AZ

Avropa ilə Asiya arasında QAZ SAVAŞI – Bakının KRİTİK gözləntisi

Asiya və Avropadan olan qaz alıcıları Hörmüz boğazında daşınmaların faktiki olaraq dayanmasından sonra mayeləşdirilmiş təbii qaz (LNG) təchizatı uğrunda fəal şəkildə rəqabət aparmağa başlayıb. Musavat.com “Financial Times” (FT) qəzetinə istinadla yaydığı məlumata görə, əvvəllər Avropaya gedən bir neçə LNG daşıyıcısı gözlənilmədən marşrutlarını dəyişdirərək, Asiyaya doğru istiqamət götürüb.

Marşrutunu dəyişən tankerlər arasında Clean Mistral, Simsimah, Pan Americas və BW Brussels qeyd edilir. FT-nin məlumatına görə, Asiya ölkələrinin neft-qaz təchizatında Hörmüz boğazından keçşən həcmlər həlledici paya malikdir. Xüsusilə Çin, Hindistan, Cənubi Koreya, Tailand və Yaponiya Qətər və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) istehsal olunan mayeləşdirilmiş təbii qazın əsas alıcılarıdır.

Wood Mackenzie konsaltinq şirkətinin qaz və LNG təchizatı təhlili rəhbəri Massimo Di Odoardo deyib ki, Fars körfəzi ölkələrindən qaz tədarükünü kompensasiya eləmək ehtiyacını ən çox Tayvan, Cənubi Koreya və Yaponiya hiss edir.

Bu arada Röyters məlumat yayıb ki, mayeləşdirilmiş təbii qazın tədarükünün dayandırılması səbəbindən Hindistandakı restoran və otellər bağlana bilər:

“Müharibə Körfəz və Hörmüz boğazından keçən gəmilərin hərəkətini dayandırıb. Dünyanın ikinci ən böyük LPG idxalçısı olan Hindistan daxili istehsalı artırmaq üçün fövqəladə səlahiyyətlərdən istifadə etsə də, qonaqpərvərlik sektoru yanacaq əldə etməkdə çətinlik çəkir”.

İranın Hörmüzdən ABŞ və müttəfiqlərinə məxsus gəmiləri buraxmayacağına dair bəyanatından sonra həftənin ilk günü Avropada qazın qiyməti 30 faizdən çox artaraq meqavatt-saat üçün 69,5 avroya (1000 kubmetr üçün 750 dollardan çox) çatıb. Daha sonra geriləyərək 600 dollardan aşağı düşüb. Bu gün səhərdən isə İran münaqişəsinin uzunmüddətli xarakter alması ehtimalının güclənməsi ilə qiymətlər yenidən artmağa başlayıb.

İran

Sabah Avropa Komissiyası İrandakı böhran fonunda neft və qaz tədarükünü əlaqələndirmək üçün görüşlər keçirəcək. Avropa Komissiyasının məlumatına görə, Aİ hökumət nümayəndələrinin iştirak etdiyi işçi qrupunun iclaslarında Yaxın Şərqdəki münaqişənin enerjiyə təsiri, eləcə də Aİ ölkələrinə neft tədarükünün cari proqnozları müzakirə olunacaq. Görüşlərin əsas məqsədi neft və qaz tədarükünün təhlükəsizliyini izləmək və vəziyyətin daha da pisləşəcəyi təqdirdə cavab tədbirlərini əlaqələndirməkdir. Artıq Almaniya hökumət öz strateji ehtiyatlarından 20 milyon barelə yaxın neftin bazara buraxılmasına dair qərar qəbul edib. Neftlə bağlı ehtiyatlardan istifadə vəziyyətdən çıxış yolu olsa da, qazla bağlı Avropanın belə imkanı çox məhduddur. Gas Infrastructure Europe (GIE) məlumatlarına görə, 9 mart 2026-cı il tarixinə Aİ-də yeraltı qaz anbarları 29,29 faiz dolu olub və onlarda 31,58 milyard kubmetr qaz qalıb. Həmin gün yalnız Almaniya və Belçika yeraltı qaz anbarlarına qaz vurub, İsveç, Portuqaliya və Latviyada anbarlara toxunulmayıb. Qalan ölkələr anbarlardan qaz götürüblər. Hazırda Almaniyada yeraltı qaz anbarları 21,52 faiz, Fransada 21,92 faiz, Avstriyada 35,89 faiz və İtaliyada 45,79 faiz doludur.

