AZ

İpoteka kreditləri üçün müraciətlər başlayır

Vətəndaşlar “SİMA İmza”dan istifadə etməklə ayrılmış ipoteka limitindən faydalanacaqlar

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb. Belə ki, adi ipoteka kreditləri üzrə martın 5-dən, güzəştli ipoteka kreditləri üzrə martın 6-dan etibarən müraciətlərin qəbuluna başlanılacaq. Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət” sistemi (www.e-gov.az) üzərindən elektron imza vasitələri (SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal, Asan İmza) ilə həyata keçiriləcək. Xatırladaq ki, müraciətlərin çoxluğu nəzərə alınaraq daha asan qeydiyyat məqsədilə 2026-cı ilin fevral ayından etibarən “SİMA İmza” “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiya edilib. “SİMA İmza” rəqəmsal imzanın da tətbiq edilməsi vətəndaşlar üçün  vaxt və maliyyə itkilərinin qarşısının alınmasına, göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına xidmət edir.

Nizamnamə kapitalı 1 milyard 153 milyon manata bərabər olan İpoteka və Kredit Zəmanət Fondu həm biznes, həm də vətəndaşların güzəştli kreditlərə əlçatanlığı üçün mühüm maliyyə mənbəyi rolunu oynayır. Davamlı olaraq nizamnamə kapitalını artıran bu təsisat daha çox ipoteka kreditlərini təklif etməklə, güzəştli şərtlərlə kredit təminatını icra edərək daha çox vətəndaşın güzəştli ipoteka kreditindən faydalanmasına imkan yaradır.

Ötən il 4309 ailə ipoteka krediti ilə mənzil sahibi olub

“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun olaraq, Fond 2025-ci il ərzində də əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirib. Ötən ildə Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 442,8 milyon manat həcmində 4309 ipoteka krediti, o cümlədən 347,2 milyon manat məbləğində 3153 adi ipoteka krediti və 95,6 milyon manat məbləğində 1156 güzəştli ipoteka krediti verilib. Ümumilikdə, 2006-2025-ci illərdə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 3,76 milyard manatı keçib ki, bu da 56800-dən çox ailənin mənzil şəraitinin  yaxşılaşmasına imkan verib. Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə 01 yanvar 2026-cı il tarixinə Fond tərəfindən 139,9 milyon manat məbləğində 1490 ipoteka krediti üzrə zəmanət verilib.

2813 ailə kirayə mexanizmi vasitəsilə mənzil əldə edib

Hazırda İpoteka və Kredit Zəmanət Fondu tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası da uğurla davam etdirilir. Bu tədbirlər çərçivəsində 2025-ci ildə Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonunda 5 ünvanda yerləşən yaşayış komplekslərində satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzillər təqdim edilib və 2813 kirayə müqaviləsi rəsmiləşib. 2026-cı il yanvarın 1-nə olan məlumata görə, bu mexanizm vasitəsilə indiyə qədər 9070 ailənin mənzil şəraiti yaxşılaşıb. Mənzil sahibi olan vətəndaşların 60 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir. Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir edilib, isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, eyni zamanda, həmin mənzillərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.

Sahibkarlara 684 milyon manat kredit verilib

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi məqsədilə biznesin ipoteka təchizatı da xeyli yaxşlaşdırılıb. Sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyalarla təmin edilməsi bu sahədə mühüm dönüş yaradıb.

2026-cı il yanvarın 1-nə olan məlumata görə, Fondun təqdim etdiyi zəmanət hesabına müvəkkil banklar tərəfindən sahibkarlara 684 milyon manat, 2025-ci ildə isə 147 milyon manat məbləğində kredit verilib. Mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, Fond tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi 6,8 faiz, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib.

Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib. Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb və iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə sahibkarların öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb. Belə ki, 2025-ci ildə istiqraz emissiyası üzrə öhdəliklərin təmin edilməsi mexanizmi çərçivəsində 10 milyon manatlıq istiqraz buraxılışına 6 milyon manat məbləğində zəmanət təqdim edilmişdir. Sahibkarların manatla əldə etdikləri kreditlər üzrə portfel zəmanət mexanizmi çərçivəsində 360 sahibkarın 5,33 milyon manat məbləğində kreditinə 4 milyon manat həcmində zəmanət verilib.

İpoteka mexanizmi təkmilləşdirilir

Azərbaycanda ipotekaya əlçatanlığın təmin edilməsi məqsədilə ötən ilin sonlarında dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş “İpoteka haqqında” qanuna əsasən,  ipoteka mexanizmində bir sıra dəyişikliklər edilib. Dəyişikliklərə əsasən,  ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun  mübadiləsi, müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması təklif olunur. İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində qeydə alınacaq. Həmçinin ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ dəyişdirildikdə dövlət rüsumu üstünlük hüququnun keçdiyi ipoteka saxlayan tərəfindən ödəniləcək.

E.CƏFƏRLİ

Seçilən
32
13
yeniazerbaycan.com

10Mənbələr