AZ

BDYPİ-dən motosiklet sürücülərinə çağırış - VİDEO

Ötən gün xəsarətlə nəticələnən 5 yol-nəqliyyat hadisəsindən 3-ü motosiklet sürücülərinin iştirakı ilə baş verib.

Bu barədə Day.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, Yasamal, Xətai və Abşeron rayonları ərazisində qeydə alınan bu hadisələrin hər biri toqquşma ilə nəticələnib. Cari ilin ilk 3 ayı ərzində isə respublika üzrə motosiklet və moped sürücülərinin təqsiri səbəbindən baş verən 5 yol-nəqliyyat hadisəsində 3 nəfər həyatını itirib, 2 nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və moped sürücülərinə müraciət edərək yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

 

"Motosiklet və moped sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri bu kateqoriyadan olan nəqliyyat vasitələrinin idarə olunması zamanı yol hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyini bir daha göstərir. Bu nəqliyyat vasitələrinin konstruktiv xüsusiyyətləri də risk səviyyəsini artıran əsas amillərdəndir. Belə ki, zərbə zamanı sürücünü əhatə edən qoruyucu karkas və passiv təhlükəsizlik elementlərinin (təhlükəsizlik kəməri, hava yastığı və s.) mövcud olmaması səbəbindən toqquşmaların təsiri birbaşa sürücünün üzərinə düşür və bu da xəsarətlərin daha ağır olmasına gətirib çıxarır.

Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və moped sürücülərinin diqqətinə çatdırır ki, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün yol hərəkəti qaydalarına ciddi riayət olunmalı, yol və hava şəraitinə uyğun sürət düzgün seçilməli, manevr zamanı təhlükəsizlik qaydalarına əməl edilməli, həmçinin qoruyucu vasitələrdən istifadə təmin olunmalıdır. Bu tələblərin pozulması ağır yol-nəqliyyat hadisələrinə, bəzən isə insan həyatının itirilməsi ilə nəticələnən faciələrə səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri məsuliyyətli davranmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır",- məlumatda bildirilir.

Seçilən
21
16
day.az

10Mənbələr