İran rəsmiləri sülh danışıqlarına vasitəçilik etməyə çalışan ölkələrə ABŞ Prezidenti Donald Trampın onları artıq iki dəfə aldatdığını və bir daha aldanmaq istəmədiklərini bildiriblər.
"Cebheinfo.az" xəbər verir ki, bunu "Axios" müzakirələrdən birbaşa xəbərdar olan mənbəyə istinadən yazır.
ABŞ cümə axşamı Pakistanın paytaxtı İslamabadda şəxsən sülh danışıqları keçirməkdə israr edir. Lakin İran rəsmiləri vasitəçilərə - Pakistan, Misir və Türkiyəyə - ABŞ qoşunlarının hərəkəti və Trampın böyük əlavə qüvvələr göndərmək qərarının onun sülh təklifinin bir hiylə olduğuna dair şübhələrini artırdığını bildiriblər:
"Tramp administrasiyası üçün qüvvələrin artırılması onun pis niyyətlə danışıqlar apardığını deyil, silahlı mövqedən danışıqlara ciddi yanaşdığının əlamətidir".
Trampın müşaviri bildirib ki, razılaşmaq üçün prezidentin əli açıqdır: "Digər əli isə üzünüzə yumruq vurmaq üçün gözləyir".
Ağ Ev iranlılara Trampın danışıqlara ciddi yanaşdığı barədə mesajlar göndərib və vitse-prezident Vemsin danışıqlarda mümkün iştirakını sübut kimi göstərib.
İki mənbə bildirib ki, ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff Vensi ofisindəki yüksək vəzifəsinə və iranlıların onu "qırğı" hesab etməməsinə görə Prezidentə tövsiyə edib.
Çərşənbə axşamı isə Tramp özü jurnalistlərə iranlılarla etimad yaratmaq səyləri barədə danışıb.
"Onlar dünən həqiqətən inanılmaz bir şey etdilər. Onlar bizə bir hədiyyə verdilər və hədiyyə bu gün gəldi. Bu, çox böyük bir hədiyyə idi və çoxlu pula başa gəldi", - Tramp deyib.
Tramp təfsilatı açıqlamadan İranın hədiyyəsinin neft və qazla, eləcə də Hörmüz boğazı ilə əlaqəli olduğunu bildirib. Tramp iddia edib ki, bu, ABŞ-nin Tehranda düzgün insanlarla iş gördüyünü göstərir.
"Onlar bunu edəcəklərini dedilər və bu baş verdi. Bunu edə biləcək yeganə şəxslər onlardır", - deyə o bildirib.
Bu arada, ABŞ və İsrail rəsmilərinin sözlərinə görə, Tramp eyni zamanda diplomatik və hərbi eskalasiya variantlarını nəzərdən keçirməyə çalışır ki, hadisələrə əsasən qərarlar qəbul edə bilsin.
Bəzi rəsmilər deyirlər ki, danışıqlar baş tutsa belə, müharibə daha iki-üç həftə davam edəcək. Ağ Ev sözçüsü bildirib ki, çərşənbə axşamı Tramp Müdafiə Naziri Pit Heqsetə İrana qarşı hərbi təzyiqi davam etdirməyi tapşırıb.
Danışıqlara başlamaq səyləri hələlik Pentaqonun ABŞ Mərkəzi Komandanlığına hərbi əməliyyatlar və planlaşdırma ilə bağlı verdiyi əmrlərdə heç bir dəyişikliklə nəticələnməyib.
Bununla belə, yaxın günlərdə və həftələrdə Yaxın Şərqə bir neçə eskadrilya qırıcı təyyarə və minlərlə əsgər daxil olmaqla əlavə gücləndirmə qüvvələrinin gəlməsi gözlənilir. Bu həftə bir dəniz ekspedisiya bölməsi, digərinin isə tezliklə əməliyyatlara başlaması mümkündür. 82-ci Hava-Desant Diviziyasının komandanlıq heyətinə Yaxın Şərqə bir neçə min əsgərdən ibarət piyada briqadası yerləşdirmək əmri verilib. Ağ Ev sözçüsü quru əməliyyatının mümkün bir seçim olduğunu bildirib, lakin Trampın hələ qərar vermədiyini vurğulayıb.
Mənbələr bildirib ki, iranlılar ABŞ-nin 15 maddəlik planını bazar ertəsi səhəri, Trampın danışıqların davam etdiyini elan etməsindən bir neçə saat əvvəl vasitəçilərdən alıblar. Hazırda ABŞ planı bütövlükdə müzakirə etmək istəyir: müharibənin bitməsi, boğazın açılması, sanksiyaların ləğvi və İranın nüvə fəaliyyəti, raket proqramı və proksilərə dəstək ilə bağlı zəmanətlərin təmin edilməsi.
Mənbələrə görə, ABŞ 15 maddəlik planı danışıqlar üçün əsas hesab edir və İranın bu cümə axşamı Pakistanda şəxsən müzakirə etməsini istəyir. Ağ Ev sözçüsü Trampın danışıqlara nikbin baxdığını və Pakistanda görüşün mümkün olduğunu, lakin hələlik heç bir nəticənin əldə olunmadığını bildirib.
Ağ Ev sözçüsü bildirib ki, İranın prioriteti bombardmanı dayandırmaq və atəşkəsi təmin etməkdir, ABŞ isə iranlıların əvvəlki danışıqlarda etmək istəmədikləri güzəştlərə gedib-getməyəcəyini görmək istəyir.
Xəzər
"Cebheinfo.az"