AZ

ABŞ-la İran ilkin razılığa gəlib, amma... - Hörmüzlə bağlı sual açıq qalır

ABŞ və İran müharibənin tam dayandırılması ilə bağlı "yekun saziş" əldə olunana qədər atəşkəsi daha 60 gün uzadan qarşılıqlı anlaşma memorandumu hazırlayıb...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post yazıb.

Eyni zamanda, tərəflər Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəlsələr də, bir çox məsələlər hələ də həll olunmamış qalır. Bu barədə isə The New York Times məlumat yayıb.

Nəşrin danışdığı rəsmilərdən biri bildirib ki, bazar günü İranla yekun saziş imzalanmayıb. Mövcud çərçivə sənədinin nə dərəcədə məcburi qüvvəyə malik olduğu isə hələ də aydın deyil.

Diplomatın sözlərinə görə, qarşılıqlı anlaşma memorandumu imzalandıqdan sonra İran dərhal Hörmüz boğazını açacaq və 30 gün ərzində dəniz daşımalarının müharibədən əvvəlki səviyyəyə qaytarılması üçün tədbirlər görəcək.

Sənəddə həmçinin İran, ABŞ və onların müttəfiqlərinin Livan da daxil olmaqla bütün istiqamətlərdə hərbi əməliyyatların dərhal dayandırıldığını elan etməsi nəzərdə tutulur.

Təklifə İranın heç vaxt nüvə silahı hazırlamayacağını təsdiqləməsi və zənginləşdirilmiş uran ehtiyatlarının razılaşdırılmış üsulla məhv edilməsinə razılıq verməsi də daxildir. Növbəti iki ay ərzində tərəflər bunun üçün mexanizmin hazırlanmasını müzakirə edəcəklər.

İran rəsmisi bildirib ki, boğazın açılması mərhələli şəkildə həyata keçiriləcək. İlk mərhələdə ABŞ İranın 12 milyard dollar həcmində dondurulmuş aktivlərini azad edəcək, boğazın minalardan təmizlənməsi işlərinə başlanacaq və ABŞ blokadası aradan qaldırılacaq.

Boğazın fəaliyyətinin nə vaxt tam bərpa olunacağı isə hələ məlum deyil. Rəsmilərdən biri bildirib ki, ABŞ-ın hazırkı blokadası boğaz açıldıqca "mütənasib şəkildə yumşaldılacaq" və bu razılaşmanı "etibar et, amma yoxla" prinsipi kimi xarakterizə edib.

Razılaşmanın detalları tam razılaşdırılmadığı üçün İranın boğaz üzərində hansı nəzarəti saxlayacağı da qeyri-müəyyəndir. Xüsusilə, Tehranın keçid haqqı tətbiq edib-etməyəcəyi bilinmir.

Fars körfəzindəki münaqişə nəticəsində 1500-2000 gəminin hərəkəti dayanıb. Boğaz yaxın vaxtlarda rəsmi şəkildə açılsa belə, dəniz daşımalarının tam bərpasına təsir edən bir çox amillər qalır.

Əsas məsələlərdən biri gəmi sahiblərinin sülh razılaşmasının uzunmüddətli olacağına və tanker keçidlərinin təhlükəsizliyinə inanıb-inanmayacağıdır.

Digər mühüm məsələ isə boğazın minalardan təmizlənməsi üçün tələb olunan vaxtdır. Ərazi partlayıcı maddələrdən tam təmizlənməyənə qədər sığorta şirkətlərinin gəmilər üçün müşayiət və əlavə təhlükəsizlik tədbirləri tələb edəcəyi gözlənilir. Bu isə daşınmalarda gecikmələrə və xərclərin artmasına səbəb ola bilər.

Poliqon.info

Seçilən
22
50
poliqon.info

10Mənbələr