AZ

Bakı küçələrində inklüzivlik: Avtobuslar müasir, yollar isə problemli – ŞƏRH - FOTO

Bakı
Ombudsman tərəfindən Bakının mərkəzində aparılan monitorinq zamanı bir sıra ərazilərdə infrastrukturun əlilliyi olan şəxslər üçün müyəssərliyi qiymətləndirilib. Araşdırma göstərib ki, panduslar mövcud olsa da, bir çoxu standartlara uyğun deyil və bu da onların sərbəst istifadəsini çətinləşdirir. Hazırlanan hesabatda problemlər və təkliflər yer alıb, aidiyyəti qurumlara müvafiq tövsiyələr təqdim olunub.
Məsələ ilə bağlı 1news.az-a danışan nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, Bakıda səkilərimizin vəziyyəti qənaətbəxş halda deyil. “Səkilər davamlı deyil və baryerlidir. İnklüzivlik nöqteyi-nəzərdən çatışmazlıqlar var. Bunu təxirə salmadan aradan qaldırmağa ehtiyac var. Çünki bəzi nöqtəvi həllər ümumi mobilliyə müsbət təsir göstərə bilər. Müəyyən sahələrdə panduslar var, amma natamamdır. Küçənin bir tərəfində pandus var, digərində isə yoxdur”. Ekspert müsbət nümunələr olduğunu da vurğulayıb, lakin çatışmazlıqları da dilə gətirib. “Müsbət nümunələr də var, amma onlar da natamamdır. Məsələn, nəqliyyat növləri üzrə baxsaq, son 10 ildə alınan avtobuslar aşağıgövdəlidir, pandusları var, daxilində inklüziv elementləri cəmlənib, brayl əlifbalı düymələr və səsləndirmələr mövcuddur. Dəmiryolunda da müasir qatarlarda inklüzivlik elementləri müşahidə olunur. Amma əsas məsələ bu nəqliyyatlara qədər gedilən yoldur. Qət edilən yolun nə dərəcədə baryersiz və inklüziv olması ilə bağlı ciddi problemlər var. Düşünürəm ki, ilk növbədə, işi görən mühəndislərə və qərarı verən qurumlara ciddi təbliğat və maarifləndirmə işləri aparılmalıdır. Bilsinlər ki, bu niyə vacibdir və bunun olmaması hansı fəsadlar yaradacaq.
Digər önəmli məqamlardan biri də müasir şəhərlərdəki yeraltı və yerüstü keçid praktikasına qoyulmasıdır. Mövcud olanların təyinatı dəyişdirilib yanında dublyor zebralı keçidlər təşkil edilməlidir. Bizdə hələ də insanları yeraltı keçidlərə yönləndirirlər ki, narahat da olsa, buradan getməlisən. Bizim təklifimiz isə budur ki, zebra çəkilməlidir. Yeraltı keçidin isə təyinatı dəyişdirilməlidir. Yəni biznesə də verilə bilər, yeraltı velosiped parkinqi kimi də istifadəyə verilə bilər. Bu çox vacibdir. Çünki ölkə əhalisinin 38 faizi azmobillidir. Qocalar, əlillər, uşaqlı valideynlər, yükü olan turistlər və b. Onların hərəkəti üçün şərait yaradılmalıdır. Həmçinin müasir şəhərlər piyadayönümlü qurulur. Çünki piyada küçənin əsas iştirakçılarından biridir. Şəhər elə qurulmalıdır ki, piyada hərəkət etmək rahat olsun və yerin altına və üstünə düşüb-qalxmaq məcburiyyətində olmasın. Bunun üçün də eynisəviyyəli, işıqforlu keçidlər vacibdir. Dayanacaqlarda anti-ciblər qurulmasına ehtiyac var. Bu da parkinq sahəsini dayanacaqdan ayırmasına kömək edir və avtomobillərin dayanacaqları zəbt etməsinin qarşısını alır.
“Anti-cib”
Dayanacaqların önündə kassel bordürləri qurulur ki, avtobus maksimum yan ala bilsin. Bu da inklüzivliyi təmin edir. Səviyyə fərqi olan hissələr ola bilər. Bu zaman da “Vyana” tipli platformalar qurulur. Dünyada tətbiq olunan bu nümunələri Bakıda da təbiq etmək lazımdır. Bəziləri var, amma yarımçıqdır. Bunların davamlılığını təmin etmək lazımdır. “Port Baku”, Ağ Şəhər kimi müəyyən yerlərdə tətbiq olunubsa, bunu bütün şəhərdə etmək gərəklidir.
Kassel bordürü
“Vyana” tipli platforma
Həmçinin eynisəviyyəli, iki zolaqdan artıq olan keçidlərdə təhlükəsizlik adacığı təmin olunmalıdır ki, insanlar yolu tam keçmədikdə gözləyə bilsinlər və avtomobillər keçdikdən sonra yollarına davam edə bilsinlər. Kontrast işıqlandırma ilə təmin olunmalıdır ki, sırf həmin sahə daha yaxşı işıqlansın. Bu da sürücünün diqqətini daha yaxşı artıran elementdir. Bu növ elemenetlər inklüzivlik və rahatlıqla yanaşı, təhlükəsizliyi də təmin edir”.
Təhlükəsizlik adacığı
Kontrast işıqlandırma

Sonda o qeyd edib ki, əgər bir küçədə parkinq və zebra varsa, qabarıq çıxıntılı keçidlər təşkil olunur.

"Bu da parkinq sahəsindən kor zonanın önünü kəsir. Belə qabarıq olduğundan avtomobil zebraya yaxın dayana bilmir. Həmçinin gələn avtomobil piyadanı uzaqdan görür, sürətini ona uyğun nizamlayır, bu da təhlükəsizliyi təmin edir. Bu keçidlərin də önündə panduslar qurulur ki, azmobillilər rahat keçə bilsinlər. Yaponiya nümunəsini bizim infrastrukturun qurulmasında iştirak edən işçilərdə tətbiq etmək lazımdır ki, yaşlı insanların hiss etdiklərini anlaya bilsinlər. Yəni hərəkəti məhdudlaşdıran xüsusi geyimlər, eynək və qulaqcıq taxmaqla bu infrastruktur daxilində hərəkət edərək yaşlı insanların yaşadığı çətinlikləri anlaya bilsinlər”.

Seçilən
16
1news.az

1Mənbələr