AZ

AKP-CHP münaqişəsi Türkiyədə ümumvətəndaş toqquşmasına gətirə bilər (?)...



Turan Rzayev: “Partiyadaxili savaşlar bəzən partiyanı dağıdır, bəzən isə ölkənin gələcəyini dəyişən yeni siyasi güc yaradır”

Məlum olduğu kimi, Ankara Məhkəməsi Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) hazırkı rəhbəri Özgür Özelin vəzifəsindən uzaqlaşdırılmasına və onun yerinə Kamal Kılıçdaroğlunun gətirilməsinə qərar verib. Bu qərarla Ö.Özəli partiya sədri edən CHP-nin 2023-cü ildəki 38-ci qurultayının qərarı ləğv edilib.

Məhkəmə qərarı ilə CHP-nin rəhbərliyinə gətirilən Kılıçdaroğlunun vəkilinin bu qərarın yerinə yetirilməsi ilə bağlı müraciətindən sonra mayın 24-də polis Özgür Özel və onun tərəfdarlarını həmin partiyanın mərkəzi qərargahından çıxarıb. Ö.Özel qərargahda olarkən ona təqdim edilən məhkəmə sənədini cırıb. Partiya qərargahı qarşısında tərəfdarlarına müraciətində isə o, CHP mərkəzi qərargahından çıxsalar da, geri qayıdacaqlarını bildirib.

Onu da qeyd edək ki, CHP-də keçirilən sonuncu qurultaydan bir neçə ay əvvəl, yəni 2023-cü ilin mayında Türkiyədə parlament seçkiləri keçirilib. CHP o zaman 170-ə yaxın mandat əldə edib. Qurultaydan sonra 2024-cü ilin martında keçirilən bələdiyyə seçkilərində CHP böyük uğur qazanıb. Bələdiyyələrin əksəriyyətini qazanıb. Bir müddət sonra CHP bələdiyyələrinə qarşı korrupsiya ittihamı ilə cinayət işi açılıb. Maraqlıdır, son proseslərdən sonra CHP-ni təmsil edən deputatların taleyi necə olacaq, partiyanı nə gözləyir? Çünki sonuncu qurultayda seçilən sədr, Yəni Ö. Özəl həm də partiyanın başqan vəkilidir. CHP millət vəkilləri Kılıçdaroğlunu qrup başqan vəkili kimi qəbul edəcəkmi? Bir sözlə, bütün bu baş verənlərin pərdə arxasında nə baş verir?

CHP-də baş verənləri baki-xeber.com-a şərh edən politoloq Turan Rzayev hesab edir ki, bir tərəfdə məhkəmə qərarı ilə yenidən partiya rəhbərliyinə qaytarılan Kılıçdaroğlu, digər tərəfdə isə “mübarizə bitməyib” mesajı verən Özəl var: “Əslində Türkiyə siyasi tarixində belə böhranlar dəfələrlə yaşanıb. Hətta deyərdim ki, Türkiyə siyasətinin ən xarakterik xüsusiyyətlərindən biri partiyadaxili savaşlar, parçalanmalar və məhkəmə müdaxilələridir. Bu baxımdan bu gün CHP daxilində baş verənlər yeni hadisə deyil. Türkiyədə partiyadaxili savaşlar bəzən partiyanı dağıdır, bəzən isə ölkənin gələcəyini dəyişən yeni siyasi güc yaradır. CHP-də bu gün yaşanan böhranın diqqətlə izlənməsinin əsas səbəbi də məhz budur. Lakin işin problemli tərəfi budur ki, CHP daxilində köhnə yeniyə qarşı gəlir. Yəni Kılıçdaroğlu nə gəncdir, nə də dəyişiklik vədi verir. Əksinə, K. Kılıçdaroğlu jurnalistlərə açıqlamasında bildirib ki, “hamınıza söz verirəm, CHP-ni təsis prinsiplərinə qaytaracağıq”. Digər problemli tərəf isə hazırda CHP daxilindəki böhranın ən çox AKP-nin işinə yaramasıdır. Uzun illərdir alternativi olmadığını deyən partiya bu böhranı seçki kampaniyalarında sözün əsl mənasında istifadə edəcək. Yenə də istisna deyil ki, K. Kılıçdaroğlunun tələsik şəkildə partiya rəhbərliyinə gətirilməsi elə Rəcəb Tayyib Ərdoğan və komandasının işidir. Rəcəb Tayyib Ərdoğan vaxtilə bu proseslərdən keçib. Yəni oyunun qaydasını yaxşı bilir. Kılıçdaroğlunun potensialı və edə biləcəkləri hər kəsə bəllidir. Özgür Özəl isə yeni qan, yeni nəfəsdir. Yəni daha ciddi təhdid sayılır. Hesab edirəm ki, Özgür Özəl və tərəfdarları partiyanı asanlıqla Kamal Kılıçdaroğluna buraxmayacaq. Yəni mübarizə davam edəcək. Lakin mübarizə nəticəsiz olarsa, CHP-nin parçalanması da istisna deyil. Parçalanmış CHP Özəl üçün də çətin olacaq. Çünki AKP bunu da ustaca şəkildə seçkilərdə istifadə edəcək. Üstəlik, mühafizəkarlığın sürətlə artdığı bir Türkiyədə parçalanmış CHP və partiyanın yarı gücünə sahib Özəlin nə qədər effektiv olacağı ciddi sual altındadır”.

Vidadi ORDAHALLI

Seçilən
118
48
baki-xeber.com

10Mənbələr