AZ

Aqrar sektorda yeni yol xəritəsi



Cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə sadəcə növbəti sahə müşavirəsi kimi deyil, ölkənin gələcək iqtisadi inkişaf prioritetlərini müəyyən edən mühüm strateji platforma kimi qiymətləndirilməlidir. Çünki burada səsləndirilən fikirlər yalnız kənd təsərrüfatının cari vəziyyətinin təhlili ilə məhdudlaşmadı, eyni zamanda qarşıdakı illərdə Azərbaycanın ərzaq təhlükəsizliyi, regional inkişafı, investisiya siyasəti və kənd həyatının gələcəyi ilə bağlı əsas istiqamətləri də müəyyənləşdirdi. Son iyirmi ildən artıq müddətdə Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas xüsusiyyətlərindən biri inkişafın paytaxtla məhdudlaşdırılmaması, regionların iqtisadi və sosial cəhətdən gücləndirilməsi oldu. Hələ 2004-cü ildə başlanmış regional inkişaf proqramları kənd təsərrüfatının inkişafı üçün də yeni imkanlar yaratdı. O dövrdə regionların böyük hissəsində qaz təminatı zəif idi, elektrik enerjisi ilə bağlı ciddi problemlər yaşanırdı, yollar yararsız vəziyyətdə idi, su təchizatı sistemi isə müasir tələblərə cavab vermirdi. Kənd təsərrüfatının inkişafı üçün vacib olan infrastruktur olmadan böyük nəticələr əldə etmək mümkün deyildi. Məhz həyata keçirilən proqramlar nəticəsində kəndlərin iqtisadi siması dəyişməyə başladı. Bu gün ölkədə qazlaşdırmanın yüksək səviyyəyə çatması, elektrik enerjisi sahəsində tam təminatın yaradılması, minlərlə kilometr yolun çəkilməsi, iri su anbarlarının və kanalların istifadəyə verilməsi kənd təsərrüfatının inkişafı üçün tamamilə yeni mühit formalaşdırıb.

Lakin müşavirədə diqqəti cəlb edən əsas məqam ondan ibarət idi ki, cənab Prezident İlham Əliyev əldə edilən uğurlarla kifayətlənməyin mümkün olmadığını xüsusi vurğuladı. Çünki dünya sürətlə dəyişir və kənd təsərrüfatı da artıq əvvəlki qaydalarla inkişaf etmir. Müasir dövrün reallıqları göstərir ki, kənd təsərrüfatı artıq təkcə məhsul istehsalı məsələsi deyil. Bu gün ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Dünyanın müxtəlif bölgələrində davam edən müharibələr, geosiyasi gərginliklər, enerji bazarlarında qeyri-sabitlik, nəqliyyat marşrutlarında yaranan problemlər bir çox ölkələri ciddi risklərlə üz-üzə qoyur. İllərlə xarici bazarlardan asılılıq üzərində qurulan modellər artıq əvvəlki qədər etibarlı görünmür. Müşavirədə səsləndirilən fikirlər göstərir ki, ölkənin əsas məqsədlərindən biri daxili istehsal imkanlarını daha da artırmaq, strateji məhsullar üzrə idxaldan asılılığı azaltmaq və milli ərzaq təhlükəsizliyini daha etibarlı əsaslar üzərində qurmaqdır. Bu baxımdan rəqəmlər də müəyyən mənzərə yaradır. Bir çox məhsullar üzrə Azərbaycan artıq özünü təmin etmək imkanına malikdir və bəzi istiqamətlərdə ixrac potensialı da formalaşıb. Meyvəçilik, tərəvəzçilik, fındıqçılıq, bostançılıq, şəkər istehsalı və digər sahələrdə əldə olunan nəticələr bunu göstərir. Lakin müəyyən istiqamətlərdə, xüsusilə buğda, bitki yağları, süd və ət məhsulları üzrə hələ də əlavə addımlara ehtiyac qalır. Müşavirənin diqqətçəkən tərəflərindən biri kənd təsərrüfatının gələcəyinin texnologiyalar üzərində qurulması ilə bağlı mesajlar oldu. Torpağın ənənəvi üsullarla idarə olunması artıq kifayət etmir.

