AZ

Trampın "müəmmalı mesajı"nın arxasındakı gizli hədəf: ABŞ qlobal enerji bazarına da "hücuma" başladı

Ağ Ev sahibinin baş rolda çıxış etdiyi yeni "siyasi-psixoloji oyun"un əsas xüsusiyyəti reallığa bağlı proseslərdən daha çox, qlobal gözləntilərin məhz manipulyativ metodlar ilə idarə olunmasıdır... İndi baş verənlərin arxasında qarşı tərəfə psixoloji təzyiq və manipulyativ manevrlərlə qlobal enerji bazarlarına təsir cəhdlərinin gizləndiyi qətiyyən şübhə doğurmur...

Yaxın Şərqdə hərbi qarşıdurma nəzarətdən çıxa biləcək bir mərhələdə məhz Ağ Evdən müəmmalı “sülh mesajı” verildi. Belə ki, ABŞ prezidenti Donald Tramp növbəti dəfə həm beynəlxalq siyasət məkanında, həm də qlobal enerji bazarlarında ciddi rezonans doğuran açıqlamalara müəlliflik edib. Ağ Ev sahibi ABŞ-la İran arasında “çox məhsuldar danışıqlar"ın getdiyini bildirib. Və İranın enerji infrastrukturuna qarşı planlaşdırılan hərbi zərbələrin 5 gün müddətinə təxirə salındığını vurğulayıb.

Ancaq Ağ Ev sahibinin bu bəyanatından dərhal sonra rəsmi Tehranın sərt reaksiyası diqqəti çəkib. Belə ki, İran tərəfi nə birbaşa, nə də vasitəçilər üzərindən ABŞ-la hər hansı siyasi-diplomatik təmasın olmadığını bildirib. Belə ziddiyyətli mesajlar isə münaqişə tərəfləri arasında sülhə yaxınlaşmanın olub-olmadığı ilə bağlı sualları daha da artırır. Bu, həm də daha mürəkkəb geopolitik və geoiqtisadi oyunun  başlanmış ola biləcəyi ilə bağlı şübhələr yaradır.

Onu da qeyd etmək lazımdır ki, prezident Donald Trampın son açıqlaması formal da olsa, "siyasi-diplomatik yumşalma" mesajı kimi də təqdim olunur. Halbuki, İran tərəfinin bunu dərhal təkzib etməsi mövcud vəziyyəti daha da qəlizləşdirir. Çünki münaqişə tərəfləri genişmiqyaslı informasiya müharibəsi başlayaraq, paralel reallıqlar formalaşdırmağa və siyasi-psixoloji üstünlüklər qazanmağa çalışırlar.

Məsələ ondadır ki, Ağ Ev taktiki blefə əl atır, prezident Donald Tramp real danışıqlar olmadan belə, "gizli təmaslar"ın mövcudluğu ilə bağlı görüntü yaratmağa cəhd göstərir. Belə ki, ABŞ prezidenti Donald Tramp öz ənənəvi siyasi ritorikasında tez-tez “danışıqlar faktoru”nu taktiki alətə çevirməyə çalışır. Yəni, Ağ Ev sahibi danışıqlar prosesindən çox onun yaratdığı geopolitik gözləntiləri idarə etməyə üstünlük verir.

Maraqlıdır ki, ABŞ-ın İranın enerji obyektlərinə zərbələri 5 günlük təxirə salması ilk baxışdan hərbi gərginliyin azaldılmasına yönəlik addım kimi də görünə bilər. Ancaq geopolitik reallıq əslində, tamamilə fərqli situasiya ilə diqqəti çəkir. Belə ki, Ağ Ev son gözlənilməz qərarı ilə həm də regional müttəfiqlərə  mesaj verir ki, hərbi əməliyyatlar istənilən anda bərpa oluna bilər. Yəni, burada uzunmüddətli sülh strategiyasından daha çox idarə olunan hərbi gərginlik modeli ön plana çıxmış kimi görünür.

