İranla bağlı münaqişə neft bazarından daha çox qlobal qaz bazarına kəskin təsir edib. Belə ki, İranın Hörmüz boğazında tankerlərə hücumları, həmçinin dünyanın üçüncü böyük maye qaz ixracatçısı olan Qətərin İran hava zərbələrinə görə ölkədə bütün qaz istehsalı müəssisələrində işi dayandırdıqdan sonra qiymətlər böyük sürətlə artıb.
Musavat.com xəbər verir ki, dünən birjalarda qaz qiymətləri 50 faiz artıqdan sonra bu gün hərraclar başlanandan daha 30 faizlik yüksəliş qeydə alınıb.
Londonda yerləşən ICE birjasının məlumatlarına görə, Avropada qazın qiyməti 2023-cü ilin yanvar ayından bəri ilk dəfə min kubmetr üçün 710 dolları keçib. Dünən isə qiymətlər 2023-cü ilin fevral ayından bəri ilk dəfə min kubmetr üçün 650 dolları keçmişdi.
Hollandiyadakı TTF mərkəzində aprel fyuçerslərinin qiyməti min kubmetr üçün təxminən 711 dollara və ya MVt/saat üçün 59,015 avroya yüksəlib.
İranın Hörmüzü bağlamağa çalışması məhsul bolluğu olan neft bazarında qiymətləri 10 dollara yaxın artırıb. Lakin xüsusilə Avropada ehtiyat anbarlarındakı həcmlərin 30 milyard kubmetrdən aşağı düşməsi qaz bazarına təsirin 300 dollara yaxın artım həcmində olmasına gətirib çıxarıb.
Bazarın belə təsirlənməsi daha çox Qətərdə istehsalın dayanmasından qaynaqlanır. Belə ki, Qətər ABŞ və Avstraliyadan sonra dünyada üçüncü ən böyük LNG ixracatçısıdır. Onun LNG istehsal gücü ildə 77 milyon tondur. Ölkə həmçinin LNG zavodlarını 142 milyon tona qədər genişləndirmək planlarını açıqlayıb.
Qətərin maye qazının 85 faizə qədəri Asiya ölkələrinə -əsasən Çin, Hindistan, Pakistan, Cənubi Koreya və Yaponiyaya ixrac olunur. Bu qışın sərt keçməsi həm Avropada, həm Asiyada ehtiyatlardan daha çox istifadəyə səbəb olub. Buna görə də Qətərin ixracının dayanması Asiyada qaz ehtiyacını kəsin artırır, region ölkələri ABŞ və Avstraliyadan sərbəst həcmlərin alınması uğrunda mübarizəyə başlayırlar. Nəticədə, iki ölkənin qazı uğrunda Avropa ilə Asiya arasında rəqabəti gücləndirməklə qiymətləri yuxarıya hərəkət etdirir.
Bu şəraitdə Çinin Rusiyadan maye qaz alışını artırmaq imkanları varsa, ABŞ-la təzə razılaşma imzalayan Hindistanın belə imkanı məhduddur. Buna görə də Reuters-in məlumatına görə, artıq Hindistan şirkətləri Qətərdə LNG istehsalının dayandırılması və Hörmüz boğazı vasitəsilə təchizatın kəsilməsindən sonra obyektlərə qaz tədarükünü 10-30 faiz azaltmağa başlayıblar.
Hindistan dünyanın dördüncü ən böyük mayeləşdirilmiş təbii qaz idxalçısı və Qətər LNG-sinin ən böyük alıcılarından biridir. Əsas bazar oyunçuları artıq müştərilərə həcm azalmaları barədə məlumat veriblər.
Çin Qətər LNG-sinin ən böyük alıcısıdır. Qətər tədarükünün azalması LNG-nin Rusiyanın “Arktika LNG 2” layisəsindən alışını artıra bilər, lakin bu, Çinin tələbatını tam təmin edəcək həcm olmayacaq.
Pakistan üçün Qətər tədarükünün azalması qəribə də olsa, müsbət amilə çevrilir. Pakistan bu yaxınlarda daxili bazardakı artıqlıq səbəbindən Qətər LNG tədarükünə tamamilə qadağa qoyub.
Gas Infrastructure Europe-nin (GIE) məlumatına əsasən Avropanın yeraltı anbarları 30,05 faiz doludur və onlarda 32,39 milyard kubmetr qaz var. Havaların istiləşməsi fonunda 1 mart tarixinə Belçika, Çexiya, Almaniya, Macarıstan anbarların doldurulmasına başlayıblar. Latviya, İsveç və Portuqaliya anbarlardan qaz götürülməsini dayandırıb. Qalan Aİ ölkələri az miqdarda da olsa anbarlardan qaz götürürlər.
Avropa Komissiyasının (AK) sözçüsü Anna-Kaisa İtkonen bildirib ki, bu qışın sonunda Aİ yeraltı qaz anbarlarındakı qaz ehtiyatları onların tutumunun 30 faizini təşkil edir ki, bu da qaz təchizatı ilə bağlı narahatlıq üçün əsas vermir: "Hazırkı yeraltı qaz ehtiyatlarımız təxminən 30 faizdir və bu, qışın sonuna qədər kifayət qədər səviyyəni təmin etmək və bu yay ehtiyatların doldurulmasını təmin etmək üçün Aİ-nin saxlama tutumu məhdudiyyətlərinə uyğundur. Biz heç bir fövqəladə tədbir və ya buna bənzər bir şeyə ehtiyac görmürük. Fövqəladə bir vəziyyət yoxdur. Qaz idxalımız yaxşı şaxələndirilib və bu, son illərdə vurğuladığımız bir şeydir".
O, həmçinin qeyd edib ki, ehtiyac yaranarsa və Aİ üzv dövlətləri bunu tələb edərsə, Aİ qaz koordinasiya qrupu toplana bilər. Lakin o, hələlik qaz təchizatı ilə bağlı "təcili narahatlıq" olmadığını söyləyib.
Qeyd edək ki, Azərbaycan Avropanın qaz təminatçılarından biridir. Ötən il Avropaya 13 milyard kubmetr qaz ixrac olunub.
Musavat.com