Torpaqların elektron xəritələrinin hazırlanması, hər torpaq sahəsinin məhsuldarlıq potensialının müəyyənləşdirilməsi, süni intellekt və peyk texnologiyalarından istifadə edilməsi yeni yanaşmanın əsas elementləri kimi göstərildi. Bu yanaşma kənd təsərrüfatına fərqli baxış formalaşdırır. Artıq məqsəd yalnız daha çox əkin aparmaq deyil, hər torpaq sahəsindən maksimum səmərə əldə etməkdir. Hansı ərazidə hansı məhsulun daha yüksək gəlir verəcəyini dəqiq hesablamaq gələcək strategiyanın əsas istiqamətlərindən birinə çevrilir.

Su resurslarının idarə olunması məsələsi də müşavirənin mühüm mövzularından biri idi. İqlim dəyişikliklərinin təsiri altında su ehtiyatlarının daha rasional istifadəsi həyati əhəmiyyət daşıyır. Son illərdə böyük su anbarlarının tikilməsi, Qarabağ və Şərqi Zəngəzurda yeni layihələrin həyata keçirilməsi, Şirvan və Qarabağ kanallarının yenidən qurulması istiqamətində görülən işlər gələcək inkişafın mühüm dayaqları hesab edilir. Müasir suvarma sistemlərinin tətbiqi xüsusilə məhsuldarlığın artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu texnologiyalar yalnız suya qənaət etməyə deyil, həm də daha yüksək məhsul əldə etməyə imkan yaradır. Müşavirədə diqqət çəkən digər vacib məqamlardan biri kəndin sosial həyatına yeni baxışın təqdim olunması idi. Uzun illərdir dünyanın bir çox ölkələrində kəndlərdən şəhərlərə köç prosesi güclənir. İnsanlar iş, təhsil və daha yaxşı yaşayış şəraiti axtarışında böyük şəhərlərə üz tuturlar. Lakin cənab Prezident İlham Əliyevin səsləndirdiyi yanaşma fərqli hədəfi ortaya qoyur: kəndlərdən şəhərlərə axın deyil, şəhərlərdən kəndlərə dönüş prosesi.

Yeni hazırlanacaq Dövlət Proqramının əsas məqsədi də məhz bu yanaşmanı reallığa çevirməkdir. Dövlət və özəl sektorun birgə fəaliyyəti nəticəsində milyardlarla manat investisiyanın cəlb olunması nəzərdə tutulur. Bu müşavirə bir daha göstərdi ki, Azərbaycan kənd təsərrüfatı yalnız məhsul istehsalı mərhələsini geridə qoyaraq daha geniş strateji mərhələyə keçir. Burada söhbət torpaqdan başlayıb texnologiyaya, fermerdən başlayıb investorlara, kənd həyatından başlayıb milli təhlükəsizliyə qədər uzanan geniş inkişaf modelindən gedir. Artıq əsas məsələ torpağın sadəcə becərilməsi deyil. Əsas məqsəd kənd təsərrüfatını müasir iqtisadiyyatın aparıcı qüvvələrindən birinə çevirməkdir. Bu istiqamətdə atılan addımlar isə Azərbaycanın qarşıdakı illərdə daha güclü ərzaq təhlükəsizliyi sisteminə, daha rəqabətli kənd təsərrüfatına və daha dayanıqlı iqtisadi modelə sahib olacağını göstərir.


Rəşad Əsgərov, “Kompleks qazma işləri” trestinin YAP ”Dəniz Neftçiləri” ərazi partiya təşkilatının sədri.



Seçilən
43
50
aia.az

10Mənbələr