“Səkilər davamlı deyil və baryerlidir. İnklüzivlik nöqteyi-nəzərdən çatışmazlıqlar var. Bunu təxirə salmadan aradan qaldırmağa ehtiyac var. Çünki bəzi nöqtəvi həllər ümumi mobilliyə müsbət təsir göstərə bilər. Müəyyən sahələrdə panduslar var, amma natamamdır. Küçənin bir tərəfində pandus var, digərində isə yoxdur”. Ekspert müsbət nümunələr olduğunu da vurğulayıb, lakin çatışmazlıqları da dilə gətirib. “Müsbət nümunələr də var, amma onlar da natamamdır. Məsələn, nəqliyyat növləri üzrə baxsaq, son 10 ildə alınan avtobuslar aşağıgövdəlidir, pandusları var, daxilində inklüziv elementləri cəmlənib, brayl əlifbalı düymələr və səsləndirmələr mövcuddur. Dəmiryolunda da müasir qatarlarda inklüzivlik elementləri müşahidə olunur. Amma əsas məsələ bu nəqliyyatlara qədər gedilən yoldur. Qət edilən yolun nə dərəcədə baryersiz və inklüziv olması ilə bağlı ciddi problemlər var.
Düşünürəm ki, ilk növbədə, işi görən mühəndislərə və qərarı verən qurumlara ciddi təbliğat və maarifləndirmə işləri aparılmalıdır. Bilsinlər ki, bu niyə vacibdir və bunun olmaması hansı fəsadlar yaradacaq.Digər önəmli məqamlardan biri də müasir şəhərlərdəki yeraltı və yerüstü keçid praktikasına qoyulmasıdır. Mövcud olanların təyinatı dəyişdirilib yanında dublyor zebralı keçidlər təşkil edilməlidir. Bizdə hələ də insanları yeraltı keçidlərə yönləndirirlər ki, narahat da olsa, buradan getməlisən. Bizim təklifimiz isə budur ki, zebra çəkilməlidir. Yeraltı keçidin isə təyinatı dəyişdirilməlidir. Yəni biznesə də verilə bilər, yeraltı velosiped parkinqi kimi də istifadəyə verilə bilər. Bu çox vacibdir. Çünki ölkə əhalisinin 38 faizi azmobillidir. Qocalar, əlillər, uşaqlı valideynlər, yükü olan turistlər və b. Onların hərəkəti üçün şərait yaradılmalıdır. Həmçinin müasir şəhərlər piyadayönümlü qurulur. Çünki piyada küçənin əsas iştirakçılarından biridir. Şəhər elə qurulmalıdır ki, piyada hərəkət etmək rahat olsun və yerin altına və üstünə düşüb-qalxmaq məcburiyyətində olmasın. Bunun üçün də eynisəviyyəli, işıqforlu keçidlər vacibdir. Dayanacaqlarda anti-ciblər qurulmasına ehtiyac var. Bu da parkinq sahəsini dayanacaqdan ayırmasına kömək edir və avtomobillərin dayanacaqları zəbt etməsinin qarşısını alır.
Sonda o qeyd edib ki, əgər bir küçədə parkinq və zebra varsa, qabarıq çıxıntılı keçidlər təşkil olunur.