Yeni qış mövsümünədək Avropa anbarlarına 70 milyard kubmetrə yaxın qaz vurulmalıdır. Aİ-nin qərarına əsasən Rusiyadan maye qaz idxalı bu ilin, boru qazı idxalı isə gələn ilin sonunda dayandırılmalıdır. Bu şəraitdə anbarların doldurulması daha da çətin olacaq. Belə ki, ötən il Rusiya maye və boru qazı Aİ-nin qaz təchizatında 14 faizə yaxın paya malik olub. Vladimir Putin bir neçə gün öncə hökumətə maye qazın Aİ-nin qərarı qüvvəyə minməzdən əvvəl başqa bazarlara yönəldilməsini tapşırıb. İrandakı münaqişə fonunda Asiyadakı qaz qıtlığı Rusiya qazının satışında problem yaranmayacağından xəbər verir. Ənənəvi boru qazı ixracatçılarının Avropaya tədarükləri kəskin artırmaq imkanları olmadığına görə bu il Aİ-nin maye qaz alışlarında yeni rekordun qeydə alınması gözlənilir. Gas Infrastructure Europe-un məlumatlarına əsasən Avropa ölkələri 2025-2026-cı illərin istilik mövsümündə 66,8 milyard kubmetr maye qaz idxal edib ki, bu da bütün zamanların ən yüksək göstəricisidir. 2026-cı ilin əvvəlindən bəri terminallardan Avropa qaz ötürmə sisteminə mayeləşdirilmiş qaz tədarükü rekord səviyyədə olub və 28,5 milyard kubmetri keçib. Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, 2026-cı ildə Avropada mayeləşdirilmiş təbii qaz (MTQ) idxalı artmaqda davam edəcək və hətta rekord səviyyə olan 185 milyard kubmetri də ötə bilər. Bu, əsasən anbarların doldurulmasına olan tələbin və Ukraynaya boru kəməri ilə qaz tədarüklərinin artması ilə əlaqədardır.

Avropa

Qeyd edək ki, Azərbaycan Aİ-nin boru qazı tədarükçülərindən biridir. 2025-ci ildə “Şahdəniz”də texniki problemə görə hasilatın qısamüddətli dayanması nəticəsində Azərbaycandan Avropaya qaz ixracı cüzi azalmaqla 12,8 milyard kubmetr təşkil edib. Bu ilin yanvar ayında isə ümumilikdə qaz ixracında azalma qeydə alınıb. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən ay ərzində Azərbaycandan xaricə 687,5 milyon dollar dəyərində 2 milyard 292 milyon kubmetr təbii qaz ixrac edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 183 milyon dollar və ya 21 faiz, miqdar ifadəsilə isə 47 milyon kubmetr və ya 2 faiz azdır. Yanvarda ixrac olunan qazın 1000 kubmetrinin orta qiyməti 300 dollar təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 372 dollar olmuşdu.

Bu da illik müqayisədə 72 dollar (122 manat) və ya 19 faiz ucuzlaşma deməkdir. Lakin Avropanın qaz anbarlarındakı minimal ehtiyat səviyyəsi fonunda Rusiya maye qazının indidən Avropadan çəkilməsi, həmçinin İran münaqişəsinin mənfi nəticələri qaz qiymətlərindəki artımın ən azı bir neçə ay davam etməsi ehtimalını artırır. Bu şəraitdə Azərbaycan qazına Avropada ehtiyac və qazın qiymətinin yüksək olması gözlənilir.

Yeri gəlmişkən, 2026-cı ilin yanvar ayından etibarən Azərbaycan qazı digər ölkələrlə yanaşı, Avstriya və Almaniyaya da çatdırılır. SOCAR-ın yaydığl məlumata görƏ, İtaliya üzərindən Avstriya və Almaniyaya həyata keçirilən qaz təchizatı Azərbaycan qazının Avropadakı coğrafi əhatəsini daha da genişləndirir. Beləliklə, Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb.

Xatırladaq ki, Avstriya və Almaniya ilə yanaşı Avropa istiqamətində Azərbaycan qazını alan ölkələr sırasında İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Slovakiya, Şimali Makedoniya və Ukrayna yer alır. Bundan əlavə, Azərbaycan qazı Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə, oradan isə Türkiyənin daxili boru kəmərləri ilə Suriyaya, eləcə də Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə Gürcüstana nəql olunur. Ötən ilin iyun ayında SOCAR ilə Almaniyanın dövlət enerji şirkəti SEFE (Securing Energy for Europe) arasında 10 illik qaz alqı-satqısı müqaviləsi imzalanıb. Bu sənədə əsasən, SOCAR Avropada SEFE-yə qaz tədarük edəcək. İllik tədarük həcmi mərhələli şəkildə artırılaraq 15 teravatt/saatadək (təxminən 1,5 milyard kubmetr) çatdırılacaq.

DÜNYA,
Musavat.com

Seçilən
83
23
musavat.com

10Mənbələr