AZ

Azərbaycanın Avrasiya məkanında artan strateji rolu və inteqrasiya prosesləri ŞƏRH

Bakı, 28 aprel, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemində qərbdən şərqə və əks istiqamətdə baş verən geosiyasi, iqtisadi və enerji prosesləri göstərir ki, Avrasiya qitəsi qlobal güc mərkəzlərinin maraqlarının kəsişdiyi əsas məkanlardan birinə çevrilib. Bu geniş coğrafiyada formalaşan inteqrasiya layihələri yalnız region ölkələri üçün deyil, bütövlükdə dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə qütbləri – yəni Avropanı və Asiyanı birləşdirən nəqliyyat, enerji və logistika dəhlizləri qlobal sabitlik və iqtisadi inkişaf baxımından strateji rol oynayır. Bu kontekstdə Azərbaycan öz coğrafi mövqeyindən maksimum səmərə ilə istifadə edərək Cənubi Qafqaz regionunu mühüm tranzit və enerji qovşağına çevirib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

O qeyd edib ki, ölkənin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu ərazi artıq yalnız regional deyil, həm də qlobal miqyasda inteqrasiya proseslərinin ayrılmaz hissəsidir. “Dünyada baş verən münaqişələr, siyasi gərginliklər və iqtisadi qarşıdurmaların əhəmiyyətli hissəsi enerji resursları və nəqliyyat-kommunikasiya xətləri üzərində nəzarət uğrunda mübarizə ilə bağlıdır. Enerji təhlükəsizliyi, təbii resursların şaxələndirilməsi və alternativ nəqliyyat yollarının yaradılması xüsusilə Avropa və Asiya ölkələri üçün həyati əhəmiyyət daşıyır. Son illərdə qlobal enerji bazarında baş verən dəyişikliklər və geosiyasi risklər bu ehtiyacın daha da artdığını göstərir. Azərbaycan isə bu mürəkkəb şəraitdə balanslaşdırılmış və praqmatik siyasət yürüdərək regionda sabitlik və təhlükəsizlik mühiti formalaşdırıb. Ölkənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən iri layihələr Cənubi Qafqazı risk zonasından əməkdaşlıq platformasına çevirib. Bu gün Azərbaycanın yaratdığı siyasi və iqtisadi reallıq onu göstərir ki, regionda həyata keçirilən istənilən iri layihə məhz sabitlik və təhlükəsizlik faktoruna söykənir. Bu isə birbaşa Azərbaycanın təmin etdiyi təhlükəsizlik arxitekturası ilə bağlıdır”, - deyə deputat vurğulayıb.

Azər Allahverənov son dövrlərdə Avropa ölkələrinin Azərbaycana artan marağının bu reallığın birbaşa nəticəsi olduğunu deyib: “Ukrayna, Latviya, Litva və Çexiya kimi dövlətlərin yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana səfərləri enerji əməkdaşlığı, ticarət əlaqələrinin genişləndirilməsi və logistika layihələrində iştirak istəyi ilə bağlıdır. Bu cür səfərlər yalnız siyasi dialoqu deyil, həm də konkret iqtisadi layihələrin reallaşdırılmasını stimullaşdırır.

Bütün bu amillər onu göstərir ki, Azərbaycan artıq yalnız regional oyunçu deyil, Avrasiya məkanında mühüm strateji aktora çevrilib. Gələcək perspektivdə Azərbaycanın bu rolunun daha da güclənəcəyi gözlənilir. Çünki həm coğrafi mövqeyi, həm siyasi sabitliyi, həm də həyata keçirdiyi uğurlu layihələr ilə ölkə Avrasiya inteqrasiyasının ayrılmaz hissəsidir”.

Seçilən
46
50
azertag.az

10Mənbələr