AZ

Mirtağı Əsədov: Din xadimlərinin Naxçıvana səfəri müsəlmanlararası əlaqələrin möhkəmlənməsinə xidmət edəcək VİDEO

Naxçıvan, 3 may, AZƏRTAC

Bizim üçün çox xoşdur ki, “Zəngəzur yolu – tarixin izi ilə” adlı konfransda iştirak etmək üçün Azərbaycana səfər etmişik və bu çərçivədə Naxçıvana gəlmişik. Bu, mənim Naxçıvana ilk səfərimdir. Həm bu gözəl diyarı görmək, həm də öz millətimizi daha yaxından tanımaq baxımından bu səfər mənim üçün çox əhəmiyyətlidir. Belə konfrans və tədbirlərin təşkili həm bizim üçün, həm də dünyada yaşayan Azərbaycan dilli, türk dilli müsəlmanlar üçün çox faydalı və vacibdir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlaması zamanı Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov deyib.

O qeyd edib ki, bu cür tədbirlər milli-mənəvi dəyərlərimizin qorunmasına, bir-birimizi daha yaxından tanımağa və ortaq problemlərimizi müzakirə edərək onların həlli istiqamətində gələcək addımların müəyyənləşdirilməsinə kömək edir.

“İnanıram ki, belə görüşlər nə qədər çox təşkil olunsa, Azərbaycanın hər bölgəsində keçirilsə, bir o qədər faydalı olar. Mən özüm iki dəfə işğaldan azad olunmuş ərazilərdə olmuşam. Bu səfərlər mənim üçün çox qürurverici və emosional anlarla yadda qalıb. Azad olunmuş torpaqları ziyarət etmək hər birimiz üçün böyük mənəvi dəyər daşıyır. Bir zamanlar torpaqlarımızın işğal altında olması bizim üçün ağır zərbə idi. Bu, xalq olaraq bizi dərindən sarsıdırdı. Lakin çox şükür ki, bu çətin dövrü arxada qoyduq. Bu gün Azərbaycanın ərazi bütövlüyünü görmək və onu bütöv şəkildə ziyarət etmək hər birimiz üçün böyük sevincdir”, - deyə Mirtağı Əsədov əlavə edib.

Müxbir-Nail Əsgərov

Seçilən
11
50
azertag.az

10Mənbələr