AZ

Bu hotel tam boşaldı: Tarixi görüş görün harada keçiriləcək

Dünya siyasətində illərdir gözlənilən tarixi an yaxınlaşır. ABŞ və İran arasındakı gərginliyi bitirəcək kritik danışıqların Pakistanın paytaxtı İslamabadda keçirilməsi planlaşdırılır.

Publika.az xəbər verir ki, artıq hazırlıqlar çərçivəsində şəhərin ən nüfuzlu hotellərindən biri (bəzi mənbələrə görə Serena Hotel) hökumətin sərəncamı ilə tamamilə boşaldılıb.

Hotel rəhbərliyi tərəfindən müştərilərə göndərilən rəsmi bildirişdə aprelin 8-dən bazar günü axşamadək binanın mühüm dövlət tədbiri üçün rekvizisiya edildiyi bildirilib. TASS-ın əldə etdiyi məlumata görə, hotel ABŞ və İran nümayəndə heyətlərini qəbul etməyə hazırlaşır. Görüşlərin birbaşa bu məkanda keçirilib-keçirilməyəcəyi hələlik dəqiqləşməsə də, təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.

Xatırladaq ki, aprelin 7-də ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs elan edib. Ağ Ev rəhbəri tərəflərin demək olar ki, bütün mübahisəli məsələləri həll etdiyini və Tehranın təqdim etdiyi 10 bəndlik təklif planını "işçi əsas" kimi qəbul etdiklərini bildirib. Bu yumşalmaya qarşılıq olaraq, İranın Hörmüz boğazını beynəlxalq gəmiçilik üçün açmağa hazır olduğu qeyd edilir.

İran tərəfi də bəyan edib ki, əgər ölkə ərazisinə zərbələr endirilməzsə, müdafiə xarakterli hücumları dayandırmağa razıdır. Bu böyük barışıq prosesində vasitəçilik missiyasını Pakistanın Baş naziri Şahbaz Şərif üzərinə götürüb. Onun dəvəti ilə tərəflərin aprelin 10-da İslamabadda bir araya gələcəyi gözlənilir. İrandan gələn son məlumatlara görə, bu görüşlərin birbaşa formatda keçirilməsi ehtimalı olduqca yüksəkdir.

Seçilən
7
3
publika.az

4Mənbələr