AZ

Yaqoba Arrasate Martin Demişelislə əvəzləndi – ARENA.AZ

İspaniyanın “Malyorka” klubu əsas komandanın baş məşqçisi Yaqoba Arrasate ilə yollarını ayırıb və onu Martin Demişelislə əvəz edib.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Yaqoba Arrasatenin “Malyorka” ilə müqaviləsinin müddəti bu mövsümün sonuna – iyunun 30-na kimi idi. Amma komandanın son oyunlardakı ardıcıl məğlubiyyətləri klub rəhbərliyinin ispan məşqçini erkən istefaya göndərməyə vadar edib.

Arrasate 2024-cü ilin iyul ayından “Malyorka”ya rəhbərlik edirdi. O, indiyə qədər bu komandanı 68 oyuna çıxarıb. Komanda bu görüşlərdə 21 qələbə qazanıb, 15 heç-heçə edib və 32 məğlubiyyətə üzülüb.

“Malyorka” 2025/2026-cı illər mövsümündə La Liqa çərçivəsində keçirdiyi 25 oyunda 6 qələbə qazanıb, 6 heç-heçə edib və 15 məğlubiyyətə üzülüb. Sözügedən kollektiv 24 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Yaqoba Arrasate daha öncə “Numansiya”, “Real Sosyedad” və “Osasuna”ya da rəhbərlik edib.

“Malyorka” yeni baş məşqçisini də müəyyənləşdirib. Komandaya bundan sonra Martin Demişelis rəhbərlik edəcək. 45 yaşlı argentinalı mütəxəssis La Liqa klubu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. Razılaşmaya görə, onun sözləşməni bir mövsüm də uzatmaq hüququ var.

“Bayern” və “Mançester Siti” komandalarının keçmiş müdafiəçisi sonuncu dəfə Meksika klubu “Monterrey”də baş məşqçi olub və 2025-ci ildə komandadan ayrılıb. O, daha öncə “Bayern”in ikinci komandasına və “River Pleyt”ə də rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
7
12
arena.az

10Mənbələr