AZ

Ağ Evin dövlət borcu qlobal "maliyyə zəlzələsi" yaradır: ABŞ iflas edərsə, bütün dünya "alt-üst" olar

Qərb ekspertləri ABŞ-ın yaxın perspektivdə klassik mənada, “bankrot” olma ehtimalına hələlik mümkün qədər ehtiyatla yanaşırlar... Ancaq onların qənaətinə görə, ABŞ-ın iflas ehtimalı artıq daha çox qlobal maliyyə sisteminin Ağ Evə etimadının hələ nə qədər davam edəcəyindən asılı olacaq...

Qlobal maliyyə sistemində dərinləşən struktur böhranı və enerji faktorunun neqativ təsirləri dünya nəhənglərinə sarsıdıcı iqtisadi zərbələr vurmağa başlayıb. Belə ki, ABŞ Maliyyə Nazirliyinin açıqladığı uzunmüddətli öhdəliklərə dair hesabatlar qlobal iqtisadi gündəmdə ciddi narahatlıq yaradıb. Çünki həmin hesabatlara görə, dünyanın ən böyük iqtisadiyyatı maliyyə baxımından, artıq davamlılığını itirməyə başlayıb.

Onu da qeyd etmək lazımdır ki, Qərb ekspertlərinin qənaətinə görə, ABŞ-ın dövlət borcunun rekord səviyyələrə yüksəlməsi və büdcə balansının pozulması bütün dünya iqtisadiyyatı üçün neqativ nəticələr doğura bilər. Qərb ekspertlərinə görə, açıqlanan mövcud rəqəmlər onu göstərir ki, ABŞ-ın dövlət borcu artıq onilliklər boyu yürüdülmüş yanlış maliyyə-iqtisadi siyasətin nəticəsi olaraq, 39 trilyon dollar həddinə yaxınlaşıb.

5bb10638-eb48-4c36-bb5a-913912c2145c.jpg

Bununla yanaşı, ABŞ-ın sosial təminat, səhiyyə, eləcə də, digər uzunmüddətli daxili və xarici öhdəlikləri də nəzərə alındıqda, real maliyyə yükü bundan xeyli yüksək qiymətləndirilir. Qərb iqtisadçıları hesab edirlər ki, klassik iqtisadi yanaşma ilə belə bir balans istənilən korporativ struktur üçün faktiki iflas demək olardı. Ancaq dövlətlər, xüsusilə də ABŞ kimi qlobal hegemon statusuna malik ölkələr üçün bu məntiqin birbaşa tətbiq edilməsi mümkün deyil.

Maraqlıdır ki, Qərb ekspertləri ABŞ-ın maliyyə dayanıqlığını qoruyan əsas faktor olaraq, onun qlobal maliyyə sistemində tutduğu xüsusi mövqeni ön plana çəkirlər. Onların fikrincə, ABŞ dollarının beynəlxalq rezerv valyuta statusu Ağ Evə unikal imkanlar təqdim edir. Çünki məhz bu imkanlar sayəsində ABŞ öz borc yükünü idarə etmək qabiliyyətini hələlik qoruyub, saxlayır. Qlobal investorlar ABŞ dövlət istiqrazlarını hələ də ən etibarlı maliyyə alətlərindən biri kimi qəbul edirlər. Və bu, Ağ Evə dövlət borcunun fasiləsiz şəkildə yenidən maliyyələşdirilməsinə şərait yaradır.

Eyni zamanda, ABŞ beynəlxalq maliyyə institutları üzərində də öz təsir imkanlarını qoruyaraq, qlobal maliyyə qaydalarının formalaşmasında əsas aktor olaraq, qalır. Bununla belə, Qərb maliyyə mərkəzləri vurğulayırlar ki, mövcud modelin davamlılığı getdikcə, daha çox şübhə altına düşür. Çünki problemin mahiyyəti yalnız borcun ümumi həcmi ilə məhdudlaşmır. Və ABŞ iqtisadiyyatı üçün əsas risk borcun xidmət xərclərinin sürətlə artması ilə bağlıdır.

