AZ

Meksika alov içində: El Menço nun sonunu sevgilisi gətirib (FOTO)

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Meksikada təhlükəsizlik qüvvələrinin bazar günü keçirdiyi əməliyyat zamanı öldürülən və "El Menço” ləqəbi ilə tanınan 1966-cı il təvəllüdlü Nemesio Ruben Oseqera Servantes ölkənin ən güclü cinayət təşkilatlarından biri olan Xalisko Yeni Nəsil Kartelinin (CJNG) qurucusu və lideri kimi tanınırdı.

Meksika ordusu tərəfindən Xalislo ştatının paytaxtı Qvadalaxaradan təxminən 130 kilometr məsafədə yerləşən Tapalpa bölgəsində keçirilən əməliyyat zamanı 59 yaşlı Oseqera Servantes əvvəlcə yaralı halda ələ keçirilib, daha sonra paytaxt Mexikodakı xəstəxanaya aparılarkən həyatını itirib. Meksika Müdafiə Nazirliyinin açıqlamasına görə, əməliyyatın məqsədi onu sağ ələ keçirmək olub. ABŞ rəsmilərinin də əməliyyata kəşfiyyat məlumatı ilə dəstək verdiyi bildirilib. Əməliyyatda Hərbi Hava Qüvvələri və Meksika Milli Qvardiyasının Xüsusi Təcili Müdaxilə Qüvvələri iştirak edib.

Qaynarinfo xəbər verir ki, milli müdafiə naziri Rikardo Trevilya Trexonun sözlərinə görə, fevralın 20-də Mərkəzi Hərbi Kəşfiyyat "El Menço”ya yaxın bir şəxsi müəyyən edib. Həmin şəxs onun "El Menço"nun sevgilisini Tapalpadakı obyektə aparıb və cütlük orada görüşüb. Fevralın 21-də isə etibarlı şəxs ərazini tərk edib və bundan sonra əməliyyat başladılıb.

Yerli mətbuatın yazdığına görə, əməliyyatda rolu olduğu iddia edilən sevgilinin sosial media fenomeni Maria Julissa olduğu bildirilir.

Əməliyyat zamanı şiddətli toqquşmalar baş verib. Dörd kartel üzvü hadisə yerində öldürülüb, üç agent yaralanıb. "El Menço” isə yaralı vəziyyətdə saxlanılıb, lakin sonradan dünyasını dəyişib.

Kartel intiqam çağırışı etdi

Liderin öldürülməsindən sonra kartel tərəfdən ilk mesaj "intiqam” olub. "Reuters”ə danışan kartel üzvü cavab olaraq zorakılıq aksiyalarına başlandığını bildirib.

Kartellə əlaqəli olduğu ehtimal edilən şəxslər ən azı 12 ştatda yanğınlar törədib, avtomobil və yük maşınlarını yandıraraq yolları bağlayıblar. Ən az 23 ştatda yollar bağlanıb, bəzi bölgələrdə tədris dayandırılıb. Xalisko ştat hökuməti "xalqın təhlükəsizliyini təhdid edən hadisələr” səbəbilə "qırmızı həyəcan” rejimi elan edib.

Ölkə üzrə baş verən zorakılıq hadisələrində 25-i təhlükəsizlik əməkdaşı olmaqla 55 nəfər həlak olub.

Turizmə də təsir göstərdi

Zorakılıq hadisələri 1,4 milyon əhalisi olan Qvadalaxaranı, eləcə də Yukatan yarımadasındakı Kankun və Playa del Karmen kimi turizm mərkəzlərini də təsirləndirib. Qvadalaxara Beynəlxalq Hava Limanından uçuşlar ikinci bildirişədək digər hava limanlarına yönləndirilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə sərnişinlərin təşviş içində qaçdıqları əks olunub. Səlahiyyətlilər Puerto Valyarta da daxil olmaqla sahil şəhərlərindəki hotellərə qonaqlara içəridə qalmaq tövsiyəsi verməyi tapşırıb.

Meksika prezidenti Klaudiya Şeynbaum vətəndaşları sakitliyə çağıraraq bildirib ki, bütün ştat rəhbərləri ilə koordinasiya davam edir və ölkənin böyük hissəsində həyat normal axarda gedir. 

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
37
qaynarinfo.az

10Mənbələr