AZ

Ekspert: Buraxılış imtahanı suallarının çətin olması abituriyentlərin sayına təsir göstərir

Bakı, 12 mart, AZƏRTAC

Buraxılış imtahanlarında suallar çox çətin olmamalıdır. Çünki buraxılış imtahanı ali təhsil müəssisələrinə qəbul prosesini həyata keçirmir. Bu imtahanın nəticələri şagirdin attestat alması üçün əsas göstəricilərdən biridir. Bundan əlavə, kolleclərə qəbul zamanı da əsasən məhz buraxılış imtahanının nəticələrinə əsasən müraciət edilir. Həmçinin V ixtisas qrupuna aid olan musiqi, idman, rəsm, dizayn və digər qabiliyyət tələb edən ixtisaslara müraciət edən abituriyentlər üçün də buraxılış imtahanının nəticəsi mühüm rol oynayır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində təhsil eksperti Ramin Nurəliyev deyib. Ekspert bildirib ki, buraxılış imtahanı suallarının həddindən artıq çətin olması istər-istəməz bütün şagirdlərə təsir göstərir: “Təsəvvür edin ki, illərlə musiqi sahəsində hazırlaşan, bu istiqamətdə müəyyən qədər bilik və bacarıqlara sahib olan abituriyent buraxılış imtahanından aşağı nəticə əldə edir. Bu halda illərini musiqiyə verən həmin şəxs yalnız bu nəticəyə görə universitetə qəbul olmaq imkanını itirə bilər. Eyni vəziyyət idman və ya digər qabiliyyət sahələri üçün də keçərlidir. Məhz buna görə də hesab olunur ki, buraxılış imtahanlarının sualları daha sadə olsun”.

Ekspert hesab edir ki, əgər müəyyən fənlərin çətinlik səviyyəsini artırmaq lazımdırsa, bunu blok imtahanlarında etmək mümkündür: “Məsələn, ikinci ixtisas qrupunda riyaziyyatın, üçüncü ixtisas qrupunda isə tarix fənninin daha çətin suallarla təqdim olunması ayrıca müzakirə mövzusu ola bilər. Lakin ümumi buraxılış imtahanının ağırlaşdırılması düzgün hesab edilmir. Doğrudur, imtahanlarda vaxt aparan və müəyyən qədər çətin olan suallar mövcuddur. Lakin burada nəzərə alınmalı vacib bir məqam var. Məsələn, V ixtisas qrupuna musiqi istiqamətinə hazırlaşan bir abituriyentin riyaziyyat sualları ilə II ixtisas qrupuna hazırlaşan abituriyentin riyaziyyat sualları eyni çətinlik səviyyəsində olmamalıdır. Bu səbəbdən buraxılış imtahanı daha sadələşdirilmiş formada təşkil olunmalıdır. Əks halda, müəyyən ixtisas qruplarını nəzərə alaraq sualların çətinləşdirilməsi digər qruplara hazırlaşan abituriyentlərə də mənfi təsir göstərə bilər. Diqqət yetirsək görərik ki, suallar çətin olduqda abituriyentlərin topladığı ballar avtomatik olaraq aşağı düşür. Ballar aşağı düşdükdə isə bəzi ixtisasların keçid balları 230-240 bal arasında formalaşır. Nəzərə almaq lazımdır ki, buraxılış imtahanı bütün abituriyentlər üçün eyni şəkildə tətbiq olunur. Bu səbəbdən onun həddindən artıq çətinləşdirilməsini doğru hesab etmirəm. Bəli, imtahanda hətta 3-5 dəqiqəyə yaxın vaxt tələb suallarla yanaşı, asan suallar da var”.

O qeyd edib ki, Dövlət İmtahan Mərkəzi (DİM) sualları ümumi tədris proqramı çərçivəsində hazırlayır və proqramdan kənara çıxmır: “Lakin burada başqa bir məqam da nəzərə alınmalıdır. Məsələn, şagird feil mövzusunu 7-ci sinifdə öyrənir. Bu halda həmin mövzudan təqdim olunan sual da məhz 7-ci sinif təfəkkürünə uyğun olmalıdır. Əgər həmin mövzu 11-ci sinif səviyyəsində daha çətin formada təqdim olunursa, bu artıq düzgün yanaşma hesab edilmir”.

Ramin Nurəliyev hesab edir ki, sualların çətin olması balların aşağı düşməsi ilə yanaşı, müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayına a təsir göstərir: “Ali təhsil müəssisələri üçün kifayət qədər plan yerləri ayrılır. Məsələn, ötən il əvvəlki illərlə müqayisədə plan yerlərinin sayı artırılaraq təxminən 62 minə çatdırılıb. Bu il isə plan yerlərinin sayının 65 minə yaxın olacağı ehtimal edilir. Əgər imtahan sualları çətin olarsa və nəticədə ballar aşağı düşərsə, müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayı azalacaq. Bu isə dövlət tərəfindən ayrılan plan yerlərinin tam dolmaması riskini yarada bilər. Eyni vəziyyət kolleclərə qəbul zamanı da müşahidə oluna bilər. Çünki kolleclər üçün də dövlət tərəfindən müəyyən plan yerləri ayrılır və nəticələrin aşağı olması həmin yerlərin dolmasına mənfi təsir göstərə bilər. Təbii ki, DİM imtahanları keçirib ümumi statistik nəticələri açıqladıqdan sonra vəziyyət daha aydın görünəcək. Əgər nəticələr kritik səviyyədə olarsa və ballar kəskin şəkildə aşağı düşərsə, o zaman blok imtahanlarının müəyyən qədər sadələşdirilməsi məsələsi gündəmə gələ bilər ki, müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayı artsın. Məsələn, dövlət ali məktəblər üçün 65 min plan yeri ayırırsa, müsabiqənin normal və ədalətli keçməsi üçün ən azı 65-68 min nəfər abituriyentin müsabiqə şərtlərini ödəməsi vacibdir. Bu halda müsabiqəyə kifayət qədər iştirakçı buraxılmış olur və plan yerlərinin boş qalması riski azalır.

Eyni yanaşma kolleclərə qəbul üçün də keçərlidir. Məsələn, kolleclər üçün dövlət tərəfindən 20 min plan yeri ayrılırsa, ən azı 25-30 min nəfər abituriyentin müsabiqə şərtlərini ödəməsi məqsədəuyğun sayılır. Əks halda, sualların çətin olması səbəbindən müsabiqə şərtlərini ödəyənlərin sayı azalır və nəticədə plan yerlərinin bir hissəsi boş qala bilər”.

 

Seçilən
51
50
azertag.az

10Mənbələr