AZ

"Qələbəmiz Ağdaban və digər faciələrin ağrısına verilən cavab oldu" - Cavid Qurbanov

Azərbaycan tarixində ağır iz buraxan hadisələrdən biri də Ağdaban faciəsidir. Həmin faciədən 34 il ötür.

1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə erməni silahlı dəstələri tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi yerlə-yeksan edilərək od vurulub. Kəndin 779 nəfər dinc sakini amansız işgəncələrə məruz qalıb, 32 nəfər qətlə yetirilib. Onlardan 8-i 90–100 yaş aralığında olan qoca, 2-si azyaşlı uşaq, 7-si isə qadın olub və diri-diri yandırılıb.

Bununla yanaşı, 2 nəfərin taleyi naməlum qalıb, 12 nəfər ağır xəsarət alıb, 5 nəfər isə girov götürülüb. Bütün bu dəhşətlərə baxmayaraq, Ağdaban sakinləri uzun müddət doğma yurdlarını tərk etməməyə çalışıblar.

"Unikal" xəbər verir ki, Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat nazirininin müavini, uzun illər Kəlbəcərin millət vəkili olmuş, Ağdaban sakini, Cavid Qurbanov "Gununsesi.info"ya danışıb:

“Əsrlər boyu qonşu tərəfin xalqımıza qarşı törətdiyi qanlı əməllər, kütləvi qırğınlar tariximizdə və milli yaddaşımızda dərin iz qoyub. 1918-ci ilin mart hadisələri, 1992-ci ilin Xocalı qırğını kimi faciələrin davamı olaraq, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcərin Ağdaban kəndində də xalqımıza qarşı amansız qırğın törədildi.

Babalarım — Şair Ağdabanlı Qurbanın və klassik aşıq poeziyasının görkəmli ustadlarından biri olan Dədə Şəmşirin əlyazmaları yandırılaraq məhv edilmişdir.

Uzun müddət gizlədilən, üzərinə yasaqlar qoyulan həqiqətlər bu gün üzə çıxır, təhrif olunmuş olaylar öz həqiqi dəyərini alır. Tariximiz yenidən işlənərək dünya ictimaiyyətinə çatdırılır. 44 günlük Vətən müharibəsində qazanılan qələbə Ağdaban və digər faciələrin ağrısına verilən cavab oldu, şəhidlərin qanı yerdə qalmadı”.

Cavid Qurbanov vurğulayıb ki, 2020-ci ildə baş vermiş Vətən müharibəsində dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğal altında olan torpaqları azad etməsi nəticəsində xalqımıza qarşı törədilmiş bütün qırğınların qurbanları kimi, Ağdaban şəhidlərinin də haqqı bərpa olunub, onların qisası alınıb və bu gün ruhları rahatlıq tapıb.

“Hazırda dövlət başçısının tapşırığı ilə Kəlbəcərdə, o cümlədən Ağdabanda yollar salınır, yaşayış və təsərrüfat quruculuğu işləri aparılır. Yaxın vaxtlarda sakinlərimiz doğma ata-baba yurdlarına qayıdacaq, əvvəlkindən daha yaxşı və firavan həyat quracaqlar” – deyə o qeyd edib.

Seçilən
11
50
unikal.az

10Mənbələr