Meksika Prezidenti Klaudiya Şeynbaum amerikalı sahibkar İlon Maskı narkokartellərlə əlaqəsi olması barədə dediyi sözlərə görə məhkəməyə verə bilər.
Publika.az xəbər verir ki, xanım prezident bu barədə jurnalistlərə açıqlamasında bildirib.
"Bu məsələ ilə hüquqşünaslar məşğul olur", - deyə Meksika lideri qeyd edib.
Mask "X" sosial şəbəkəsindəki şərhində Şeynbaumun "sadəcə öz kartel rəhbərlərinin ona diktə etdiklərini danışdığını" yazmışdı.
Meksikanın Xalisko ştatında təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı ölkənin ən güclü narkokartellərindən biri olan "Xalisko Yeni Nəsil" (CJNG) qruplaşmasının lideri Nemesio Oseqera Servantes ("El Menço") məhv edilib. Onun ölüm xəbərindən sonra Xalisko və daha azı səkkiz ştatda iğtişaşlar başlayıb: kartel üzvləri yolları bağlayır, avtomobilləri yandırır və mağazaları qarət edirlər.