ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycanın yaxın illərdə təbii qaz hasilatını artırmaq planları Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır və ölkənin Avropa İttifaqının etibarlı tərəfdaşı kimi rolunu gücləndirir. 2021-ci ildə kəskinləşən enerji böhranından sonra Avropa İttifaqı etibarlı qaz təchizatçılarının fəal axtarışındadır. Bu kontekstdə Azərbaycan Xəzər regionunun qaz ehtiyatlarını Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliya vasitəsilə Avropa bazarları ilə birləşdirən Cənub Qaz Dəhlizi (CQD) sayəsində mühüm tərəfdaşa çevrilib.
Bunu AZƏRTAC-a açıqlamasında pakistanlı geoiqtisadiyyatçı analitik-politoloq İmran Bhatti söyləyib.
Ekspert qeyd edib ki, Azərbaycanın Avropa bazarının qazla təmin olunmasına töhfəsi artıq nəzərəçarpacaq dərəcədə artıb. 2021-ci ildən etibarən Avropaya qaz tədarükü təxminən 56 faiz artıb və ötən il təxminən 12,5–13 milyard kubmetr səviyyəsinə çatıb. Bu həcm Avropa İttifaqının ümumi qaz idxalının təxminən 4 faizini və Azərbaycanın bütün qaz ixracının yarıdan çoxunu təşkil edir.
“Bu həcmlər Aİ-nin ümumi tələbatı ilə müqayisədə nisbətən böyük olmasa da, təchizatın diversifikasiyasında və Avropanın enerji bazarının dayanıqlığının artırılmasında mühüm rol oynayır. Tədarükün daha da artması yeni qaz layihələrinin inkişafı hesabına təmin edilə bilər. Belə ki, bu il “Azəri–Çıraq–Günəşli” yatağında dərin qaz hasilatına başlanacağı gözlənilir. Eyni zamanda, “Abşeron” yatağı tammiqyaslı işlənmə mərhələsinə yaxınlaşır ki, bu da yaxın iki-üç il ərzində hasilatın həcmini üç dəfə artıra bilər. Bundan əlavə, həyata keçirilməsi təxminən 2028-ci ilə planlaşdırılan “Şahdəniz” yatağının yeni işlənmə mərhələsinin mümkünlüyü də nəzərdən keçirilir. Uzunmüddətli perspektivdə bu layihələr ildə təxminən 10–15 milyard kubmetr əlavə qaz hasilatını təmin edə bilər”, – deyə İ.Bhatti vurğulayıb.
Ekspert qeyd edib ki, Azərbaycan qazının tədarükü Avropaya iki əsas üstünlük verir. Birincisi, mənbələrin diversifikasiyasına kömək edir. İkincisi isə tez-tez qiymət dəyişikliyinə və Asiya bazarları ilə rəqabətə məruz qalan mayeləşdirilmiş təbii qaz (MTQ) idxalını tamamlayaraq boru kəmərləri vasitəsilə sabit tədarük təmin edir.
Bununla yanaşı, analitik bildirib ki, Cənub Qaz Dəhlizinin daha da genişləndirilməsi bir sıra texniki, maliyyə və siyasi amillərdən asılı olacaq. Onun sözlərinə görə, dəhlizin artıq fəaliyyət göstərməyinə və Avropaya qaz tədarük etməyinə baxmayaraq, hazırda onun infrastrukturu demək olar ki, tam gücü ilə işləyir.
O söyləyib ki, tədarük həcmlərinin artırılması həm yeni yataqların işlənməsinə, həm də boru kəməri infrastrukturunun modernləşdirilməsinə investisiyalar tələb edəcək. Xüsusilə Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərlərinin ötürücülük qabiliyyətinin genişləndirilməsi zəruridir. TAP artıq illik gücünü təxminən 1,2 milyard kubmetr artırıb, lakin Avropaya tədarükün uzunmüddətli perspektivdə ildə təxminən 20 milyard kubmetr səviyyəsinə çatdırılması üçün əlavə genişləndirmə tələb olunacaq.
Bundan əlavə, onun sözlərinə görə, Avropa İttifaqının iqtisadiyyatın dekarbonizasiyası üzrə uzunmüddətli planları 2030-cu illərin əvvəllərindən sonra təbii qaza tələbatı tədricən azalda bilər.
“Buna baxmayaraq, Azərbaycanla Avropa arasında enerji tərəfdaşlığı artıq qarşılıqlı faydasını sübut edib. Hasilatın, infrastrukturun və normativ bazanın əlaqələndirilmiş inkişafı fonunda Azərbaycan qazı bundan sonra da Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə və Azərbaycanın iqtisadi inkişafına töhfə verəcək”, – deyə pakistanlı ekspert fikrini yekunlaşdırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.