AZ

Antalyada Azərbaycan incəsənət nümunələri ictimaiyyətə təqdim edilib

İstanbul, 19 may, AZƏRTAC

Türkiyənin Antalya şəhərlərində Azərbaycan incəsənətinə həsr olunan silsilə tədbirlər təşkil olunub. Mərasimlər Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Antalya şəhər Kitabxanası və Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə keçirilib.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Akdeniz bölgəsinin ən böyük elm ocaqlarından olan Antalya şəhər Kitabxanasına azərbaycanlı rəssam Arzu Əskərovun Türk dünyasının tanınmış mütəfəkkirləri, böyük Azərbaycan şairi Nizami Gəncəvi və türk şairi Yunus Əmrənin portret-rəsmləri hədiyyə edilib.

Sözügedən rəsm əsərləri kitabxananın oxu zalında “Türk böyükləri, şəxsiyyətləri” guşəsində daimi eksponat kimi yerləşdirilib.

Bundan əlavə, Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinə dair kitab kolleksiyası Antalya şəhər kitabxanasında “Azərbaycan bölməsi”nə bağışlanıb.

Tədbirdə Antalya Kitabxanasının müdiri Oğuzhan Ceylan, Azərbaycan səfirliyinin müşaviri Füzuli Məcidli, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Azər İsmayıl və Antalya Kəpəz Bələdiyyəsi sədrinin müavini Evrim Yalçın çıxış ediblər.

Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, incəsənətimizin Türkiyədə tanıdılması istiqamətində həyata keçirilən bu kimi layihələrin iki xalq arasında mədəni inteqrasiyanın güclənməsinə və milli mədəniyyətinin tanınmasına mühüm töhfə verdiyi vurğulanıb. Xüsusilə kitabxanalarda, mədəniyyət mərkəzlərində və təhsil müəssisələrində təqdim olunan Azərbaycan incəsənəti, ədəbiyyatı və tarixi ilə bağlı materiallar gələcək nəsillərin ortaq mədəni yaddaşının formalaşmasına xidmət etdiyi qeyd edilib.

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Azərbaycan Rəqs Ansamblı tərəfindən milli rəqslər təqdim olunub. Eyni zamanda, azərbaycanlı sənətçilər Vüsalə Məryəm Alıcı, Müşfiq Əliyev və opera ifaçısı Fidan Hüseynova milli musiqi nümunələri ilə çıxış ediblər.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Seçilən
34
2
azertag.az

3Mənbələr