AZ

İran Trampın nümayəndələri ilə danışıqlardan İMTİNA ETDİ – “Onlar xəyanətkardır"

İran, Donald Trampın nümayəndələri Uitkoff və Kuşner ilə danışıqlardan imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Telegraph" nəşri yazıb. Nəşrin məlumatına görə, İran tərəfi onları xəyanətdə ittiham edir.

CNN telekanalı isə mənbələrə istinadən məlumat yayıb ki, Tehran mümkün danışıqlar zamanı ABŞ-ın vitse-prezidenti Cey Di Vens ilə dialoqa üstünlük verir.
 

Məlumata görə, İran rəsmiləri ABŞ administrasiyasına qeyri-rəsmi kanallar vasitəsilə bildiriblər ki, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner ilə danışıqları bərpa etmək istəmirlər. Onlar daha çox vitse-prezident Venslə qarşılıqlı əlaqəyə üstünlük verirlər.



Qeyd olunur ki, bu mövqe danışıqlar prosesinin pozulması və ABŞ-ın hərbi əməliyyata başlamasından sonra yaranan etimad çatışmazlığı fonunda formalaşıb. Mənbələrin sözlərinə görə, Tehranda Uitkoff və Kuşnerlə danışıqlar potensial olaraq qeyri-effektiv hesab olunur.

Eyni zamanda bildirilir ki, Cey Di Vens digər amerikalı rəsmilər – o cümlədən dövlət katibi Marko Rubio ilə müqayisədə münaqişənin başa çatdırılmasına daha meylli fiqur kimi qəbul edilir.
 

Mənbələrdən birinin sözlərinə görə, “belə təəssürat yaranır ki, Vens münaqişəni bitirməyə yönələcək”. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İranla danışıqlarda Uitkoff və Kuşner iştirak edir və onlar bu prosesi Rubio və Venslə birlikdə aparırlar.


Öz növbəsində Axios portalı mənbələrə istinadən yazıb ki, ABŞ İranla danışıqları cümə axşamı təşkil etməyi planlaşdırır, lakin Tehran hələlik bu təklifə reaksiya verməyib.

CNN-in məlumatına görə, Tehran vasitəçilər üzərindən ABŞ-dan münaqişənin başa çatdırılmasına yönəlmiş bir sıra təkliflər alıb, lakin hələlik tam formatlı danışıqlardan söhbət getmir.

Bizim.Media

Seçilən
53
50
bizim.media

10Mənbələr