AZ

PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul edildi – ARENA.AZ

Azərbaycan Peşəkar Futbol Liqası (PFL) növbəti uğuruna imza atıb – PFL Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olunub.

Arena.az xəbər verir ki, bununla bağlı Dünya Liqaları Assosiasiyasının baş katibi Jerom Perlemuter və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov arasında onlayn görüş keçirilib.

Perlemuter bir çox məsələlər, planlar ətrafında xoş müzakirələrin aparıldığı görüşlə bağlı beynəlxalq qurumun rəsmi saytına təəssüratlarını bölüşüb: “Azərbaycan Peşəkar Futbol Liqasını Dünya Liqaları Assosiasiyasında salamlamaqdan məmnunuq. PFL idarəetmə, liqa idarəetməsi və uzunmüddətli inkişaf yolu ilə peşəkar futbolun inkişafına güclü sadiqlik nümayiş etdirib. Biz PFL ilə işləməyi və beynəlxalq əməkdaşlıq, şəbəkə paylaşımı və üzvlərimiz arasında ən yaxşı təcrübələrin mübadiləsi yolu ilə onun inkişafını dəstəkləməyi səbirsizliklə gözləyirik”.

Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da öz növbəsində məmnunluğunu bildirərək təşəkkür edib: “Dünya Liqaları Assosiasiyasına qoşulmaq Azərbaycanda peşəkar futbol üçün mühüm bir mərhələdir. Son illərdə klublarımızın və liqamızın peşəkar strukturlarını gücləndirərkən yarışlarımızın təşkilini və baxımlılığını yaxşılaşdırmağa diqqət yetirmişik. Dünya Liqaları Assosiasiyasının bir hissəsi olmaq bizə dünyanın hər yerindən aparıcı liqalarla əməkdaşlıq etmək, təcrübə qazanmaq və mübadiləsini aparmaq, peşəkar futbolun gələcəyi ilə bağlı müzakirələrə töhfə vermək imkanı verəcək. İnanırıq ki, bu əməkdaşlıq həm meydanda, həm də ondan kənarda Azərbaycan futbolunun davamlı inkişafına dəstək olacaq”.

Qeyd edək ki, indiyədək bu liqanın üzvlüyünə MDB ölkələrindən yalnız Ukrayna, Özbəkistan və Latviya qəbul edilib.

1100 klubun təmsil olunduğu üzvlər arasında İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa kimi böyük beşlik ölkələrinin liqaları – Premyer Liqa, A Seriyası, La Liqa, Bundesliqa, Fransa Liqa 1 və digər güclü futbol ölkələrinin liqaları da var.

Bu ilin noyabr ayında Çexiyanın paytaxt Praqa şəhərində Dünya Liqaları Assosiasiyasının Baş Assambleyası və növbəti seçkilər keçiriləcək. Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da bu tədbirə dəvət alıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
30
9
arena.az

8Mənbələr