AZ

Riqada Azərbaycanın mina probleminə dair dəyirmi masa təşkil olunub

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Latviyadakı səfirliyinin, Minatəmizləmə Agentliyinin və Latviyanın Şimali Avropa Siyasəti Mərkəzinin birgə təşkilatçılığı ilə Riqa şəhərində “Azərbaycanda Minatəmizləmə fəaliyyəti: Prioritetlər və təhdidlər” mövzusunda dəyirmi masa keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov tədbirin məqsədinin Azərbaycanın üzləşdiyi mina təhlükəsi, minatəmizləmə sahəsində aktual aspektləri, xüsusilə humanitar minatəmizləmə, beynəlxalq yardım və əməkdaşlığın zəruriliyi ilə bağlı məsələləri işıqlandırmaq olduğunu diqqətə çatdırıb. O, Ermənistanın 30 ilə yaxın davam edən hərbi işğalı nəticəsində Azərbaycanın mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu bildirib. Vurğulayıb ki, işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində təqribən 1,5 milyon mina və hərbi sursat basdırılıb, bu da Azərbaycan ərazisinin 13 faizdən çoxunu əhatə edir. Bu problem isə mülki əhali üçün ciddi təhlükə yaradır, işğaldan azad edilmiş ərazilərin bərpasına və keçmiş məcburi köçkünlərin təhlükəsiz, ləyaqətli şəkildə qayıdışına əngəl törədir.

Latviyanın sabiq Prezidenti Raymonds Veyonis Azərbaycanda mövcud mina probleminin törətdiyi fəsadlara toxunaraq, sözügedən təhlükənin böyük olduğunu qeyd edib və ANAMA-nın humanitar minatəmizləmə fəaliyyətini yüksək qiymətləndirib. O, müharibənin bitməsinə baxmayaraq davamlı sülh üçün təhlükəsiz yaşamaq imkanının əhəmiyyət kəsb etdiyini bildirib. R.Veyonis Azərbaycana yalnız sözlər ilə deyil, siyasi iradə göstərərək praktiki beynəlxalq dəstəyin edilməsinə çağırıb. O, həmçinin Latviyanın özünün də Birinci və İkinci Dünya müharibələrindən qalan partlamamış hərbi sursatlardan əziyyət çəkdiyini, Azərbaycanın əldə etdiyi bilik və təcrübəni nəzərə alaraq, bu sahədə ikitərəfli əməkdaşlığın faydalı olacağını vurğulayıb.

Şimali Avropa Siyasəti Mərkəzinin sədri, Latviyanın sabiq müdafiə naziri Artis Pabriks ölkəmizin Latviya üçün Cənubi Qafqazda uzun illər strateji tərəfdaş olduğunu diqqətə çatdıraraq, hazırkı dəyirmi masanın Azərbaycanın üzləşdiyi mina təhlükəsi ilə yaxından tanış olmaq üçün imkan yaratdığını bildirib. O, tədbirdə Latviyanın müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakını qeyd edib və müzakirələrin hər iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığa təkan verəcəyinə ümidvarlığını ifadə edib. A.Pabriks Azərbaycanın öz torpaqlarını işğaldan azad etmiş dünyanın nadir ölkələrdən biri olduğunu, lakin hələ də mina təhlükəsindən əziyyət çəkdiyini və bu problemin həll olunması üçün beynəlxalq yardımın göstərilməsinin zəruriliyini vurğulayıb. O, Azərbaycanda mövcud mina probleminin insan həyatı üçün təhlükə mənbəyi ilə yanaşı, mədəni irsə böyük təhdid olduğunu bildirib.

Sonra çıxış edən Milli Məclisin deputatı Qaya Məmmədov keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün Azərbaycan Hökumətinin külli miqdarda vəsaitin xərclədiyini, lakin Ermənistanın, həmçinin keçmiş təmas xəttindən uzaq mülki ərazilərdə mina basdırmasının soydaşlarımızın qayıtması üçün ciddi əngəl törətdiyini diqqətə çatdırıb. Q.Məmmədov problemin miqyasının böyüklüyünə, azad edilmiş torpaqların mina və partlamamış hərbi sursatlardan təmizlənməsi üçün xarici yardımın 5 faizdən də az olmasına diqqəti cəlb edərək, beynəlxalq dəstəyin artırılmasının insan həmrəyliyi və davamlı sülhün əldə olunması baxımından vacibliyini vurğulayıb. O, minatəmizləmə sahəsində ölkəmizin qazandığı bilik və təcrübənin artıq beynəlxalq tərəfdaşlarla bölüşməsi barədə söz açıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov minatəmizləmə sahəsində fəaliyyətə dair təqdimat keçirib. O, mina və partlamamış hərbi sursatlarla dünyada ən çox əziyyət çəkən ölkələrdən biri olan Azərbaycanın üzləşdiyi problemin miqyası, ANAMA-nın humanitar minatəmizləmə fəaliyyəti, minatəmizləmənin bərpa və yenidənqurma işlərindəki önəmi, mina təhdidlərinin yaratdığı fəsadlar və insan sağlamlığına vurduğu zərər barədə ətraflı məlumat verib. S.Poladov minaların humanitar problemlərdən əlavə, ətraf mühitə də ziyan yetirdiyini və Azərbaycanda minatəmizləmə problemlərinin həlli üçün beynəlxalq donorların da iştirakının əhəmiyyətini vurğulayıb. O, ANAMA-nın sözügedən sahədə topladığı təcrübə haqqında söz açıb və minatəmizləmə əməliyyatları zamanı yeni texnologiyaların, avadanlıqların və müasir yanaşmaların tətbiq etdiyini diqqətə çatdırıb.

Sonra Latviya Milli Silahlı Qüvvələrinin polkovnik-leytenantı Kaspars Ladzinş mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi sahəsində ölkəsinin təcrübəsini bölüşüb.

Tədbir müzakirələrlə davam etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
3
azertag.az

4Mənbələr