ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə münasibətlərinin "çox yaxşı" olduğunu bildirib.
"Unikal" xəbər verir ki, o bu açıqlamanı Vaşinqtonda ABŞ-ın təşəbbüsü ilə yaradılan Sülh Şurasının ilk iclasında edib.
Amerika lideri Ukraynadakı böhranın həllinin çətinliyini qiymətləndirə bilmədiyini etiraf edib. "Prezident Putinlə çox yaxşı münasibətlərim olduğu üçün bunun asan olacağını düşünürdüm", - deyə Tramp bildirib.
O, həmçinin xüsusi nümayəndəsi Stiven Uitkoffun işini tərifləyib və Putinlə ilk görüşünün təxminən dörd saat davam etdiyini xatırladıb.
"Mən zəng edib dedim ki, "Stiv necədir?". "Cənab, o, hələ də içəridədir" dedilər. Bir saat keçdi. Mən yenə zəng etdim. "Stivə deyin ki, işini bitirəndə mənə zəng etsin - nə baş verdiyini bilmək istəyirəm. Biz bu müharibəyə son qoymaq istəyirik" dedim. "Cənab, o, hələ də içəridədir" dedilər", - deyə Tramp bildirib.
"Onlar həmin ilk görüşdə dörd saat birlikdə vaxt keçirdilər. Onlar istedadlıdırlar və yola gedirlər", - deyə ABŞ prezidenti əlavə edib.