EN

Şpionumuz Bondarçuk

Yaxud Azdramanı sakitləşdirmək üçün dronlar lazımdır

Azdramada rəhbərlik və aktyorlar arasında münaqişə yenidən qızışmışdır. Deyəsən onlar İsrail-İran toqquşmasından nümunə götürmüşlər. Analiz lazımdır. Yox, yaradıcı heyətin sağlıq durumunu yoxlamaq üçün tibbi analizləri nəzərdə tutmuram, maşallah, ümid edirəm hamısı turp kimidir. Sadəcə, gərək geopolitiklərimiz avara vaxtlarında oturub təhlil etsinlər, məncə hansısa qanunauyğunluq ortaya çıxacaqdır: beynəlxalq aləmdə ara qızışanda bizim Azdramada da temperatur yüksəlir.

İnşallah, insan tələfatı olmaz. Yoxsa xalq artistini yetişdirmək, baş rejissoru əmələ gətirmək sizin üçün asan sayılmasın. Amerikada 1 qırıcı uçaq pilotunun formalaşmasına 5 il təhsil və 1 milyon dollar pul lazımdırsa, Azərbaycanda 1 xalq artisti qayırmağa onillər və milyonlar lazımdır.

Əməkdar artist nisbətən ucuz olur, ancaq onların sənət intriqalarında istifadə imkanları məhduddur. Haqlı olaraq deyirlər ki, nəyimizə lazımdır, qoy ilk növbədə xalq artistləri qəhrəmancasına şəhid olsun, sonrasına baxarıq.

Sözgəlişi, Azdrama davasını bir ara mədəniyyət naziri həll etmək istəmişdi. Tərəflər arasında qapalı görüş keçirilmiş, atəşkəs müqaviləsi imzalanmış, Azdramanın statusunu gələcəkdə referendum yolu ilə müəyyənləşdirmək qərara alınmışdı. Lakin qısa müddət keçib, görünür heç zad alınmamışdır. Pambıqçı əmək qəhrəmanı Xuraman Abbasova da sağ deyil, gedib ortaya yaylıq atsın, münaqişə alovlarını söndürsün.

Dünən mən hardasa oxudum, hətta artıq prosesə Türkiyə qoşulubdur. İstanbul teatrlar şurası Azdrama ilə münasibətlərə son qoymuşdur. Deyir Azdramanın başçısı türk teatrları haqda nəsə neqativ çıxış edibmiş. Onun düşmənləri dərhal bu söhbəti aparıb türklərin ovcuna qoyublar.

Heç yaraşmır. Biz axı “bir millət-iki teatr” olmalıyıq! Bu işə Türkiyəni niyə qatırsınız? Bəlkə Trampa, Netanyahuya üz tutasınız?

Lakin öz milli xalq artistlərimizdən Ağadadaş müəllim gəlib ortaya balta ata bilər. Ya da Alim müəllim çıxsın səhnəyə, rep oxusun, siz də oynaşın. Axırda muğam festivalının münsiflər heyətindəki bloqerlər də qiymətləndirsin. Şair demişkən, kəssə hər kim Azdramadakı davanı, qurtaran dahi odur milli teatromuzu.

Əgər mövqeyim sizi maraqlandırırsa, şəxsən mən aktyorların tərəfindəyəm. Çünki Azdramanın indiki müdir(ə)si həqiqətən intriqaçıya bənzəyir. Aktyor peşəsi elə incə peşədir ki, gərək bunu seçənlərə hörmətlə yanaşasan. Dahilərdən biri demişdir: “Aktyorlar zaman səyyahlarıdır”. Doğrudan da, bir aktyor dünən Kral Liri, bu gün Şəmil və Şöşünü, sabah da, nə bilim, Leyli-Məcnunu oynayar, hər rola girər. Bunlar insandan böyük enerji tələb edir. Biz müdirin qabağında, AzTV kamerası önündə yarım dəqiqə dona girəndə canımızdan can ayrılır, qan-tərə batırıq bəzən, aktyorlar isə hər dona girir.

Leyli demişkən, təzəlikcə Leyli-Məcnun operasında baş rolu ağsaqqal və ağbirçəyin oynaması gündəmə çıxarılmışdı. Camaat mız qoyurdu, guya Leyli və Məcnun əsərə uyğun olaraq gənc yaşda olmalıdır. Ancaq bu, arxaik, hətta deyərdim kriminal mövqedir. Əsərə qalsa Leyli və Məcnun məktəbdə bir-birinə aşiq olurdu. Biz indi azyaşlı evliliyinə qarşı qanunlar qəbul etmişiksə, personajların yaşlı olması daha məqbuldur. İnanmırsınızsa əsərdən bir parçanı oxuyaq: “Məktəbdə onunla oldu həmdəm, Bir neçə mələkmisal qız həm. Bir səf qız oturdu, bir səf oğlan, Cəm oldu behiştə hurüqılman”. Vallah, indi nazirlik belə şərait yaratsa xalq məktəbi dağıdar. Hələ ardı da var: “Könlünü qılırdı Qeys xürrəm. Qəsdən unudurdu dərsin ol zar, Leyliyə deyirdi: “Ey vəfadar!... Mən bilmədigim mənə oxutgil, Dərsim oxuyam qulaq tutgil!” Təbii ki, bu cür hazırlıqla testdən kəsilmək labüd idi.

Qayıdaq aktyor temasına. Sizə bir dövlət sirri açıram: rusiyalı rejissor Fedor Bondarçuk və aktyor Nikolay Koloqriviy bizim agentlərimizdir. İnanmırsınızsa bəzi İran ekspertlərini oxuyun. Onlar demişdi ki, dava başlayanda Azərbaycan İsrailə işləyən agentlərini qaçırtmaq, aradan çıxarmaq üçün quru sərhədini açdı. Biz isə neçə gündür baxırıq, görürük sərhəddən ancaq rusiyalı kinoçəkənlər Bondarçuk və dəstəsi keçib. Deməli məntiqlə Bondarçuk bizim milli şpionumuzdur.

Bərəkallah. İran elə bu ağılla işlədiyi üçün vəziyyət dramatikdir.

Az qala unutmuşdum, hələ rusların Çaykovski simfonik orkestri bizim lap qatı casuslarımızdır, çünki hələ İranda qalıblar, evakuasiya edə bilmirik, ya da buna ehtiyac görmürük. Nırç, nırç, nırç... Bir də gördün Tehranın mərkəzində açıq-aşkar qaz rəqsi oynayırlar. Baldırı açıq zənənlər isə İranın birbaşa dövlətçiliyinə təhlükədir. Baldır görən kimi yıxılırlar. Məndə məlumat var ki, İsrail bəzi raketlərin içinə bomba yerinə lüt arvad şəkilləri qoyub İrana atırmış. Vay allahsızlar...

Chosen
26
19
musavat.com

10Sources