96b846b6daa03dd7570ef872298b8a5f.jpeg

Qərb iqtisadçılarının dərindən apardıqları təhlil nəticəsində gəlinən əsas qənaət odur ki, son illərdə faiz dərəcələrinin yüksəlməsi ABŞ büdcəsinə ciddi təzyiq göstərir. Artıq borcun xidmətinə ayrılan vəsait, dövlət xərclərinin ən böyük maddələrindən birinə çevrilməkdədir. Əgər, bu tendensiya davam edərsə, ABŞ-ın maliyyə sistemi klassik “borc spiralı”na daxil ola bilər. Və bu isə yeni borclar hesabına köhnə öhdəliklərin ödənilməsi mexanizminin daha da dərinləşməsi deməkdir.

Yenə də Qərb iqtisadçıları hesab edirlər ki, mövcud şəraitdə ABŞ üçün ən real risk ssenarisi qəfil maliyyə çöküşü deyil. Əksinə, daha çox ehtimal olunan ssenari tədricən zəifləmə və struktur eroziyadır. Bu proses özünü dolların dəyərinin mərhələli şəkildə azalması, inflyasiyanın daha davamlı xarakter alması və investor etimadının zəifləməsi kimi faktorlar üzərindən göstərə bilər.

Maraqlıdır ki, qlobal iqtisadi sistemdə alternativ güc mərkəzlərinin formalaşması da bu prosesi sürətləndirən əsas amillərin sırasında hesab olunur. Xüsusilə də Çin tərəfindən təşviq olunan maliyyə təşəbbüsləri və BRİCS platforması çərçivəsində ABŞ dollarından asılılığın azaldılmasına yönəlmiş addımlar diqqət çəkir. Və qlobal maliyyə sabitliyinə təsir göstərən digər mühüm faktor isə məhz enerji bazarlarında baş verən proseslər hesab olunur.

Dünyada böyük nüfuza malik olan "Rystad Energy" təhlil mərkəzi tərəfindən yayımlanan qiymətləndirmələrə görə, Fars körfəzi regionunda enerji infrastrukturuna dəyən ziyanın bərpası üçün ən azı 25 milyard dollara ehtiyac var. Bu ziyanın əsas hissəsi Qətərin Ras-Laffan sənaye klasteri və Iran ərazisində yerləşən Cənubi Pars qaz yatağı kimi strateji obyektlərin sıradan çıxması ilə bağlıdır.

9d20fb5f-9b11-4a81-b50f-316d9dca1c45.jpg

Belə dağıdıcı zərbələr qlobal enerji bazarlarında təklifin azalmasına, qiymətlərin artmasına və nəticə etibarilə inflyasiya təzyiqlərinin güclənməsinə səbəb olur. Enerji qiymətlərinin artması isə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları üçün əlavə maliyyə yükü yaradır. Və bu baxımdan, ABŞ iqtisadiyyatı da qətiyyən istisna deyil.

Ona görə də, Qərb iqtisadçıları hesab edirlər ki, ABŞ-ın maliyyə dayanıqlığı artıq yalnız daxili iqtisadi göstəricilərdən deyil, həm də qlobal geopolitik və geoiqtisadi proseslərdən birbaşa asılı vəziyyətə düşür. Onların fikrincə, mövcud sistem faktiki olaraq, ABŞ dollarının qlobal dominantlığı, maliyyə bazarlarına nəzarət və investor etimadı kimi önəmli faktorların üzərində dayanır. Və bu faktorlardan hər hansı birinin zəifləməsi isə qlobal maliyyə sistemində ciddi transformasiyalara yol aça bilər.

Göründüyü kimi, Qərb ekspertləri ABŞ-ın yaxın perspektivdə klassik mənada, “bankrot” olma ehtimalına hələlik mümkün qədər ehtiyatlı yanaşırlar. Ancaq onların qənaətinə görə, daha dərin təhlillər mövcud maliyyə modelinin davamlılığının getdikcə, daha çox şərti xarakter daşıdığını göstərir. Çünki bu model real iqtisadi balans deyil, məhz qlobal etimad hesabına fəaliyyət göstərir. Ona görə də, Qərbdə əmindirlər ki, ABŞ-ın iflas edib-etməyəcəyi, artıq daha çox qlobal maliyyə sisteminin bu modelə etimadının hələ nə qədər davam edəcəyindən asılıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Seçilən
20
50
musavat.com

10Mənbələr