AZ

Buraxılış imtahanı sualları çətindir? -

Buraxılış imtahanlarında sualların çətinlik dərəcəsinin ağır olmasıyla bağlı abituriyent və müəllimlər narazılıq edirlər. Bəs imtahanların sual səviyyəsi necə olmalıdır?Təhsil eksperti Rizvan Fikrətoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, buraxılış imtahanlarının sual səviyyəsi balanslı və ölçüləbilən olmalıdır. Məqsəd 11 il məktəb oxumuş şagirdi 3 saat ərzində “çətinliyə salmaq” yox, onun real bilik və bacarığını dəqiq qiymətləndirmək olmalıdır. Ekspertin fikrincə, bunun üçün suallar üç səviyyədə hazırlanmalıdır: “İlk olaraq asan səviyyədə suallar əsas anlayışları yoxlamalıdır. Mövzunu oxuyan və dərsi normal mənimsəyən şagird onları rahat cavablandıra bilməlidir. Məqsəd minimal bilik səviyyəsini ölçməkdir. Əsas hissə orta səviyyədə olmalıdır. Şagird mövzunu sadəcə əzbərləməməli, onu tətbiq etməyi bacarmalıdır. Analiz və məntiq tələb edən suallar bu qrupa daxildir. Çətin səviyyə isə daha hazırlıqlı şagirdləri fərqləndirmək üçündür. Amma çətinlik süni və ya dolaşıq ifadədən yox, düşünmə və tətbiq bacarığından gəlməlidir”. R.Fikrətoğlunun sözlərinə görə, sual çətin ola bilər, amma ədalətsiz və ya anlaşılmaz olmamalıdır: “Kurikulumdan, Elm və Təhsil Nazirliyinin hazırlamış olduğu dərsliklərdən kənar və ya şagirdə öyrədilməyən məzmun olmamalıdır. Dil sadə və aydın olmalıdır. Əslində, yaxşı hazırlanmış buraxılış imtahanında orta səviyyəli şagird 50–60% nəticə göstərə bilməlidir, yaxşı hazırlaşan isə yüksək nəticə əldə etməlidir. İmtahan elə qurulmalıdır ki, zəif, orta və güclü şagirdlər arasında fərq aydın görünsün. Əgər bütün suallar ya çox asan, ya da həddindən artıq çətin olarsa, nəticələr obyektiv olmur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
95
50
metbuat.az

10Mənbələr