humanitar problemlərdən əlavə, ətraf mühitə də ziyan yetirdiyini və Azərbaycan minatəmizləmə problemlərinin həlli üçün beynəlxalq donorların da iştirakının əhəmiyyətini vurğulayıb.

Chosen
11
3
report.az

4Sources