AZ

Aqrar sahənin inkişafı üçün dövlət dəstəyi genişləndirilir



Dövlət idarəçiliyində elə qərarlar və baxışlar mövcuddur ki, onların dəyəri yalnız cari dövrün çərçivəsində qiymətləndirilmir. Cənab Prezident İlham Əliyevin kənd təsərrüfatına dair keçirilən müşavirədə səsləndirdiyi fikirlər də məhz belə strateji düşüncənin nümunəsidir. Bu çıxış təkcə istehsal göstəriciləri, subsidiya siyasəti və iqtisadi nəticələrin təqdimatı deyildi. Burada daha dərin məzmun var idi – Azərbaycanın gələcək kənd modeli, kənd həyatının yeni inkişaf fəlsəfəsi və ölkənin ərzaq təhlükəsizliyinin uzunmüddətli perspektivi.

Son illərdə ölkədə reallaşdırılan regional inkişaf proqramları aqrar sektor üçün tamamilə yeni şərait formalaşdırıb. Bir zamanlar əsas infrastruktur problemləri ilə üzləşən bölgələr bu gün fərqli simaya sahibdir. Vaxtilə qazlaşdırılmamış kəndlərə təbii qaz çəkilib, enerji təchizatındakı çətinliklər aradan qaldırılıb, yollar salınıb, su anbarları yaradılıb və suvarma kanalları yenilənib. Əslində kənd təsərrüfatının inkişafı yalnız torpaqdan əldə olunan məhsulla ölçülə bilməz. Aqrar sahənin mərkəzində insan dayanır. İnsan isə yaşamaq üçün rahat sosial mühitə, etibarlı infrastruktura və təminata ehtiyac duyur. Məhz buna görə də son illərdə bölgələrdə məktəblərin, xəstəxanaların tikilməsi, xidmət sahələrinin genişlənməsi aqrar siyasətin ayrılmaz hissəsinə çevrilib.

Cənab Prezident İlham Əliyevin müşavirədə xüsusi toxunduğu məsələlərdən biri də kənd və şəhər arasındakı fərqin minimuma endirilməsi idi. Uzun illər ərzində bir çox ölkələr oxşar problemlə qarşılaşıb: kəndlər boşalır, əhali şəhərlərə üz tutur, istehsal imkanları zəifləyir. Azərbaycan isə bu prosesə fərqli baxış nümayiş etdirir. Məqsəd kənddən şəhərə köçü sürətləndirmək deyil. Əsas hədəf elə şərait formalaşdırmaqdır ki, şəhərdən kəndə maraq və dönüş yaransın. Bu yanaşma yalnız demoqrafik məsələ deyil. Bu, iqtisadi və sosial düşüncənin yenilənməsi deməkdir. Çünki müasir kənd artıq sadəcə əkin-biçin aparılan məkan deyil; xidmət sektorunun, turizmin, kiçik sahibkarlığın və innovativ texnologiyaların inteqrasiya olunduğu yaşayış mühitinə çevrilməlidir.

Müşavirədə səsləndirilən statistik göstəricilər göstərir ki, son illərdə bir sıra sahələrdə nəzərəçarpacaq nəticələr əldə olunub. Pambıqçılıq yenidən yüksəliş mərhələsinə qədəm qoyub. Bir dövr istehsalı minimum həddə enmiş sahədə artıq yüz minlərlə ton məhsul əldə edilir. Baramaçılıq yenidən canlanıb, fındıqçılıq genişlənib, meyvəçilik və tərəvəzçilik isə ixrac potensialını gücləndirib.

Bununla yanaşı, əldə olunan nailiyyətlərlə kifayətlənməmək çağırışı da müşavirənin əsas mesajlarından biri idi. Dövlət başçısı vurğuladı ki, kənd təsərrüfatında mövcud inkişaf dinamikası tam arzuolunan səviyyədə deyil. Bu isə göstərir ki, əvvəlki mərhələdə istifadə olunan üsullar gələcək inkişaf üçün artıq yetərli hesab oluna bilməz. Dünya dəyişir. Müharibələr, nəqliyyat-logistika problemləri, enerji böhranları və iqlim dəyişikliyi ərzaq məsələsini hər bir dövlət üçün strateji prioritetə çevirib. Artıq məsələ yalnız bazara məhsul çıxarmaqdan ibarət deyil. Burada dövlətlərin təhlükəsizliyi və dayanıqlılığı ön plana çıxır. Məhz bu səbəbdən müşavirədə özünütəminetmə göstəricilərinə xüsusi önəm verildi. Bir sıra məhsullar üzrə Azərbaycan mühüm nəticələrə nail olsa da, bəzi strateji istiqamətlərdə xarici asılılıq hələ də qalmaqdadır. Xüsusilə buğda ilə bağlı vəziyyət diqqət mərkəzindədir. Ərzaq təhlükəsizliyinin əsas komponentlərindən biri olan bu məhsul üzrə təminatın arzu edilən səviyyəyə çatmaması yeni yanaşmaların vacibliyini ortaya qoyur.

Ölkə Prezidentinin çıxışının ən diqqətçəkən tərəflərindən biri yalnız problemləri sadalamaq deyil, eyni zamanda konkret həll mexanizmləri təqdim etməsi idi. Yeni mərhələdə torpaq resurslarından istifadəyə daha sistemli yanaşma tətbiq olunacaq. Hər torpaq sahəsinin öz “pasportu” hazırlanacaq. Müasir texnologiyalar, süni intellekt, peyk müşahidələri və elektron analiz vasitəsilə müəyyənləşdiriləcək ki, hansı ərazidə hansı məhsul daha səmərəli və gəlirli nəticə verə bilər. Bu, sadəcə texniki yenilik deyil, kənd təsərrüfatının elmi əsaslarla idarə olunan yeni inkişaf modelidir.

Su təminatı da dövlət başçısının çıxışında əsas mövzulardan biri kimi xüsusi yer aldı. Yeni su anbarlarının tikilməsi, Qarabağ və Şərqi Zəngəzur bölgəsində həyata keçirilən layihələr, Şirvan və Qarabağ kanallarının yenidən qurulması yalnız suvarma problemini həll etmək məqsədi daşımır. Bu layihələr gələcəkdə yüz minlərlə hektar torpağın yenidən iqtisadi dövriyyəyə daxil edilməsinə imkan yarada bilər. Müşavirədə verilən mühüm mesajlardan biri də əlavə dəyərin formalaşdırılması ilə bağlı idi. Artıq prioritet yalnız xammal ixracı deyil. Məqsəd məhsulun emalı, hazır məhsul şəklində bazarlara çıxarılması və yeni istehsal müəssisələrinin yaradılmasıdır. Bu yanaşma aqrar sahəni sadəcə məhsul istehsal edən sektor olmaqdan çıxarıb, sənaye və ixrac potensialı formalaşdıran güclü iqtisadi sahəyə çevirə bilər.

Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifə yalnız daha çox məhsul istehsal etmək deyil. Başlıca məqsəd torpağın potensialını insan kapitalı, innovasiya və müasir idarəetmə üsulları ilə birləşdirərək yeni inkişaf modelini qurmaqdır. Çünki güclü kənd təsərrüfatı sadəcə iqtisadi göstərici deyil. Bu, güclü kəndin, inkişaf etmiş regionların və nəticə etibarilə möhkəm dövlətin təməlidir.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəalı.



Seçilən
24
50
aia.az

10Mənbələr