AZ

ABŞ-İran-İsrail arasında yaxın həftələrdə sülh mümkündür

İordaniyanın sabiq xarici işlər naziri Cavad əl-Ənani ABŞ, İran və İsrail arasında yaxın həftələrdə sülh razılaşmasının əldə olunacağına nikbin yanaşdığını bildirib.

Musavat.com xəbər verir ki, o, bu fikirləri CGTN telekanalına müsahibəsində səsləndirib. Əl-Ənani qeyd edib ki, hazırda tərəflər arasında aparılan diplomatik təmaslar və vasitəçilik səyləri münaqişənin siyasi həllinə real imkan yaradır.

Onun sözlərinə görə, yaxın günlərdə Pakistanın paytaxtı İslamabadda keçirilməsi planlaşdırılan danışıqlar prosesin gələcəyi üçün həlledici ola bilər. Sabiq nazir bildirib ki, tərəflər arasında kompromisə doğru addımların atılması ehtimalı artmaqdadır və bu, Yaxın Şərqdə gərginliyin azalmasına səbəb ola bilər.

Qeyd edək ki, son günlər ABŞ və İran arasında iki həftəlik atəşkəs əldə olunub və tərəflər münaqişənin siyasi həlli üçün İslamabadda danışıqlara hazırlaşır. Bu görüşlərin əsas məqsədi regionda hərbi qarşıdurmanı dayandıracaq daha uzunmüddətli razılaşmanın əldə olunmasıdır.

Ekspertlər hesab edirlər ki, danışıqlar uğurlu olarsa, bu, təkcə ABŞ və İran arasında münasibətlərin normallaşmasına deyil, həm də İsrail faktorunun daxil olduğu daha geniş regional təhlükəsizlik mexanizminin formalaşmasına gətirib çıxara bilər.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
37
25
musavat.com

10Mənbələr