AZ

Sadə quş müşahidəsi beynin qocalmasını ləngidə bilər

Quş müşahidəsi yalnız xoş vaxt keçirmək üsulu deyil.

Hit.az-ın “Discover Wildlife” nəşrinə istinadən məlumatına görə, ornitoloq bacarıqları beynin strukturunu elə dəyişə bilər ki, bu da yaşla bağlı koqnitiv zəifləməni ləngitməyə kömək edir.

Neyrobioloqlar artıq bilirdilər ki, yeni bacarıqların mənimsənilməsi beyində dəyişikliklər yaradır. Məsələn, yeni idman növü və ya dil öyrənmək beyin aktivliyində və strukturunda müəyyən dəyişikliklərə səbəb olur.

Quş müşahidəsinin beyinə təsirini araşdırmaq üçün Kanadanın York Universitetindən Erik Vinq müxtəlif quş növlərini tanımağa çalışan insanların beyin skanını aparıb. İştirakçılar yerli quş müşahidə və açıq hava klublarından seçilib. Onlardan 29-u təcrübəli ornitoloq, 29-u isə yeni başlayan olub. Hər iki qrup yaş, cins və təhsil səviyyəsinə görə oxşar olub.

İlk mərhələdə iştirakçılara bir quşun şəkli göstərilib. Daha sonra onlar həmin quşu oxşar növlər arasından seçməli olublar. Ümumilikdə 18 müxtəlif növ (6 yerli, 12 qeyri-yerli) üzrə 72 identifikasiya cəhdi həyata keçirilib.

Məqalədə qeyd olunur:

“Gözlənildiyi kimi, ekspertlər quşların, xüsusilə də yaşadıqları ərazidə rast gəlinən növlərin müəyyən edilməsində yeni başlayanlardan daha uğurlu olublar. Bu, vizual informasiyanın emalı, diqqət və işçi yaddaşla əlaqəli üç beyin sahəsində artmış aktivliklə müşayiət olunub. Həmin üç sahə struktur baxımından da daha sıx və mürəkkəb idi”.

Nəticələr göstərir ki, quşları tanıma bacarığının öyrənilməsi və davamlı təcrübə zamanla beyində dəyişikliklərə gətirib çıxarır.

Əhəmiyyətli məqam ondan ibarətdir ki, yaş artdıqca beynin struktur mürəkkəbliyi və təşkilatlanması zəifləyir. Bu tendensiya həm ekspertlərdə, həm də yeni başlayanlarda müşahidə edilsə də, təcrübəli ornitoloqlarda daha zəif ifadə olunub.

“Bu, koqnitiv funksiyaların yaşla bağlı azalmasının potensial ləngiməsinə işarə edir”, deyə Vinq və həmkarları “Journal of Neuroscience” jurnalında dərc olunan araşdırmada bildiriblər.

Başqa sözlə, quş müşahidəsi nəticəsində qazanılan bacarıqlar yaşlandıqca koqnitiv qabiliyyətlərin qorunmasına töhfə verə bilər. Tədqiqat həmçinin zehni səy tələb edən fəaliyyətlərin koqnitiv ehtiyatı – yəni beynin qocalma və ya zədələnməyə baxmayaraq effektiv işləmə qabiliyyətini – gücləndirdiyi fikrini təsdiqləyir.

Samir

Seçilən
51
32
hit.az

10Mənbələr