Təbii ki, prezident Donald Trampın ziddiyyətli bəyanatları qlobal neft bazarına da birbaşa təsir göstərir. Bu baxımdan, Ağ Ev sahibinin “saziş əldə olunsa, neftin qiymətləri də kəskin şəkildə aşağı düşəcək” məzmunlu açıqlaması xüsusi önəm daşıyır. Belə ki, bu bəyanat yalnız siyasi yox, həm də iqtisadi hədəfli mesaj rolunu oynayır.

Məsələ ondadır ki, qlobal enerji bazarlarında belə mesajlar həmişə risk səviyyəsinin azalmasına səbəb olur. Xüsusilə də, spekulyativ qiymət artımını zəiflədir, sərmayədarların davranışlarını dəyişərək, nisbətən tənzimləyir. Bu baxımdan, prezident Donald Trampın ritorikası birbaşa bazar gözləntilərini formalaşdırır. Və bu, hüquqi mənada, manipulyasiya kimi qiymətləndirilməsə də, istənilən halda, siyasi güc vasitəsilə iqtisadi proseslərə təsir göstərmək deməkdir.

Ancaq rəsmi Tehranın Ağ Ev sahibinin bəyanatına sərt reaksiyası yalnız ölkədaxili deyil, qlobal məkana mesaj xarakteri daşıyır. Hər halda, İrandan verilən açıqlamalar sadəcə, təkzib deyil. Çünki bu, eyni zamanda, qarşı tərəfə yönəlik informasiya hücumu təsiri bağışlayır. Və bu isə onu göstərir ki, qarşıduran tərəflər arasında yalnız hərbi deyil, həm də informasiya müharibəsi gedir.

Ona görə də, belə anlaşılır ki, prezident Donald Trampın müəmmalı "sülh mesajı"na baxmayaraq, münaqişə tərəfləri arasında yaxın perspektivdə real sülh sazişi ehtimalı o qədər də yüksək deyil. Çünki hələlik münaqişə tərəfləri arasında rəsmi təsdiqlənmiş danışıqlar baş tutmayıb, qarşılıqlı etimadsızlıq dərinləşir, yeni hərbi əməliyyatlar üçün isə hazırlıqlar hələ də davam edir.

Göründüyü kimi, hazırda Yaxın Şərqdə tədricən idarə olunan hərbi münaqişə modeli daha çox ön plana çıxmağa başlayıb. Yəni, real ssenari belə görünür ki, münaqişə tərəfləri arasında lokal gərginliklər və məhdud miqyaslı hərbi toqquşmalar hələ bir müddət davam edə bilər. Yəni, tam anlaşma olmadan, vaxtaşırı “fasilə” və “danışıqlar” barədə mesajlar verilməklə, daha genişmiqyaslı müharibədən yayınmağa cəhd göstəriləcəyi qətiyyən istisna deyil.

Göründüyü kimi, prezident Donald Tramp tərəfindən idarə olunan "sülh mesajları"na bağlı informasiya savaşı klassik siyasi-diplomatik prosesdən daha çox geopolitik tamaşaya bənzəyir. Yəni, prezident Donald Tramp həm hərbi, həm siyasi-diplomatik, həm də geoiqtisadi alətlərdən paralel şəkildə istifadə edərək, çoxvektorlu geostrateji oyun qurmağa çalışır.

Təbii ki, Ağ Ev sahibinin baş rolda çıxış etdiyi bu oyunun əsas xüsusiyyəti isə reallığa bağlı proseslərdən daha çox qlobal gözləntilərin məhz manipulyativ metodlar ilə idarə olunmasıdır. Ona görə də, məhz indiki mərhələdə prezident Donald Trampın “sülh mesajları”nı real razılaşma niyyəti kimi qəbul etmək sadəlövhlük olardı. Və hazırda baş verənlərin arxasında daha çox qarşı tərəfə psixoloji təzyiq cəhdlərinin, eləcə də manipulyativ manevrlərlə qlobal enerji bazarlarının yönləndirilmə strategiyasının gizləndiyi qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Seçilən
74
50
musavat.com

10Mənbələr