“Mançester Yunayted”in portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandes futbol üzrə İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
Portuqal futbolçu bu turnirin tarixində bir mövsümdə ən çox məhsuldar ötürmə edən oyunçuya çevrilib. Premyer Liqanın 38-ci turunda “Brayton”a qarşı keçirilən matçda Fernandes mövsümdəki 21-ci məhsuldar ötürməsini edib. Bununla da o, daha əvvəl Tyerri Anri (2002/2003) və Kevin De Bröyneyə (2019/2020) məxsus olan rekordu (20) geridə qoyub.
“Mançester Yunayted” mövsümün son turunda qarşılaşdığı “Brayton”la görüşdə 3:0 hesablı qələbəyə sevinib. “Qırmızı şeytanlar”ın kapitanı bu görüşdə 1 qol və 1 assist müəllifi olub. Bununla da o, Premyer Liqanın cari mövsümündə 35 oyunda meydana çıxaraq, 9 qol vurub və 21 məhsuldar ötürmə verib.
Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvar ayında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən tamhüquqlu əsasda keçib. Fernandesin İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 37 oyun keçirib, 9 qol vurub, 23 məhsuldar ötürmə verib.
Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 327 oyun, 107 qol və 109 məhsuldar ötürmədən ibarətdir.
Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 87 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 28 qol vurub, 26 məhsuldar ötürmə verib.
Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” klubları və Portuqaliya yığması ilə bağlıdır.
“Transfermarkt” internet-portalı 31 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.
